Avropa tennis turniri başa çatdı

Avropa tennis turniri başa çatdı

Aprelin 17-də Bakı Tennis Akademiyasında keçirilən "April cup-2015” Avropa tennis turnirinə yekun vurulub. 12 yaşınadək tennsiçilər arasında keçirilən yarışda 10-a yaxın ölkədən 61 (30 oğlan, 31 qız) idmançı mübarizə aparıb. Ölkəmizi yarışda baş məşqçi Yalçın Məmədovun rəhbərliyi altında 6 (4 oğlan, 2 qız) tennisçi təmsil edib. Tennisçilərimizdən Umayra Həşimova üçüncü turda gürcüstanlı raket ustası Dea Qargidzeyə qalib gəlsə də uğurunu davam etdirə bilməyib. Yarışın qalibi adını isə qızların mübarizəsində rusiyalı Vladislava Petrovskaya qazanıb. O, həlledici görüşdə komanda yoldaşı Kristina Volqapkinanı üstələməklə bu titula yiyələnib. Oğlanların yarışında da rusiyalı tennisçi fərqlənib. Final görüşündə gürcüstanlı rəqibini məğlub edən Anton Smokiş turnirin qalibi olub.
Qızlar arasında keçirilən qoşa yarışlarda Vladislava Petrovskaya (Rusiya) və Hanna Vinaradava (Belarus) cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların qoşa yarışlarında Aleksandr Krylov və İqor Kudriaşov (hər ikisi Rusiya) cütlüyü birinciliyi əldən verməyib.