«Qızıl»a gedən yolda idmançılara mane olan nədir: psixoloji hazırlıq yoxsa...? - TƏHLİL

«Qızıl»a gedən yolda idmançılara mane olan nədir: psixoloji hazırlıq yoxsa...? - TƏHLİL
İdmanda yüksək səviyyəli psixoloji hazırlıq qələbənin yarısıdır, desək, yanılmarıq. Bu səbəbdən dünyanın bir çox ölkələrində idmançıların hərtərəfli hazırlığını təmin etmək üçün komandaların heyətlərinə psixoloqlar da cəlb edilir. İdmançının psixoloji zəifliyi üzündən onun yarışlarda uduzmasına dəfələrlə rast gəlinib. Bəs düzgün psixoloji hazırlıq necə həyata keçirilməli və psixoloq çətin anlarda idmançıya necə yardımçı olmalıdır? Bu suala aydınlıq gətirməzdən əvvəl qısaca da olsa, idman psixologiyasının tarixinə nəzər salaq.

Psixoloji elmlərin ən gənc sahəsi olan idman psixologiyası fərdlərin psixoloji fəaliyyətinin qanunauyğunluqlarını öyrənir. İdman psixologiyası anlamına ilk dəfə müasir Olimpiya Oyunlarının yaradıcısı Pyer de Kubertenin məqalələrində rast gəlinib. 1913-cü ildə Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Pyer de Kubertenin təşəbbüsü ilə təşkil edilmiş idman psixologiyası ilə bağlı xüsusi konqresdə bu anlayış rəsmi olaraq öz təsdiqini tapıb. Konqresin keçirilməsi idman psixologiyasının problemlərinin öyrənilməsi üçün yeni stimul idi. Amma həmin vaxt idman psixologiyasının problemləri elmi şəkildə daha dərindən araşdırılmamışdı. II dünya müharibəsindən sonra bu sahə daha intensiv şəkildə inkişaf etdirilir. Bunun əsas səbəbi bütün dünyada idmanın nüfuzunun və atletlərin əldə etdikləri uğurların günü-gündən artması idi.

1965-cı ildə İtaliya İdman Təbabəti Federasiyasının təşəbbüsü ilə Romada İdman Psixologiyası Birliyi (BİPS) yaradılır. 1970-ci ildə BİPS-in "İdman psixologiyasının beynəlxalq jurnalı” adlı rəsmi orqanı çapdan çıxır. Sözügedən təşkilatın aktiv fəaliyyəti analoji regional qurumların da yaradılması ilə nəticələnir. 1967-ci ildə Şimali Amerika İdman Psixologiyası Birliyi, 1969-cu ildə isə Avropa İdman Psixologiyası Assosiasiyası təşkilatları yaradılır. Daha sonra Kanada, Yaponiya, Almaniya, İngiltərə, Fransa, Braziliya və Avstraliyada da belə təşkilatlar fəaliyyət göstərməyə başladı. Qeyd edək ki, idman psixologiyası idmançı xarakterinin müəyyənləşdirilməsi, yarışlara hazırlığın psixoloji əsasları, turnirlərdən əvvəl və sonra atletlərin psixoloji vəziyyətinin tənzimlənməsi, onlarda idman ustalığı keyfiyyətinin formalaşmasını öyrənir. Bu sahə həmçinin idmançıda dözümlülük və iradə kimi keyfiyyətlərin tərbiyə olunmasına xidmət edir.

Yorğunluq, stress və fiziki yüklənmə
 idmançıda psixoloji gərginlik yaradır

İdmançılar daxilən güclü insanlardırlar. Onlar psixoloji cəhətdən güclü olmasalar, rəqiblərinə qalib gələ bilməzlər. Lakin elə neqativ hallar olur ki, bu hallar idmançılara pis təsir edir. Bəzən rəqibindən dəfələrlə güclü olan idmançı döyüşdə uduzur. Bu, həmin atletin keçirdiyi psixoloji sarsıntı ilə əlaqəlidir. Belə vaxtlarda idmançılara psixoloji dəstək olmaq lazımdır. İstər komanda, istərsə də fərdi idman növləri ilə məşğul olan idmançılar psixoloqun nəzarəti altında olmalıdır. Psixoloqlar həm də ünsiyyətdə olduğu idmaçıların problemlərini duymağı bacarmalıdır. Ola bilər, elə bir hadisə baş verib ki, həqiqətən, idmaçının depressiyaya düşməsinə səbəb olub. Bəzən isə o, kiçik problemləri böyüdərək özünü çıxılmaz vəziyyətə salır. Hər iki halda idmaçılar özlərini narahat, gərgin hiss edir və problemlərdən can qurtarmağa çalışırlar.

