Fazil Məmmədov: “Stolüstü tennisçilərimiz vətənə medallarla dönürlər”

Fazil Məmmədov: “Stolüstü tennisçilərimiz vətənə medallarla dönürlər”

Ölkəmizdə idman yüksələn xətlə inkişaf edir. Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqları nailiyyətlər bunun sübutudur. Son illər Azərbaycan dünyanın ən nüfuzlu yarışlarının keçirildiyi bir məkana çevrilib. Təsadüfi deyil ki, bir sıra idman qurumları və beynəlxalq federasiyalar idman tədbirlərinin təşkil olunmasını ölkəmizə həvalə edirlər. Bu da onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi böyük nüfuza malikdir.
Ötən il ölkəmizdə fəaliyyət göstərən bir sıra federasiyalar üçün əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Stolüstü Tennis Federasiyası da 2015-ci ili uğurla başa vurdu. Məlumat üçün qeyd edək ki, ötən il ölkəmiz ilk dəfə olaraq bu növ üzrə "2015 NN TABLE TENNIS CLUB ITTF EUROPE TOP -16” turnirinə ev sahibliyi etdi. Bundan başqa, stolüstü tennisçilərimiz iyun ayında Bakıda keçirilən birinci Avropa Oyunlarında da mübarizə apardılar. Buyaxınlarda Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Olimpnews.az saytına müsahibə verdi. O, federasiyanın 2015-ci ildə qazandığı nailiyyətlərdən və bu il görüləcək işlərdən danışdı.

- Fazil müəllim, 2015-ci il stolüstü tennisçilərimiz üçün hansı hadisələrlə yadda qaldı? Bu növdə qazanılan nailiyyətləri qənaətbəxş saymaq olarmı?

- Qeyd etmək istərdim ki, stolüstü tennisçilərimiz vətənə medallarla dönürlər. İdmançılarımız 2015-ci il ərzində beynəlxalq yarışlarda 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Bu baxımdan nəticələrimizi qənaətbəxş saymaq mümkündür. Şübhəsiz ki, hər bir uğurlu çıxışın əsasında gərgin məşq prosesi dayanır. Hazırda tennisçilərimizin məşq etdikləri "Şüa” idman - sağlamlıq kompleksi hər bir şəraitlə tam təmin olunaraq idmançılarımızın istifadəsinə verilib. Burada gündəlik səmərəli təlim-məşq prosesləri təşkil olunur. Gənclərin stolüstü tennisə olan marağını və həvəsini artırmaq üçün federasiya tərəfindən davamlı olaraq silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Stolüstü Tennis Federasiyasının təqvim planında qeyd olunan hər yaş növü üzrə yarışlar, stolüstü tennis üzrə respublika turnirləri, Azərbaycan kuboku yarışı, Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş ölkə birinciliyi, veteranlar arasında Azərbaycan çempionatı, "Federasiya kuboku -TOP-8” yarışları keçirilib. Bundan əlavə, Milli Mətbuat Gününə həsr olunmuş jurnalistlər arasında yarış, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim heyəti arasında turnir təşkil etmişik. Ötən ili yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində islah olunan uşaqlarla yoldaşlıq görüşü də keçirdik. İdmançılarımız ötən il bir sıra mötəbər beynəlxalq yarışlarda da iştirak ediblər. 2015- ci ilin Avropa və dünya çempionatlarında qələbəyə nail olmasaq da, bu yarışlar tennisçilərimizin ustalığının artırılmasında, təcrübələrinin zənginləşməsində önəmli rol oynadı. Məlumat üçün bildirim ki, komandamızın gücləndirilməsi məqsədilə yığmaya ÇXR-dan idmançılar cəlb olunub. Mütəmadi olaraq əcnəbi mütəxəssislərin də qatıldıgı təlim-məşq toplanışları gözlədiyimiz nəticələri verməyə başlayıb. Belə ki, 2015-ci ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən "IV Fəcr kuboku”nda qadınlar arasında qoşa yarışlarda Rüfət Quliyeva və Məryəm İmanova cütlüyü III yerə sahib olublar. 7-11 avqustda İordaniyada yeniyetmələr arasında keçirilmiş açıq çempionatda qızlardan ibarət komandamız iştirak edib. Təmsilçilərimizdən Deng Simeng qızıl, Zhou Cuyi isə gümüş medal qazanıblar. Noyabr ayında Estoniyanın Haapsalu şəhərində gənclər və yeniyetmələr arasında komanda və şəxsi yarışlarda yığma komandamız qızıl medal əldə etdi. Şəxsi yarışlarda isə tennisçimiz Denq Simenq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Digər idmançımız Zhou Çuyi gümüş medal qazandı. Noyabrın 23-28-də Rusiyanın Sankt-Peterburq şəhərində tanınmış tennis ustası Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında şəxsi açıq çempionat keçirildi. Zhou Çuyi burada da bütün rəqiblərinə qalib gələrək final mərhəsinə qədər yüksəldi. Lakin o, ayağından zədə aldığı üçün tam qüvvəsi ilə mübarizə apara bilmədi və gümüş medalla kifayətlənməli oldu. Əlbəttə, bütün bunlar bizi sevindirməyə bilməz. Çünki nəticələrimiz yüksəldikcə ölkəmizin stolüstü tennis üzrə reytinqi də artmağa başladı. Denq Simenq Avropa reytinqində 18 yaşına qədər idmançılar arasında 66-cı, dünya reytinqində 108-ci yerdə qərarlaşıb. Digər idmançımız Zou Çuyi 15 yaşına qədər idmançılar arasında Avropada 16-cı, dünya reytinqində isə 21-ci pillədə yer alıb. 2015-ci ildə dünya reytinqində qadınlardan ibarət yığmamız 86-cı yerdə idi. Hazırda isə 72-ci sırada yerləşib. İnanıram ki, bu hələ başlanğıcdır və yaxın zamanlarda idmançılarımız daha yaxşı nəticələr əldə etməklə reytinq cədvəlində irəliləyəcəklər.

