Son 3 ildə ölkəmizdə cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilir. Usta cüdoçuların mübarizə apardığı bu yarış dünyanın nüfuzlu idman tədbirlərindən sayılır. Belə ki, bu yarış dünya çempionatından sonra Olimpiya oyunlarına yüksək lisenziya xalları verir (müvafiq olaraq, ilk 5 yerə 500, 300, 200 və 100). Gələn ilin may ayında paytaxtımızda növbəti "Böyük dəbilqə” turniri keçiriləcək. Bununla da bağlanmış müqaviləyə əsasən yarışın ölkəmizdə keçirilmə müddəti başa çatacaq.
Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyi beynəlxalq federasiya ilə müqaviləni daha 4 illiyə artırmaq istəyir. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov və millimizin yeni baş məşqçisi Peter Zeyzenbaher oktyabrın 24-28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək gənc cüdoçuların dünya birinciliyində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizirlə danışıq aparacaqlar.
Qeyd edək ki, gələn ilin aprel ayında lisenziya xallarının toplanması müddəti başa çatacaq. Buna görə də Azərbaycan Cüdo Federasiyası gələn ilin may ayında keçirilməsi nəzərdə tutulan "Böyük dəbilqə” yarışının bir ay önə çəkilməsində maraqlı olacaq.