Stolüstü tennis üzrə ölkə çempionatına yekun vuruldu

Stolüstü tennis üzrə ölkə çempionatına yekun vuruldu

Fevralın 27-də Şüa İdman Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vuruldu.
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər və rayonların yığma komandalarını təmsil edən 50-dən çox tennisçi qüvvəsinin sınadı. Çempionatın keçirilməsində əsas məqsəd perspektivli idmançıları aşkar etmək, yığma komandanın heyətini müəyyən etmək və stolüstü tennis idman növünün kütləviliyini artırmaq idi. Turnirin bağlanış mərasimində çıxış edən federasiyanın baş katibi Səbuhi Mehdizadə yarış iştirakçılarını salamlayaraq ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı. O, ölkə idmanının son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu, digər sahələrdə olduğu kimi idmanda da əsaslı irəliləyişlərin müşahidə olunduğunu qeyd etdi. «İdmana göstərilən dövlət qayğısı atletlərimizin beynəlxalq arenalarda uğurlu çıxışına şərait yaradır və artıq ölkəmiz dünyanın ən nüfuzlu yarışlarının keçirildiyi bir məkana çevrilib. Sevindirici haldır ki, bir sıra beynəlxalq federasiyalar idman tədbirlərinin təşkil olunmasını Azərbaycana həvalə edirlər. Bu da onu göstərir ki, Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi kifayət qədər böyük təcrübəyə və nüfuza malikdir. Buyaxınlarda ölkəmizdə ən reytinqli idmançıların iştirakı ilə keçirilən «Avropa Top-16» kubokunun təşkilati məsələləri həm yerli, həm də əcnəbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Federasiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri yığma komandamızın aprel ayında Çində keçiriləcək dünya çempionatına və iyun ayında paytaxtımızda təşkil olunacaq I Avropa Oyunlarına hazırlığına nail olmaq, idmançılarımızın mötəbər turnirlərdə uğurlu çıxışını təmin etməkdir», - deyə Səbuhi Mehdizadə bildirdi.

Məlumat üçün bildirək ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq təşkil olunan yarışlar şəxsi, komanda, qoşa və qarışıq qoşa formatında keçirildi. Oğlanlar arasında keçirilən komanda yarışlarında «Bakı-I» birinci yerə layiq görüldü. «Sumqayıt-I» və «Bakı-II» komandaları müvafiq olaraq, ikinci, üçüncü yerləri tutdular. Qızların komanda yarışında isə «Sumqayıt-I» fərqləndi. «Bakı-I» ikinci, «Sumqayıt-II» isə üçüncü yerlə kifayətləndi. Oğlanların şəxsi yarışlarında Fərhad İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Xəyal Həşimli ikinci, Cəfər Cəfərzadə isə üçüncü yerə sahib çıxdı. Qızlar arasında keçirilən şəxsi yarışlarda iki çinli idmançı ilk üçlükdə qərarlaşdılar. Denq Simenq I, Bilurə Eminova II, Zou Çuyi isə III yeri tutdu. Qızlar arasında keçirilən qoşa yarışlarda da çinli idmançılar - Denq Simenq və Zou Çuyi qalib gələn tərəf oldular. Məryəm İmanova, Rüfət Quliyeva cütlüyü ikinci, Bilurə Eminova, Dinarə Məmmədova cütlüyü isə üçüncü yerə layiq görüldülər. Oğlanların qoşa yarışında Xəyal Həşimli, Sənan Əliyev cütlüyü birinciliyi əldən vermədi. Nurlan Həsənov, Əliverdi Şahgəldiyev ikinci, Fərhad İsmayılov, Mətin Həsənzadə cütlüyü isə üçüncü yerlə kifayətləndi. Qarışıq qoşa yarışlarında Sənan Əliyev, Denq Simenq cütlüyü bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı. Xəyal Həşimli, Zou Çuyi cütlüyü ikinci, Ramil Cəfərov, Rüfət Quliyeva cütlüyü isə üçüncü yerə sahib çıxdı.
Qaliblər gənclər və idman nazirliyinin və stolüstü tennis federasiyasının diplom və mükafatları ilə təltif olundular.