Ölkə çempionları bəlli oldu

Ölkə çempionları bəlli oldu


Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində temp növləri üzrə ölkə çempionatı keçirilib. Bir gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 80 idmançısı iştirak edib.
Elit kateqoriyada mübarizə aparan kişilərin 4 km məsafəyə komanda ötüşməsi heyəti Məhəmməd Ələkbərov, Kərim Şirəliyev, Cəmşid Qasımov və Musa Mikayılzadədən ibarət "Lokomotiv” klubunun qələbəsilə başa çatıb. Bu növdə 3 km məsafəyə yarışan İxtisaslaşdırılmış Uşaq-gənclər məktəbinin 17 yaşınadək velosipedçiləri Bakir Dadaşov, İvan Orlov, Samir Şıxəlizadə və Rövşən İsmayılov, həmçinin 2 km məsafədə mübarizə aparan 8 saylı İdman Olimpiya məktəbinin üzvləri David Proherkus, Fədail Mahmudov, Emil Əliyev və Ramin Əliyev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xalla qrup ötüşməsində "Lokomotiv” klubunun təmsilçisi Kərim Şirəliyev Elit kateqoriyada bütün rəqiblərini qabaqlayıb. 17 yaşadək velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Bakir Dadaşov hamıdan güclü olub. O həmçinin 2 km məsafəyə fərdi ötüşmədə də rəqiblərindən üstün olub. "Lokomotiv” klubunun digər nümayəndəsi Məhəmməd Ələkbərov isə elit yaş qrupunda fərdi ötüşmələrin qalibi adına layiq görülüb. 15 yaşlılar arasında 8 saylı İdman Olimpiya məktəbindən David Proherkusa çatan olmayıb.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.