Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar

Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar


Aprelin 26-də Çin Xalq Respublikasının Suzou şəhərində stolüstü tennis üzrə dünya çempionatı start götürəcək. 124 ölkədən 600-dən çox idmançının iştirak edəcəyi yarışda Azərbaycan tennisçiləri də yer alıblar. Komandamız baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 5 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında komandamızın heyətində Fərhad İsmayılov, Ramil Cəfərov və Xəyal Həşimli iştirak edəcəklər. Qadınlar arasında keçiriləcək yarışlarda isə Rüfət Quliyeva və Məryəm İmanova mübarizə aparacaqlar.
Stolüstü tennisçilərimiz aprelin 24-də Çinə yola düşəcəklər.
Hazırda yığma komandamızın üzvləri mötəbər idman tədbirinə hazırlıqla bağlı intensiv məşq proseslərində iştirak edir, fiziki texniki və taktiki səviyyələrinin artırılması ilə məşğul olurlar. Dünya çempionatına mayın 3-də yekun vurulacaq.
Məlumat üçün qeyd edək ki, dünya çempionatı ərəfəsində Suzou şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbədənkənar konqresi də keçiriləcək. Aprelin 29-da təşkil olunacaq konqresin gündəliyində prezidentlərin hesabatı, 2015-ci il üçün inkişaf proqramı, beynəlxalq qanunvericiliyin yenilənməsi və digər məsələlər yer alacaq.
Məlumat üçün bildirək ki, konqresdə Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri də iştirak edəcəklər.