Azərbaycan stolüstü tennisinin inkişaf perspektivləri Çində müzakirə olunub

Azərbaycan stolüstü tennisinin inkişaf perspektivləri Çində müzakirə olunub


Çin Xalq Respublikasının Suçjou şəhərində təşkil olumuş stolüstü tennis üzrə 53-cü dünya çempionatına yekun vurulub. Yarışda ölkəmizi 5 idmançı təmsil edib. Yarışlar ərəfəsində Suçjou şəhərində Beynəlxalq Stolüstü Tennis Federasiyasının illik ümumi yığıncağı keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov yığıncaqda iştirak edib. O, Beynəlxalq Ekspo Mərkəzində keçirilmiş Avropa Stolüstü Tennis Birliyinin növbədənkənar konqresində və bir sıra görüşlərdə ölkəmizi təmsil edib. Görüş zamanı Azərbaycanda stolüstü tennisin vəziyyəti, gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.
Fazil Məmmədov Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti Tomas Vaykert, qurumun sədri Adam Şarara ilə görüşlərdə ölkəmizdə stolüstü tennisin kütləviləşməsi, inkişafı və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışın açıq turnir kimi keçirilməsi, yerli məşqçilər və hakimlər üçün sertifikatlaşmış treninq və kursların təşkil edilməsi və digər məsələlər barədə məlumat verib. Almaniya Stolüstü Tennis Federasiyasının prezidenti Maykl Geygera ilə söhbət zamanı Azərbaycan tennisçilərinin gələcəkdə Almaniyada məşq keçməsi və klublarda iştirakı, istedadlı və perspektivli yerli idmançıların Düsseldorf şəhərində yerləşən İdman Akademiyasında təhsil alması imkanları və s. məsələlər geniş müzakirə obyekti olub. Xarici ölkələrdən təcrübəli sparrinq - tərəfdaşların Azərbaycana dəvət edilməsi , ümidverici idmançılarımızın təcrübə mübadiləsi məqsədi ilə stolüstü tennis sahəsində aparıcı xarici ölkələrə göndərilməsi məsələləri də müzakirə edilib.