Dünyanın qeyri adi tennis kortları

Dünyanın qeyri adi tennis kortları



Tennis dünyada populyarlıq qazanan idman növlərindəndir və təbii ki, özünün milyonlarla azarkeşi vardır. Raket ustalarının gözəl və baxımlı oyun nümayiş etdirdiyi yarışların keçirildiyi kortlara minlərlə azarkeş yığışır. Bəs görəsən, tennis kortlarının hamısı eyni formadadırmı? Bəzən elə olur ki, tennis yarışları qeyri-adi quruluşa malik və maraqlı kortlarda da keçirilir.
"Olimpiya dünyası” dünyada öz qeyri-adiliyi ilə fərqlənən 6 tennis kortu barədə məlumatı oxuculara təqdim edir.

1. «Bürc əl Ərəb»

Dubayda fəaliyyət göstərən «Bürc əl Ərəb» hoteli bütün dünyada məşhurdur. Maraqlıdır ki, 2005-ci ildə hotelin vertalyot meydançasından tennis kortu kimi istifadə olunub. Məşhur tennisçilər Roje Federer və Andre Aqasi 300 metr hündürlükdə yerləşən həmin kortda yarışıblar. Bəzən qonaqların arzusu ilə vertalyot meydançasından süni ot örtüklü tennis kortu kimi istifadə edilir. Amma bunu arzu edənlərin sayı o qədər də çox deyil. Deyilənlərə görə, dünya şöhrətli Federer və Aqasi buradakı kortda özlərini özlərini rahat hiss etməyiblər.

2. «Holiday İnn Atrium»



Buna bənzər daha bir tennis kortu Sinqapurun 27 mərtəbəli «The Holiday İnn Atrium» hotelinin çardağında yerləşir. Ancaq dördulduzlu hotelin tennis kortu «Bürc-əl-Ərəb» hotelindəki kortdan fərqlənir. Düzdür, hər iki tennis meydançası normal ölçüyə malikdir və ətrafı şüşə divarlardan ibarətdir. Bununla belə, Dubaydakı tennis kortu daha gözəl və rahat hesab olunur.

3. «Underqround Racquets LTD»




Adıçəkilən kort Missuri (ABŞ) ştatının Kartaj adlı kiçik şəhərində yerləşir. Burada cəmi 11 min əhali yaşayır və onların bir qismi tennislə məşğul olur. Bu növə maraq göstərənlər «Underqround Racquets LTD» klubuna ildə 350 dollar ödəyirlər. Klubun kortu qeyri-adi quruluşa malikdir. Bura, «Ulduzların müharibəsi» filminin çəkildiyi povilyona bənzəyir. Giriş hissədə olan 18 metrlik məsafə, sözün əsil mənasında, mağazaya oxşayır. Gözləri qamaşdıran lampaların işıqlandırdığı mağarada 2 tennis meydançası fəaliyyət göstərir.

4. «Xamberstoun»



Çilidə yerləşən «Xamberstoun» kortuna giriş pulludur. Darvazadan içəri daxil olan hər kəs «Maqbet» əsərinin sürətlərini əks etdirən şəkillərlə qarşılaşır. Burada iki tennis kortu yerləşir. «Xamberstoun» klubunda hər zaman sakitlik hökm sürür. Hətta o qədər sakitlik olur ki, tennis topunun havada uçarkən yaratdığı səs belə, eşidilir.

5. Üzən kortlar



Peşəkar Tennisçilər Assosiasiyasının (PTA) təşəbbüsü ilə yaradılan üzən kortlar, daha çox əyləncəli xarakter daşıyır. Assosiasiya 2-3 ildən bir üzən kortlarda yarış təşkil edir. Həmin yarışlara tanınmış tennisçilər dəvət olunurlar. Onu da deyək ki, üzən kortlar dünyada iki yerdə-Qətərdə və Akapulkoda mövcuddur. Qeyd edək ki, 2011-ci ildə Federer və Nadal kimi tanınmış tennisçilər Qətərdəki qeyri-adi meydançada qüvvələrini sınağa çəkiblər. İki məşhur raket ustasının oyunu tennis üzrə dünya çempionatı ərəfəsində keçirilib. Qriqori Dmitrov və Ejeni Buşar isə ötən il Akapulkonun sularında üzən kortda çıxış ediblər.

6. «Aston Court»



Bu dəbdəbəli idman qurğusu ötən əsrin əvvəllərində milyoner Con Cekoba Astoranın sifarişi ilə ABŞ-da inşa edilib. Buranın ümumi sahəsi 200 kvadrat metrdir. Qurğunun tennis kortu gözəlliyi ilə diqqət çəkir. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Bill Blintonun qızı Çelsinin toyu məhz «Astor Court» kortunda olub.


Leyla