Ümummilli liderin xatirəsi Ağdamda kikboksinq turniri ilə yad edilib

Ümummilli liderin xatirəsi Ağdamda kikboksinq turniri ilə yad edilib


Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kişilər arasında peşəkar kikboksinq turniri keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Turnirin açılışında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Təmsilçilərimiz ən mötəbər yarışlardan vətənə yüksək nailiyyətlərlə dönürlər. Ölkəmiz ən mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizdə digər idman növləri ilə yanaşı, kikboksinq də xüsusi diqqət və qayğı ilə əhatə olunub. Sevindirici haldır ki, bu idman növündə əldə olunan kütləvilik təkcə paytaxtı deyil, regionlarımızı da əhatə edir”, - deyə federasiya prezidenti əlavə edib. Adil Əliyev bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği, bu sahənin daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd edib ki, cəbhə bölgəsində, ucqar bir rayonda bu cür tədbirlərin, yarışların keçirilməsi cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət edir.

Turnirdə 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibinə aydınlıq gəlib. Gərgin mübarizə şəraitində keçən yarışlarda qaliblər müəyyənləşib. İdmançılar arasında Ruslan Musayev, Qiyas Şairmərdanov, İbrahim Məmmədov, Rauf Qarayzadə, Emil Mövsümzadə və Bəybala Quliyev kikboksinqin k-1 və lou-kik versiyasında döyüşərək, qalib adını qazanıblar. Sonra Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman idarələrinin nümayəndələri, yarışın mükafatçıları, məşqçi-müəllim heyəti kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə mükafatlandırılıblar. Yarışları Ağdam rayonunun icra başçısının müavini Zülfi Qasımov, əməkdar idman ustası Eduard Məmmədov, kikboksinq üzrə yeniyetmə və gənclər üzrə yığma komandanın baş məşqçisi Ehram Məcidov, beşqat dünya çempionu Pərviz Abdullayev də izləyiblər.