Nardaranda məktəblilər arasında idman təbliğ olunur

 Nardaranda məktəblilər arasında idman təbliğ olunur

Azərbaycan Respublikası Təhsil Nazirliyi Stolüstü Tennis Federasiyası ilə birgə Bakı şəhəri Nardaran qəsəbəsində stolüstü tennis idman növünün kütləviliyində və məktəblilərin stolüstü tennisə cəlb olunması məqsədilə tədbir keçiriblər.

Olimpnews.az saytının məlumatına görə, Sabunçu rayonu 130 saylı məktəbdə təşkil olunan tədbirdə Təhsil Respublika İdman Məktəbinin direktoru Natiq Lahıcov, Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov çıxış edərək Nardaran məktəblilərinə asudə vaxtlarını səmərəli keçirmək, sağlam həyat tərzi sürmək üçün idmanla, o cümlədən stolüstü tennislə məşğul olmağı tövsiyə ediblər.

Çıxışlardan sonra stolüstü tennis üzrə yığma komandamızın üzvləri gənclər arasında idmana marağı artırmaq məqsədilə "Master klass”nümayiş etdiriblər.

Federasiya tərəfindən Nardaran məktəblilərinə tennis stolları və digər tennis inventarları hədiyyə edilib.

Qeyd edək ki, Təhsil Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Gənclər İdman Məktəbi tərəfindən Nardaran qəsəbəsində 130 və 295 saylı orta ümumtəhsil məktəblərində məşq prosesləri təşkil edilib. Məşqlər Nardaranda olan məşqçilər tərəfindən həyata keçirilir.