«Avropa TOP-16»da ikinci gün

«Avropa TOP-16»da ikinci gün

Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə «Avropa Top-16» kuboku yarışları davam edir.

Yarışın ikinci günündə də azarkeşlər biri-birindən maraqlı qarşılaşmalar izlədilər. Qitənin 18 ölkəsindən 32 (16 kişi, 16 qadın) tennisçinin iştirak etdiyi turnirdə 2 idmançımız mübarizə aparırdı. Şəxsi xarakter daşıyan turnirdə ölkəmizi kişilərin mübarizəsində Fərhad İsmayılov, qadınların yarışında isə Məryəm İmanova təmsil edirdi. Bu gün keçirilən görüşlərlə ¼ finalçıların adlarına aydınlıq gəldi. Qadınlar arasında mübarizədə ölkəmizi təmsil edən Məryəm İmanova «A» qrupunda sonuncu oyununa çıxdı. Xanım tennisçimiz Avstriya təmsilçisi Jia Liu ilə üz-üzə gəldi. Məryəm İmanova bu qarşılaşmadan 0:3 (6:11, 4:11 və 4:11) hesabı ilə məğlub ayrıldı. Beləliklə, keçirdiyi hər üç görüşdə məğlub olan idmançımız «Avropa TOP-16» turniri ilə vidalaşdı. Kişilərin yarışında «D»  qrupunda çıxış edən Fərhad İsmayılov da eyni aqibətlə üzləşdi. Qrupun son oyununda portuqaliyalı Tiaqo Apoloniya ilə qarşılaşan tennisçimiz 0:3 (5:11, 7:11, 6:11) hesabı ilə məğlub oldu. 

Məlumat üçün qeyd edək ki, dünən keçirilən oyunlarda Məryəm İmanova hollandiya təmsilçisi Jie Li və rumıniyalı Petrissa Soljaya məğlub olmuşdu. Fərhad İsmayılov isə avstriyalı Robert Qardos və ingiltərəli Paul Drinholl ilə görüşdən məğlub ayrılmışdı. Bununla da keçirdikləri hər üç görüşdə uduzan tennisçilərimizin «Avropa TOP-16» macərası başa çatdı. Avropa TOP-16» kubokuna fevralın 8-də yekun vurulacaq. Turnirin rəsmi bağlanış mərasimi sabah saat 21:00-da keçiriləcək.