Təcrübəli mütəxəssislər hesab edirlər ki, psixoloji hazırlıq yarışlara bir müddət qalmış və ya yarışlardan sonra həyata keçirilməlidir. Seansların fayda verməsi üçün komandanın psixoloqu təlim-məşqlərdə idmançılarla birlikdə olmalı, onlarla dost kimi davranmalıdır. O, idmançılarla təkcə məşq və yarışlar barəsində deyil, həmçinin dərs, iş, sevgi, musiqi, kino, teatr və s. barədə söhbətlər etməli, onlarda özünəinam hissi yaratmalıdır. İnsan psixologiyası çox həssas olduğundan psixoloq hər bir idmançıya fərdi yanaşmağı bacarmalıdır. O, idmançının şəxsiyyət kimi formalaşmasında yaxından iştirak etməlidir.

Məlumdur ki, idmançı yarışlara hazırlıq zamanı gün ərzində fiziki və psixoloji yükün altına girir. Məhz bu psixoloji və fizioloji gərginlik yarış ərəfəsində idmançının stress keçirməsi ilə nəticələnir. Bu məqamda idman psixoloqunun əsas işi gərginliyi aradan qaldırmaq, praktiki fəaliyyət vasitəsilə idmançıları qələbəyə kökləməkdən ibarət olmalıdır. Bununla yanaşı, psixoloq idmançılara özünəinam, fədakarlıq, mübarizlik, dözümlülük kimi keyfiyyətləri aşılamalıdır. Uzun müddətli səfərlər, yeni yerlərə adaptasiya ola bilməmə, hakim ədalətsizliyi və s. kimi amillər də idmançının öz imkanlarını üzə çıxara bilməməsi ilə nəticələnə bilər. Buna görə də psixoloqun nitqi emosional, inandırıcı və təsiredici olmaqla yanaşı, idmançıda müsbət hisslər oyatmalıdır.

Bəzən idmançı yarışlara fiziki cəhətdən yüksək səviyyədə hazır olsa da, psixoloji cəhətdən zəif olur. Yorğunluq, stress, fiziki yüklənmə və digər amillər idmançıda psixoloji gərginliyi yaradan amillərdir. İdmanda belə bir ifadə tez-tez işlədilir - "hər şey bir göz qırpımında baş verdi”. Buna görə də bəzən bir söz, pauza, yalnış hərəkət və s. məğlubiyyətə səbəb ola bilər. Mötəbər yarışlara qatılan idmançıların hər birinin fiziki cəhətdən güclü olduğunu nəzərə alsaq, psixoloji məqama daha məsuliyyətlə yanaşmaq lazımdır. Belə vəziyyətlərdə köməyə gələn psixoloq hər bir idmançıya fərdi şəkildə yanaşmalı, onun hansı xasiyyətə malik olmasını müəyyənləşdirməlidir. Elə insan var ki, bütün kənar təsirlərə həssas yanaşır, özünə az güvənir, daha tez özündən çıxır və s. Bəzi insanlar isə əksinə, çox soyuqqanlı olurlar. Psixoloq bütün bunları nəzərə alaraq komandada öz işini qurmalıdır.

Müşahidələr göstərir ki, yarış ərəfəsində və ya yarış zamanı idmançının psixoloji vəziyyətinin qaydasında olması çox mühüm əhəmiyyət kəsb edir. Psixoloqların fikrincə, xüsusilə təkmübarizlik idman növlərində çıxış edən atletlər pozitiv düşünməli, "məğlub ola bilərəm” fikrini özlərindən uzaq tutmalıdırlar. Yəqin ki, dahilərin birinin dediyi "inam qələbənin yarısıdır” sözü heç də təsadüfi işlədilməyib. Bir çox hallarda idmançıların beynəlxalq turnirlərdə qazandıqları nəticə birbaşa psixoloji durumdan asılı olur. Elə Rio-2016 Yay Olimpiya Oyunlarında da belə vəziyyətin şahidi olduq. Düzdür, ümumilikdə Rio-2016 Azərbaycan üçün uğurlu keçdi. Amma bəzi hallarda idmançılarımızın çıxışlarında müəyyən çatışmazlıqlar özünü biruzə verdi. Xüsusilə də, cüdo, boks və güləş idman növlərində.

