Stolüstü tennis üzrə yarışlar keçirilib

Stolüstü tennis üzrə yarışlar keçirilib

"Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara yekun vurulub. Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə keçirilib.
Turnirin bağlanış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini bildirib. O, respublikamızda beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Azərbaycanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini qeyd edib. F.Məmmədov son illər idmanın stolüstü tennisin növünün inkişafı, keçirilən turnirlər, idmançılarımızın qazandığı uğurlar barədə məlumat verib, gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarının iştirakçılarını təbrik edib.
Yarışda Bakının Tennis İdman Məktəbi, "Lokomotiv” İSM, "Neftçi idman klubu” İB, "Təhsil” RİM, "Qarabağ-NN stolüstü tennis idman klubu”, eləcə də Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları mübarizə aparıb. Turnir həm şəxsi, həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
2001-ci il və azyaşlı oğlanlar arasında keçirilən komanda yarışlarında Bakı Tennis Məktəbi 1-ci yerə layiq görülüb. Şabran tennisiləri ikinci, Gəncə komandası isə üçüncü yerə sahib çıxıb. Eyni yaşlı qızların komanda yarışlarında isə Şabran tennisçiləri bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Bakı Tennis Məktəbi ikinci, Şəki tennisçiləri isə üçüncü olublar.
1998-2000- ci illər təvəllüdlü oğlanlar arasında komanda yarışlarında Sumqayıt I, "Təhsil” RİM II, Şirvan isə III yerə layiq görülüb. Bu yaş qrupu üzrə keçirilən qızlar arasında komanda yarışlarında isə "Qarabağ-NN” stolüstü tennis idman klubu” birinci olub. Sumqayıt 2-və Bakı Tennis Məktəbi isə müvafiq olaraq, ikinci, üçüncü yerlərə sahib çıxıblar.
2001-ci il təvəllüdlü və azyaşlı oğlanlar arasında keçirilən şəxsi yarışlarda Kənan Pənahov (Bakı Tennis Məktəbi) ğütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Bakı Tennis Məktəbinin digər təmsilçisi Sadıq Sadiqov ikinci olub. Fəxri Abdullayev ("Lokomotiv” İSM) isə üçüncü yerlə kifayətlənib.
Eyni yaşlı qızların şəxsi yarışlarında Çou Çuyi ("Qarabağ- NN stolüstü tennis idman klubu”) I, Nəzakət Qarayeva (Bakı Tennis Məktəbi) II, Fatimə Məmmədli (7 saylı İOEUG tennis idman məktəbi) III yeri tutub.
1998-2000-ci illər təvəllüdlü oğlanlar arasında şəxsi yarışlarda Yusif Qafarlı (Sumqayıt) bütün rəqiblərindən üstün olub. Nurlan Həsənov (Bakı Tennis Məktəbi) və Vəzir Allahverdiyev (Sumqayıt) isə müvafiq olaraq, ikinci, üçüncü yerə layiq görülüblər.
Bu yaş qrupu üzrə keçirilən qızlar arasında şəxsi yarışlarda Denq Simenq ("Qarabağ - NN stolüstü tennis idman klubu”) turnirin qalibi olub. Sumqayıt məktəbinin tennisçiləri Məryəm İmanova və Nəzrin Əhmədova isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Turnirin qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim olunub.
Mükafatçılar sırasına düşən tennisçilər 2016-cı ilin iyulunda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaq yığma komandanın tərkibinə daxil ediləcəklər.


*     *     *

Noyabrın 10-11-də "Şüa” İdman-Sağlamlıq Kompleksində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyi keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 2004- cü il və daha aşağı yaşlı oğlan və qızlar mübarizə aparıblar. Yarışda Qaradağ rayonu UGİM-in, "Lokomotiv” İSM-in , "Neftçi idman klubu” İB-in, Bakı Tennis Məktəbinin, eləcə də Sumqayıt, Şabran, Şirvan və Şəki şəhərlərinin 50-dən artıq idmançısı qalib adı uğrunda mübarizə aparıb. Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə fiziki-mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Yarışlar şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib. Oğlanlar arasında birinci yerə Emin Məmmədov (Bakı Tennis Məktəbi) layiq görülüb. Bu idman məktəbinin digər yetirməsi Kənan Pənahov ikinci yeri tutub. İlqar Əhmədov ("Neftçi idman klubu” İB) isə üçüncü yerlə kifayətlənib.
Qızların mübarizəsində Zemfira Mikayılova ("Neftçi idman klubu” İB) bütün rəqiblərindən üstün olub. Ləman Abdulhəmidova (Şəki UGİM) və Aytac Qasımova (Qaradağ rayonu UGİM) isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qaliblərə diplom, kubok və qiymətli hədiyyələr, onların çalışdıran məşqçilərinə mükafatlar təqdim olunub. Məlumat üçün qeyd edək ki, yarışda iştirak edən Şabran şəhərinin təmsilçisi, məşqçi Zakir Cavadovun yetirməsi olan 6 yaşlı Şəbnəm Mansurova ən azyaşlı fəal idmançı kimi diploma layiq görülüb.