Stolüstü tennis yarışlarında mübarizə davam edir

Stolüstü tennis yarışlarında mübarizə davam edir



İyunun 15-də Birinci Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə qadın və kişi komandaları arasında final görüşləri keçirilib. Səhər sessiyalarında keçirilən yarışda qadın komandalar mübarizəyə qoşulub.
Qızıl medallar uğrunda həlledici mərhələdə Almaniya tennisçiləri Hollandiya idmançılarını 3:2 hesabı ilə məğlub edərək, birinci Avropa Oyunlarının qalibi adını qazanıblar.
Üçüncü yer uğrunda qarşılaşmada isə Çexiya yığması Ukrayna milli komandasından üstün olub - 3:1.
Qaliblərin mükafatlandırılması mərasimində medalları atletlərə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka və Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer təqdim ediblər.
Axşam sessiyasında kişi komandaların final mərhələsi start götürəcək. Həlledici mərhələdə Fransa və Portuqaliya komandaları qarşılaşacaqlar. Almaniya və Avstriya komandaları isə üçüncülük uğrunda mübarizə aparacaqlar.
Məlumat üçün qeyd edək ki, iyunun 13-də start götürən stolüstü tennis üzrə komanda yarışlarında mübarizə aparan millimiz 1/8 final mərhələsində mübarizəni dayandırıb. Qadınların komanda yarışlarında iştirak edən yığmamız Fransa millisinə 3:0 hesabı ilə məğlub olub. Kişilərdən ibarət komandamız isə polşalı rəqiblərinə müqavimət göstərə bilməyiblər - 3:0.
Məlumat üçün qeyd edək ki, iyunun 16-da stolüstü tennis üzrə şəxsi yarışlara start veriləcək. Bu yarışlarda komandamızı 4 (2 qız, 2 oğlan) təmsil edəcək.