İdmançı adi bir cərimə xalına görə ruhdan düşə bilər

Tatami ustalarımızdan Rüstəm Orucov və Elmar Qasımov olimpiadanın gümüş mükafatını qazandılar. Müsbət haldır ki, indiyə kimi heç bir Olimpiya Oyunlarında cüdo idman növündə iki gümüş mükafatçımız olmamışdı. Amma, görəsən, kifayət qədər perspektivli idmançılarımızın qızıl medalın bir addımlığında «büdrəmələrinə» səbəb nə oldu? Fəxri kürsünün zirvəsinə gedən yolda onların qarşısını kəsən nə idi? Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Cüdo Federasiyasının yarışların təşkili və keçirilməsi komitəsinin sədri, Əməkdar məşqçi Ağayar Axundzadə ilə görüşdük. Təcrübəli mütəxəssis bildirdi ki, bu halın müxtəlif səbəbi ola bilər: «Məğlubiyyət bir neçə səbəbdən yaranır: fiziki çatışmazlıq, iradənin zəifliyi, taktiki-texniki cəhətdən rəqibdən geri qalmaq və nəhayət, psixoloji baxımdan kifayət qədər hazırlıqlı olmamaq. Əslində, psixoloji vəziyyətin qaydasında olması çox mühüm amildir. Lakin çox vaxt, xüsusilə Olimpiya Oyunları kimi böyük yarışlarda məğlubiyyətin səbəbləri yuxarıda qeyd etdiklərim, o cümlədən yorğunluq və arxayınçılıqla bağlı olur. Olimpiya Oyunlarına lisenziya qazanmaq özü belə asan deyil. Əgər idmançı bunu bacarıbsa, Olimpiya Oyunlarında mübarizəyə hazırdırsa, deməli, psixoloji vəziyyəti qaydasındadır».

Ağayar Axundzadənin fikrincə, yarışın keçirildiyi arenada rəqib azarkeşlərinin çoxluğu da idmançıya mənfi təsir göstərə bilir. «Bəzi hallarda elə olur ki, idmançı adi bir cərimə xalına görə ruhdan düşür və ya tribunalarda rəqibi dəstəkləyən azarkeşlərin çoxluğu onda kompleks yaranmasına səbəb olur. Düşünürəm ki, Rio-2016-da Rüstəm və Elmarın çempion ola bilməməsinin səbəbini təkcə psixoloji zəiflikdə axtarmaq səhv olardı. Sadəcə, onlar tez yoruldular. Bu isə, daha çox fiziki hazırlıqdan və iradədən asılıdır. Buna görə də hər bir idman federasiyasında psixoloqlar olmalı, təmsilçilərimizlə profilakfik söhbətlər aparılmalıdır. Onu da deyim ki, əsl məşqçi həm də özü psixoloq olmalıdır. İdmançının psixologiyasına məşqçidən daha yaxşı heç kim bələd ola bilməz», - deyə təcrübəli məşqçi əlavə etdi.

«Qələbə gedən yolda idmançının psixoloji hazırlığının
 qaydasında olması çox mühümdür»

Aydın məsələdir ki, ölkəmizdə ən çox inkişaf etmiş növlərdən biri də boksdur. Rio Olimpiadasında bu növdə tam heyətlə təmsil olunmağımız təsadüfi deyildi. Lakin əfsuslar olsun ki, 11 dəri əlcək ustamızdan (10 kişi, 1 qadın) cəmi ikisi fəxri kürsüdə yer ala bildi. Maraqlısı ondadır ki, daha çox etimad göstərilən idmançılar vətənə medalsız qayıtdılar. Nisbətən az təcrübəyə malik gənc boksçumuz Kamran Şahsuvarlı üçüncü olmağı bacardı. Təmsilçimiz Lorenso Sotomayor isə gümüş medala sahib çıxdı. Digər boksçularımız ümidləri doğrultmadılar. Halbuki, hamı Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov kimi təcrübəli idmançılarımızdan medal gözləyirdi. Amma gözlənilənlər baş vermədi. Tam heyətdən yalnız iki nəfərin medal qazanması səbəb nə oldu? Yəqin ki, bu suala boks üzrə yığma komandamızın məşqçisi Nəriman Abdullayev aydınlıq gətirə bilər. Məhz buna görə də, təcrübəli mütəxəssisə müraciət etdik. Nəriman müəllim qazanılan nəticələrlə və idmançılarımızın psixoloji hazırlığı ilə bağlı fikirlərini də bizimlə bölüşdü: «Peşəkar idmanda qələbə və ya məğlubiyyətin konkret səbəbini axtarmaq, məncə, düzgün deyil. Ola bilər ki, hələ təcrübə qazanmamış idmançılar fiziki, texniki-taktiki və ya psixoloji cəhətdən tam hazırlıqlı olmurlar. Amma peşəkarlarda bu hal baş vermir. Sadəcə ola bilər ki, idmançı hansısa bir cəhətə görə rəqibdən müəyyən qədər güclü və ya zəif olsun. Elə bu "bir qədər” adlandırdığımız çatışmazlıq da nəticəyə əsaslı təsir edir. Səmimi desək, Rio-2016-da mən Kamran Şahsuvarlıdan nəticə gözləmirdim. Düzdür, onun fiziki hazırlığı tam qaydasındadır. Lakin hələ çox gəncdir, kifayət qədər təcrübəyə malik deyil. Lakin Kamranın özünə inamı, əsl idmançı xarakteri, ancaq qələbə haqqında düşünməsi bürünc mükafatçı olmasına gətirib çıxardı. Təbii ki, bu da çox böyük uğurdur. Hətta mən deyərdim ki, əgər o, çox güclü kubalı idmançı ilə qarşılaşmasa idi, finalçı da ola bilərdi. Çünki Kamran Şahsuvarlı əvvəlcədən özünü qələbəyə hazırlamışdı. Rio-2016-da iştirak edən digər boksçumuz Lorenso Sotomoyor da kifayət qədər hazırlıqlı idmançıdır. Əslində o, çempion olmalı idi. Bunu Lorensonun döyüş üslubu, əzmkarlığı təsdiqlədi. Olimpiya Oyunlarında çıxış edən digər idmançılarımız isə hələ öz üzərlərində çalışmalıdırlar. Düzdür, Məhəmədrəsul Məcidov, Teymur Məmmədov böyük təcrübəyə malik boksçulardır. Hər ikisi bir sıra beynəlxalq yarışlarda uğurlu nəticə göstəriblər. Təəssüf ki, bu boksçularımız Rio Olimpiadasında medalçılar sırasına düşə bilmədilər. Hesab edirəm ki, qələbə gedən yolda idmançının psixoloji hazırlığının qaydasında olması çox mühümdür. Bir şərtlə ki, o, fiziki və texniki-taktiki cəhətdən də hazırlıqlı olsun».