- Ötən il ölkəmizdə stolüstü tennis üzrə Avropa TOP - 16 turniri keçirildi. Həmçinin paytaxtımız birinci Avropa Oyunlarına da ev sahibliyi etdi. Bu yarışlarda Azərbaycan tennisçiləri də mübarizə apardılar...

- Ötən ilin fevral ayında Bakıda ilk dəfə olaraq keçirilən "2015 NN TABLE TENNIS CLUB ITTF EUROPE TOP -16” turniri və iyun ayında təşkil edilmiş ilk Avropa Oyunları bir daha göstərdi ki, Azərbaycan idmanı xeyli inkişaf edib, ölkəmiz çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu yarışlar yüksək səviyyədə təşkil edildiyindən beynəlxalq idman qurumlarının rəhbərləri ölkəmizdə belə yarışların mütəmadi olaraq keçirilməsinə məmnunluqla razılıq verirlər. Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevlə görüşündə yarışların dünya standartlarına uyğun olaraq keçirildiyini, Azərbaycanda idmana böyük diqqət və qayğı göstərildiyini, bunun üçün hər bir şəraitin yaradıldığını, bu möhtəşəm idman tədbirlərinin Azərbaycanda stolüstü tennisin inkişafına müsbət təsir göstərəcəyini qeyd etmişdi. Bildiyiniz kimi, ev sahibi olduğumuz üçün hər iki yarışda bizim tennisçilərin də iştirakı təmin olunmuşdu. Əlbəttə, çox güclü, yüksək titullu Avropa tennisçilərinə qarşı oynamaq çox çətindir. Lakin bu, idmançılarımız üçün təcrübə toplamaq, özlərini sınamaq baxımından çox faydalı oldu.

- Ötən il ölkəmizdə keçirilən yarışlardan əlavə, məşqçilər və hakimlər üçün də seminarlar təşkil olundu. Bu seminarların əhəmiyyəti barədə nə deyərdiniz?

