«Avropa TOP-16» kubokunun açılış mərasimi keçirildi

«Avropa TOP-16» kubokunun açılış mərasimi keçirildi



Dünən Milli Gimnastika Arenasında stolüstü tennis üzrə «Avropa TOP-16» kuboku yarışlarına start verildi. Turnirin rəsmi açılış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və idman naziri Azad Rəhimov, Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer iştirak edirdilər. Yarışda əvvəlcə iştirakçı komandalar meydana dəvət olundular.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə dünyada mühüm idman ölkəsi kimi tanındığını, respublikamızın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini qeyd etdi. «Bu gün ölkəmiz daha bir mötəbər turnirə ev sahibliyi edir. Son illərdə Azərbaycan idmanının inkişafı dünya ölkələrinin də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmiz mötəbər idman yarışlarının keçirildiyi bir məkana çevrilib. Respublikamızda keçirilən dünya, Avropa və beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunur. Məhz buna görə də beynəlxalq idman qurumları belə yarışların vətənimizdə keçirilməsinə razılıq verirlər. İnanıram ki, bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq. «Avropa TOP-16» kuboku kimi mötəbər yarışın ölkəmizdə keçirilməsinə etimad göstərdiklərinə görə Avropa Stolüstü Tennis Birliyinə minnətdarlığımı bildirirəm», deyə Azad Rəhimov qeyd etdi.

Sonra çıxış edən Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer «Avropa TOP-16» kuboku yarışının Azərbaycanda keçirilməsinin mühüm idman hadisə kimi qiymətləndirdi. «Belə bir nüfuzlu yarışın
Azərbaycanda təşkil olunması bizim üçün qürurvericidir. Bu turnir ilk dəfədir ki, «Avropa TOP-16» adı altında təşkil olunur. Yarışın təşkil olunmasında əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan «Avropa TOP-16» turnirinə olduğu kimi, I Avropa Oyunlarına da uğurla ev sahibliyi edəcək», deyə Ronald Kramer bildirdi.
Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev mötəbər yarışın açılışı münasibətilə qonaqları salamlayaraq idmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlardan danışdı: «Son illərdə sürətlə inkişaf edən Azərbaycan dünyada həm də idmanın, Olimpiya Hərəkatının fəal iştirakçısı kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın inkişafı üçün çoxsaylı işlər həyata keçirilir. İdmançılarımız Olimpiya, Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edir, vətənimizə medallarla qayıdırlar. Azərbaycan həm də, mötəbər yarışların keçirildiyi bir məkana çevrilib. Paytaxtımız bu il I Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyik Oyunları kimi mötəbər yarışa ev sahibliyi edəcək. Bu da beynəlxalq idman qurumlarının ölkəmizə göstərdiyi etimaddan irəli gəlir. Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən də stolüstü tennisə maraq böyükdür. Ötən əsrin 50-ci illərində Bakıda ilk dəfə olaraq stolstü tennis bölməsi yaradılıb, sonralar isə Stolüstü Tennis Federasiyası təsis olunub. Hazırda bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir, idmançılarımız beynəlxalq yarışlarda iştirak edirlər. «Avropa TOP-16» kuboku stolüstü tennis üzrə Azərbaycanda keçirilən ilk irimiqyaslı yarışdır. Avropa Stolüstü Tennis Birliyi ilə birgə təşkil etdiyimiz yarışda qitənin ən güclü 16 qadın və 16 kişi idmançısı iştirak edir. Turnirin təşkilində əməyi keçən hər kəsə, xüsusən də Avropa Stolüstü Tennis Birliyinə, Gənclər və İdman Nazirliyinə və Milli Gimnastika Arenasının rəhbərliyinə minnətdarlığımı bildirirəm», - deyə Şahin Mustafayev qeyd etdi.
Daha sonra Sonra üçqat Avropa çempionu, 1984-cü ildə mütləq Avropa çempionu Valentina Popova çıxış edərək qitənin ən güclü stolüstü tennisçilərinin Bakıda bir araya gəlmələrindən məmnun olduğunu bildirdi: «Belə bir turnirin təşkil olunmasına görə Azərbaycan Stolüstü Tennis Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Avropa Stolüstü Tennis Birliyinə minnətdarlığımı bildirirəm. Təqdirəlayiqdir ki, Avropanın ən reytinqli idmançıları doğma Bakı şəhərində yarışırlar. Mən öz idman karyeramı Azərbaycanda başlamış, özümü həmişə bu ölkənin vətəndaşı kimi hiss etmişəm. Azərbaycan idmanın bu növündə zəngin ənənələrə malikdir. İnanıram ki, bu yarış ölkəmizdə stolüstü tennisin inkişafına təkan verəcək», - deyə Valentina Popova bildirdi.
Turnir açıq elan edildikdən sonra tədbir konsert proqramı ilə davam etdi.

Məlumat üçün qeyd edək ki, ölkəmizi bu turnirdə iki idmançı Fərhad İsmayılov və Məryəm İmanova təmsil edir. Qadınlar arasında mübarizənin "A” qrupunda çıxış edən Məryəm İmanova ilk görüşdə hollandiya təmsilçisi Jie Li ilə qarşılaşdı. Təəssüf ki, idmançımız rəqib idmançıya 0:3 (4:11, 2:11 və 4:11) hesabı ilə məğlub oldu.
Qrupda ikinci oyununu rumıniyalı Petrissa Solja ilə keçirən Məryəm İmanova bu dəfə də uğur qazana bilmədi – 0:3 (4:11, 4:11 və 3:11). 
Kişilərin mübarizəsində isə Azərbaycan təmsilçisi Fərhad İsmayılov "D” qrupunda avstriyalı Robert Qardosa 0:3 (4:11, 4:11 və 6:11) hesabı ilə məğlub oldu. Günün ikinci oyununda da Fərhad İsmayılov uğur qazana bilmədi. O, ingiltərəli rəqibi Paul Drinholl ilə görüşdən 0:3 (3:11, 5:11 və 6:11) hesabı ilə məğlub ayrıldı. Təmsilçilərimiz fevralın 7-də qrup mərhələsinin üçüncü görüşünə çıxacaqlar.
Şəxsi xarakter daşıyan yarışlara fevralın 8-də yekun vurulacaq.













Azər