“Baku Cup-2015” beynəlxalq tennis turniri yekunlaşdı

“Baku Cup-2015” beynəlxalq tennis turniri yekunlaşdı

Bakı Tennis Akademiyasında keçirilən "WTA İnternational” seriyalı ənənəvi "Baku Cup-2015” beynəlxalq tennis turnirinə yekun vurulub. Ümumi mükafat fondu 250 min ABŞ dolları olan turnirdə 20-yə yaxın yaxın ölkədən dünyanın ən tanınmış tennisçiləri qüvvələrini sınayıblar.
Avqustun 2-də keçirilən fərdi yarışların finalında rusiyalı Marqarita Qasparyan və Rumıniya tennisçisi Patrisiya Mariya Tiq qarşılaşıblar. Gərgin keçən oyunun qalibi üç setdən sonra müəyyənləşib. Rusiyalı raket ustası üçüncü setdə rəqibinə bir oyun belə uduzmayıb. 2 saat 30 dəqiqə davam edən final görüşündə Marqarita Qasparyan 6:3, 5:7, 6:0 hesabı qalib gəlib. Turnirin qalibi kubokla təltif olunub. O, 280 reytinq balı və 43 min ABŞ dolları qazanıb. Digər finalçı rumıniyalı Patrisiya Mariya Tiq isə 180 bal və 21 min 400 ABŞ dolları əldə edib.

Qoşa yarışların final oyununda isə Vitaliya Dyaçenko (Rusiya) və Olqa Savçuk (Ukrayna) cütlüyü Marqarita Qasparyan və Aleksandra Panova (Rusiya) cütlüyü ilə qarşılaşıb. 1 saat 14 dəqiqə davam edən final görüşü Marqarita Qasparyan və Aleksandra Panova cütlüyünün 6:3, 7:5 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Marqarita Qasparyan Bakı turnirində tarix yazıb. Belə ki, 5 il keçirilən ənənəvi turnirdə ilk dəfə bir tennisçi hər iki kateqoriyada əsas mükafata sahib çıxıb. Qalib tennisçilər 280 reytinq balı əldə ediblər. Cütlük kubok və 12 min 300 ABŞ dolları ilə mükafatlandırılıb. Digər finalçılar isə 180 bal və 6 min 400 ABŞ dolları qazanıblar.
Təntənəli bağlanış mərasimində yarışın qalibləri turnirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Yarışın direktoru, vaxtilə məşhur tennisçi olan Leyla Mesxi bağlanış mərasimdə çıxış edərək "Baku Cup-2015” turnirinin beynəlxalq idman təqvimində xüsusi yer tutduğunu və nüfuzunun ildən-ilə yüksəldiyini qeyd edib. O, turnirin keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Turniri Milli Məclisin deputatları, habelə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin əməkdaşları izləyiblər. Məlumat üçün qeyd edək ki, yarışda ölkəmizi iki tennisçi - Əminə Dik və Züleyxa Səfərova təmsil edib. Təəssüf ki, hər iki təmsilçimiz həm şəxsi, həm də cütlüklərin yarışında ilk görüşdə məğlub olaraq mübarizələrini dayandırmışdılar.
Xatırladaq ki, "Baku Cup” turnirinin əvvəlki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012), Yelena Svitolina (Ukrayna, 2013-cü və 2014-cü illər) olublar.