- Bildiyiniz kimi, Azərbaycan Stolüstü Tennis Federasiyasının və Beynəlxalq Stolüstü Tennis Federasiyasının birgə layihəsinə əsasən ötən ilin sentyabr ayında respublika üzrə fəaliyyət göstərən 30 dan artıq məşqçi-müəllimlər üçün sertifikatlaşdırılmış seminar keçirildi. Seminarın təşkilində məqsəd yerli məşqçilərin ixtisasının artırılması idi. Beynəlxalq Stolüstü Tennis Federasiyasının I dərəcəli sertifikatlarını əldə etmək üçün keçirilmiş ilk seminar texniki, taktiki, fiziki və psixoloji aspektləri əhatə edirdi. 20 nəfər ən yaxşı məşqçi gələcəkdə daha yüksək pillə olan II dərəcəli sertifikat almaq imkanı qazandı. Növbəti iki il ərzində isə onlar ən yüksək pillə sayılan III dərəcəyə malik ola biləcəklər. Nəzəri mərhələnin sonuncu günü paralimpiyaçı tennisçilərin təsnifat aspektlərinə, idman tədbirləri zamanı paralimpiyaçıların müşayiət olunmasına, ayrı - ayrı texniki elementlərin öyrənilməsinə həsr edilmişdi. Seminarda video materiallardan da geniş istifadə olunub və məşqçilər praktiki məşğələlərdə də fəal iştirak ediblər. Həmçinin stolüstü tennislə bağlı yeniliklər, azyaşlılarla işləməyin yeni metodlarının yerli mütəxəssislərə öyrədilməsi seminarın əhəmiyyətli cəhətlərindən biri idi. Seminara təcrübəli belaruslu idman mütəxəssisi, 2008-ci ildən Beynəlxalq Stolüstü Tennis Federasiyasının Yüksək İdman Ustalığı Məktəbinin məşqçisi Aleksey Yefremov rəhbərlik etdi.
Sentyabr ayının 21-24-də isə Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyi ilə əldə etdiyi razılığa əsasən Bakı şəhərində hakimlər üçün sertifikatlaşdırılmış seminar keçirildi. Tədbirin keçirilməsində məqsəd yerli mütəxəssislərin ən yeni beynəlxalq stolüstü tennis qaydaları ilə tanışlığı, gələcəkdə beynəlxalq dərəcəli hakim adını almaq üçün imtahanlara hazırlığı olub. 20 - dən artıq hakimin iştirak etdiyi seminara tanınmış belçikalı mütəxəssis, beynəlxalq dərəcəli hakim İzabelle Marie Jeanne Elizabeth rəhbərlik edib və yerli hakimlərə sertifikatlar təqdim olunub.

- Aydın məsələdir ki, peşəkar idmanın əsası uşaq idmanından başlayır. Stolüstü tennisdə uşaqlarla iş necə aparılır? Görülən işlər sizi qane edirmi?

- Şübhəsiz, hər bir idman növünün əsası uşaq idmanından başlayır. Bu gün əsas diqqət kiçik yaşlı uşaqların stolüstü tennisə cəlb edilməsi və onlardan gələcəkdə istedadlı, bacarıqlı tennisçilər kimi, yetişdirilməsinə yönəldilib. Bu məqsədlə təqvim planında azyaşlı idmançılar üçün yarışların sayı artırılıb və onların həm respublikadaxili, həm də beynəlxalq turnirlərdə iştirakı üçün hər bir şərait yaradılıb. Federasiyanın qarşısında duran əsas məqsədlərdən biri stolüstü tennisi geniş təbliğ etmək, onun kütləviliyinə nail olmaq, peşəkar idmançılar yetişdirmək, seçim etmək, həmçinin daha istedadlı və perspektivli tennisçiləri yığma komandaya cəlb etməkdir. Respublika üzrə fəaliyyət göstərən 36 məşqçi-müəllimlə müqavilələr bağlanılıb. Bu mütəxəssislər 6-8 yaşlı uşaqlarla məşğul olurlar. Məşqlərin yüksək səviyyədə keçirilməsi üçün məşqçilər və uşaqlar bütün lazımi idman avadanlıqları ilə tam təmin olunublar. Bakı şəhəri daxil olmaqla, Azərbaycanın 11 rayonunda stolüstü tennis üzrə bölmələr fəaliyyət göstərir. Bu coğrafiyanı genişləndirmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Məşqçilərlə bağlanan müqavilənin əsas məqsədi erkən yaşından uşaqların bu idman növünə cəlb edilməsi və istedadlı tennisçilərin müəyyən edilməsidir. Bir il məşq edən və müəyyən təcrübə qazanan uşaqlar arasında Bakı, Sumqayıt, Salyan və Şəki zonalarında təsnifat turnirləri təşkil olunub. Ümid edirik ki, planlaşdırdığımız tədbirlər öz bəhrəsini verəcək və biz yaxın vaxtlarda gənc, istedadlı və perspektivli idmançıların yetişdirilməsinə müvəffəq olacağıq. Bir sözlə, stolüstü tennisin kütləviliyinə nail olmağa çalışırıq.

