Hakimlər üçün keçirilən seminar başa çatıb

Hakimlər üçün keçirilən seminar başa çatıb


Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyi ilə birgə layihəsinə əsasən sentyabrın 21-dən 25-dək Bakıda yerli hakimlər üçün seminar keçirilib.
Seminarın təşkil olunmasında əsas məqsəd yerli idman mütəxəssislərini beynəlxalq stolüstü tennisin yeni qaydaları ilə tanış etmək, onların ixtisaslarını artırmaq və hazırlıq səviyyələrini müəyyən etmək olub. 20-dək hakimin iştirak etdiyi seminara Avropa Stolüstü Tennis Birliyinin təmsilçisi, təcrübəli belçikalı mütəxəssis İsabelle Beumer rəhbərlik edib.
Seminarın bağlanış mərasimində Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə çıxış edib. O, ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini qeyd edərək, tennisin təbliği və inkişafı istiqamətində görülən işlərdən danışıb, yerli hakimlər üçün təşkil edilmiş seminarın əhəmiyyətini diqqətə çatdırıb.
Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi İsabelle Beumer son illər Azərbaycanda tennisin inkişaf etdiyini deyib, təmsil etdiyi qurum adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, bu tədbirin yerli hakimlərin beynəlxalq tennis aləminə inteqrasiya olunmasında xüsusi önəm daşıdığını vurğulayıb.
Seminar iştirakçıları Elnur Hidayətzadə və Sara Sultanova tədbirin yüksək səviyyədə təşkil olunduğunu və hakimlərin lazımi biliklərə yiyələndiyini diqqətə çatdırıblar. Onlar seminar iştirakçıları adından idmanın inkişafı üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.