Tennisçilərimiz “Baku Cup-2015” turnirində mübarizəni dayandırdılar

Tennisçilərimiz “Baku Cup-2015” turnirində mübarizəni dayandırdılar


Bakı Tennis Akademiyasında qadınlar arasında "WTA International” seriyalı "Baku Cup-2015” turniri davam edir. Ümumi mükafat fondu 250 min ABŞ dolları olan turnirdə 20-ə yaxın yaxın ölkədən dünyanın ən tanınmış tennisçiləri qüvvəsini sınayır. Ölkəmizi turnirdə Əminə Dik və Züleyxa Səfərova təmsil edirlər.
Təəssüf ki, hər iki təmsilçimiz məğlub olaraq çıxışlarını başa vurublar. Tennisçimizdən Əminə Dik ukraynalı Olqa Yançuka 2:0 (6:2 6:0) hesabı ilə məğlub olub. Komandamızın digər üzvü Züleyxa Səfərova da eyni aqibətlə üzləşib. Ukrayna tennisçisi Oleksandra Koraşvili ilə qarşılaşan təmsilçimiz 2:0 hesabı ilə məğlub olub. Tennisçilərimiz cütlüklərin yarışında da ümidləri doğrultmayıblar. Onlar Rusiya idmançıları Polina Monova və Kseniya Lıkina ilə görüşdə 2:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Turnirin digər qarşılaşmalarında Çin təmsilçisi Zaouxuan Yanq növbəti mərhələyə rəqibi ukraynalı Yuliya Beygelzimerin ikinci raunddan imtinası ilə yüksəlib. Yuliya Beygelzimer ilk seti uduzduqdan sonra ikinci hissədə korta qayıtmaqdan imtina edib. Zaouxuan Yanq 46 dəqiqə ərzində ilk seti aktivinə 6:3 hesabı ilə yazmaqla kifayətlənib. O, növbəti raundda Rusiya təmsilçisi Marqarita Qasparyanla qarşılaşacaq.
Ukrayna təmsilçisi Katerina Bondarenko da ikinci raunda yüksəlib. O, Rusiya idmançısı Valentina İvaxnenkodan üstün olub. Bir saat 24 dəqiqə davam edən görüş K.Bondarenkonun 6:1 və 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci raundda ukraynalı tennisçi turnirin lideri Anastasia Pavlyuçenkova (Rusiya) ilə qarşılaşacaq. "Baku Cup-2015” turnirində mübarizə aparan Vitaliya Dyaçenko da ikinci raunda yüksəlib. Rusiya təmsilçisi rəqibi özbəkistanlı Nigina Abduraimova ilə 1 saat 22 dəqiqə davam edən görüşün yekununda bu hüquqa yiyələnib. V.Dyaçenkonun ikinci raunddakı rəqibi Kirsten Flipkens (Belçika) olacaq. Turnirinin favoritlərindən olan yaponiyalı tennisçi Kurumi Nara ilk raundda məğlubiyyətlə üzləşib. Təsnifat mərhələsindən keçən Olqa Savçuk (Ukrayna) turnirin dördüncüsünü məğlub edərək ikinci raunda yüksəlib. Olqa Savçuk oyun boyu üstünlüyü əldən verməyərək iki setdə qalibiyyəti aktivinə yaza bilib. Bir saat 25 dəqiqə davam edən görüş O.Savçukun 6:3, 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Təsnifat mərhələsini uğurla adlayan rumıniyalı Patrisia Maria Tiq də növbəti qələbəsini əldə edərək ikinci raunda vəsiqə qazanıb. Rumıniyalı tennisçi ilk raundda Olqa İançukdan (Ukrayna) üstün olub. Təsnifat mərhələsindən sonra oynamaq hüququ qazanan iki tennisçinin mübarizəsi 1 saat 17 dəqiqə davam edib və nəticədə Patrisia Tiq 6:4 və 6:2 hesabı ilə qalib gəlib. Hər iki tennisçi servislərində zəif olublar. O.İançuk servisində 7, P.Tiq isə 4 dəfə məğlub olub. Rumıniyalı tennisçi ikinci raundda Olqa Savçuk ilə qarşılaşacaq.
Çexiyalı Kristina Plişkova ilk raundda Çin təmsilçisinə məğlub olaraq mübarizəni dayandırıb. Ju Lin gərgin keçən oyunda geriyə dönüş edərək üç setdə qalib gələ bilib. İki saat 4 dəqiqə davam edən oyun J.Linin 3:6, 7:5 və 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Çin təmsilçisinin növbəti rəqibi Donna Vekiç (Xorvatiya) olacaq. Estoniya təmsilçisi Anett Kontaveit də Bakı turnirinin ikinci raunduna yüksəlib. A.Kontaveit Yaponiya təmsilçisi Misa Equçini 7:5 və 6:2 hesabı ilə məğlub edib.
Cütlüklərin yarışında isə italiyalı Karin Knapp və rusiyalı Yevgeniya Rodina müvafiq olaraq öz rəqiblərini - isveçrəli Ştefani Feqele və Çernaqoriya təmsilçisi Danka Koviniçi məğlub ediblər.
Xorvatiyalı Donna Vekiç, habelə rusiyalı tennisçilər Aleksandra Panova, Marqarita Qasparyan və Anastasiya Pavlyuçenkova 1/4 finalda iştirak etmək hüququ qazanıblar. Anastasiya Pavlyuçenkovanın rəqibi olan ukraynalı Katerina Bondarenko son üç qeymdə qələbədən sonra həkimin tövsiyəsinə əsasən oyunu dayandırmaq qərarına gəlib. Yarışların birinci raundunun nəticələrinə əsasən dörddəbir finalda yarışmaq hüququ Misa Equti (Yaponiya) Patrisia Maria Tiq (Rumıniya) və çinlilər Jaoxuan Yanq, Lin Ju cütlüklərinə qismət olub.
Yarımfinala çıxmaq uğrunda rusiyalı tennisçilər Kseniya Lıkina və Polina Monova Alyona Fomina (Ukrayna) və Katerina Vankova (Çexiya) ilə mübarizə aparıblar. Qarşılaşma Rusiya idmançılarının 6:4 və 6:1 hesablı qələbəsi ilə başa çatıb. Ukraynalı Olqa Savçuk və rusiyalı Vitaliya Dyaçenko da yarımfinala yüksəliblər. Onlar öz rəqibləri Yeva Xridinova (Çexiya) və Yevgeniya Rodinanı (Rusiya) 2:0 hesabı ilə məğlub ediblər. Turnirə avqustun 2-də yekun vurulacaq.
Məlumat üçün qeyd edək ki, "Baku Cup” turnirinin əvvəlki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012), Yelena Svitolina (Ukrayna, 2013-cü və 2014-cü illər) olublar.