14 ildən sonra…

14 ildən sonra…



Dünyanın bir nömrəli raketka ustası Serena Uilyams 14 illik fasilədən sonra qayıtdığı "İndian-Uels” turniri ilə bağlı təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Serena Uilyams "İndian-Uels” turnirində 2001-ci ildən bəri çıxış etmirdi. Həmin vaxt azarkeşlər onu və bacısı Vinusu fitə basmışdılar. Azarkeşlərin narazılığına səbəb Vinusun yarımfinalda Serenaya qarşı oynamaqdan imtina etməsi idi. Kiçik Uilyams turnirdə qələbə qazanmışdı və bir daha bu yarışda iştirak etməyəcəyini demişdi.
Dünən 14 illik fasilədən sonra Serena bu turnirdə ilk qarşılaşmasını keçirib və rumıniyalı tennisçi Monika Nikuleskiyə qalib gəlib - 7:5, 7:5. Qarşılaşmadan sonra məşhur tennisçi deyib: "Özümü çox gözəl hiss edirəm. Bütün hiss və həyəcan arxada qalıb. "İndian-Uels”ə bir neçə həftə, hətta bir neçə saat qalmış çox əsəbiləşirdim. Amma indi şadam ki, bunu bacardım. Şübhəsiz, bu, karyeramda ən vacib məqamlardan biri kimi qaiaca. Qələbəmdən qürur duyuram.
Tamaşaçılar məni alqışlayarkən ağladım. Həmin an kortda olmaq mənə inanılmaz dərəcədə xoş idi. Yox, mən bilirdim ki, burda oynamaq istəyirəm, amma həmin ana qədər bu qərarın düzgün olub-olmadığını bilmirdim. Amma həmin anda başa düşdüm ki, düzgün qərar vermişəm”.