- Stolüstü tennisçilərimizi bu il hansı yarışlar gözləyir?

- Gələcəkdə görəcəyimiz işlər çoxdur. Federasiyanın 2016- il üçün təqvim planı hazırlanıb və burada tennisçilərimizin həm ölkədaxili, həm də nüfuzlu beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulub. Bu ilin fevral ayında Malayziyanın Kuala - Lumpur şəhərində komandalararası dünya çempionatı, iyul ayında Xorvatiyanın Zaqreb şəhərində gənclər və yeniyetmələr arasında Avropa birinciliyi təşkil olunacaq. Sentyabr ayında isə Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatı keçiriləcək. Tennisçilərimiz bu mötəbər tədbirlərdə iştirak edəcəklər. Bundan əlavə, ölkə çempionatlarının və birinciliklərinin, digər respublika əhəmiyyətli yarışların keçirilməsi də planlaşdırılır. Stolüstü tennisçilərimiz bu il ölkəmizdə və xaricdə bir sıra təlim - məşq toplanışlarında iştirak edəcək, öz ustalıq səviyyələrini artıracaqlar. Qeyd etmək istərdim ki, biz veteran və əlil idmançılarımızı da unutmuruq və onların sağlamlığının möhkəmləndirilməsi, fəal idman həyatına cəlb edilməsi istiqamətində də tədbirlər həyata keçiririk. Tədbirlər planımız çox genişdir və güman edirəm ki, biz onları həyata keçirməyə nail olacağıq. Mən əminəm ki, planlaşdırdığımız işlərin öhdəsindən gələ bilsək stolüstü tennis Azərbaycanda inkişaf edəcək və ən sevilən idman növlərindən biri olacaq.

- Hər hansı bir idman növünün inkişafında klublar da böyük rol oynayır. Gələcəkdə stolüstü tennis üzrə yeni klubların yaradılması gözlənilirmi?

- 2014-cü ildən Stolüstü Tennis Federasiyasının dəstəyi ilə "Qarabağ NN stolüstü tennis idman klubu” yaradılıb. Gənc olmasına baxmayaraq bu klub Bakıda ilk dəfə keçirilən "2015 NN TABLE TENNIS CLUB ITTF EUROPE TOP -16” turnirinin baş sponsoru oldu. Hazırda kluba kişilərdən və qadınlardan ibarət 7 legioner idmançı cəlb olunub. Qeyd etdiyim fərdi müqavilə üzrə fəaliyyət göstərən məşqçilər ayrı-ayrılıqda kiçik yaşlı uşaqlardan ibarət simvolik klublar yaradıblar ki, bu da gələcəkdə stolüstü tennisin təbliğində, inkişaf etdirilməsində mühüm rol oynayacaq. Azərbaycan klublarının Avropa klub çempionatlarında iştirakı istiqamətində də tərəfimizdən müvafiq tədbirlər həyata keçirilir.

- 2017-ci ildə ölkəmizdə daha bir mötəbər yarış - IV İslam Həmrəylik Oyunları keçiriləcək. Stolüstü tennis üzrə komandamızın bu yarışa hazırlığı necə gedir?

- Federasiyanın və idmançılarımızın qarşısında dayanan əsas vəzifələrdən biri də 2017-ci ilin may ayında ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarında yüksək səviyyədə çıxış etməkdir. Bu yarışlara hazırlığı artıq çoxdan başlamışıq. İdmançılarımız xaricdə və ölkəmizdə təşkil olunan təlim-məşq toplanışlarında, intensiv məşq proseslərində iştirak edir, hazırlıq səviyyələrini artırırlar. İnanıram ki, komandamız bizi gözləyən mötəbər turnirdə ümidimizi doğruldacaq.