Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

Stolüstü tennis üzrə yığma komandamızın üzvləri aprelin 26 -dan mayın 3-dək Çin Xalq Respublikasının Suçjou vilayətində təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər. Yarışda 100 milli assosiasiyanı təmsil edən 548 (310 kişi, 238 qadın) idmançı mübarizə aparacaq. 5 dəst medal uğrunda (şəxsi kişi, şəxsi qadın, qoşa kişi, qoşa qadın və qarışıq qoşa yarışlar) keçiriləcək yarışlarda Azərbaycan idmançıları da qüvvəsini sınayacaqlar. Komandamızı baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 5 (3 kişi, 2 qadın) idmançı təmsil edəcək.
Tennisçilərimizin rəqibləri aprel ayının 25-də keçiriləcək püşkatma mərasimindən sonra müəyyənləşəcək.
Məlumat üçün qeyd edək ki, Çin-2015 dünya çempionatı stolüstü tennis tarixində ən geniş yayımlanacaq idman tədbiri olacaq.
Belə ki, çempionatı dünyanın mindən artıq kütləvi informasiya vasitələrinin nümayəndələri işıqlandıracaqlar. Bundan başqa 169 ölkənin yaym şirkəti ilə müqavilə imzalanıb. Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) marketinq şöbəsinin nümayəndəsi Stiv Deynton qeyd edib ki, federasiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri kimi stolüstü tennisin dünyada populyarlaşmasına nail olmuşdur. «Mən sevinc hissi ilə qeyd edə bilərəm ki, bu ilki dünya çempionatı indiyədək müqayisə edilməz dərəcədə telekanalların sayına görə fərqlənəcək və yayım keyfiyyəti yüksək olacaq. Belə bir müvəffəqiyyətin əldə edilməsinin əsas səbəbi odur ki , Federasiya bütün tədbir boyu 8 stolda keçən oyunları özünün xüsusi platformasının vasitəsi ilə yayımlayacaq və oyunları birbaşa 5 milyondan artıq adam izləyə biləcək».