«Avropa TOP-16» turnirinə start verildi

«Avropa TOP-16» turnirinə start verildi

Bu gün Milli Gimnastika Arenasında stolüstü tennis üzrə «Avropa TOP-16» kubokuna start verilib. 18 ölkədən 32 (16 kişi, 16 qadın) idmançının iştirak etdiyi yarışda komandamız iki idmançı ilə təmsil olunur. Kişilərin mübarizəsində ölkəmizi Fərhad İsmayılov, qadınların yarışında isə Məryəm İmanova təmsil edir. Şəxsi xarakter daşıyan yarışlarda artıq püşkatma mərasimi keçirilib.
Fevraln 5-də Milli Gimnastika Arenasında iştirakçılar arasında keçirilən püşkatma mərasimində təmsilçilərimizin qrup mərhələsindəki rəqiblərinin adlarına aydınlıq gəlib. Püşkatma mərasiminə Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi Roman Pleş sədrlik edib. Münsiflər heyəti Avropa Stolüstü Tennis Federasiyasının rəsmi şəxslərindən, yarışların baş hakimindən və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadədən ibarət olub. Püşkatmanın nəticələrinə əsasən təmsilçimiz Fərhad İsmayılov D qrupunda yarışacaq. Onun qrupdakı rəqibləri Robert Qardos (Avstriya), Tiaqo Apolonia (Portuqaliya) və Paul Drinkhall (İngiltərə) olacaq. Təmsilçimiz qrupun ilk oyununu saat 13:00 avstriyalı rəqibi Robert Qardosa qarşı keçirəcək. Günün ikinci yarısında isə Fərhad İsmayılov portuqaliyalı Tiaqo Apolonia ilə qarşılaşacaq. Yığma komandanın üzvü qrupun son oyununda ingiltərəli Paul Drinkhall ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turnirdə həmçinin zərif cinsin nümayəndələrinin də rəqibləri bəlli olub. Ölkəmizi təmsil edən Məryəm İmanova A qrupunda yarışacaq. Püşk təmsilçimizin qarşısına güclü rəqiblər çıxarıb. Belə ki, Məryəm qrup mərhələsində ilk oyununu ötənilki kubokun sahibi avstriyalı Jia Lyuya qarşı keçirəcək. Təmsilçimiz 19:00 almaniyalı Petrissa Soliya ilə qarşılaşacaq. Fevralın 7-də isə tennisçimiz hollandiyalı Jie Li mübarizə aparacaq.

Qeyd edək ki, qrupdaxili yarışlarda ilk iki yerin sahibləri müəyyənləşdikdən sonra yenidən püşkatma mərasimi keçiriləcək.