«Məğlubiyyət acısını hamıdan çox idmançının özü yaşayır»

Rio-2016-da güləş idman növündə nəticələr daha yüksək oldu. Belə ki, ümumilikdə 14 pəhləvanımızdan 9-u medal qazandı. Onlardan 3-ü ikinci, 6-sı isə üçüncü yeri tutdu. Amma biz hamımız güləşçilərimizdən qızıl medal gözləyirdik. Komandamızın heyətində yer alan Toğrul Əsgərov, Xetaq Qazyumov, Rövşən Bayramov, Mariya Stadnik kimi güləşçilərimiz xalqımızı qızıl medalla sevindirə bilərdilər. Bu məqamda yenə də eyni sual meydana çıxır: son görüşlərdə qalib gəlmək bu qədər çətindirmi? İdmançılarımız finalda qarşılaşdıqları rəqiblərindən hansı cəhətlərə görə zəif təsir bağışladılar? Məğlubiyyətin səbəblərini yenə də psixoloji vəziyyətdə axtarmalıyıqmı? Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov bu məsələdə idmançının üzərinə daha çox yük düşdüyünü deyir. Güləşçilərimizin Rio Olimpiadasında çıxışlarını təhlil edən vitse-prezident qeyd etdi ki, nəticələr daha yaxşı ola bilərdi: «Rövşən Bayramov güclü və titullu idmançılarımızdandır. Amma Rioda özünü göstərə bilmədi. Pekin-2008 və London-2012 Olimpiadalarının ikincisi olan Rövşəndən qızıl medal gözləyirdik. O, ilk görüşləri uğurla başa çatdırsa da, yaponiyalı idmançı ilə görüşdə arxayınçılıq məğlubiyyətə səbəb oldu. Psixoloji gərginlik Rövşənə bürünc medal uğrunda Norveç idmançısı ilə görüşdə təsir etdi və o, Olimpiadada beşinci yeri tutdu. Bilirsiniz, məğlubiyyət acısını hamıdan çox idmançının özü yaşayır. Çünki gərgin məşqlər edən, uzun müddət evdən, ailədən uzaq qalan idmançı üçün bu, ağır zərbədir. Təəssüflənirəm ki, Olimpiadada iştirak edən beş yunan-Roma güləşçimizdən yalnız ikisi mükafatçılar sırasında yer aldı. Düşünürəm ki, Rio-2016-da medalsız qalan idmançılarım öz səhvləri üzərində çalışacaq və bundan nəticə çıxaracaqlar. İstənilən idmançının çıxışına qiymət vermək olar, amma məğlubiyyətə görə onu gözdən salmaq, «küncə» sıxmaq olmaz. Elə idmançı var ki, məğlubiyyət acısı ilə 5-6 ay mübarizə aparmaq məcburiyyətində qalır. Ətrafdan təzyiqlər olanda isə vəziyyət daha ciddi xarakter alır».

Güləş üzrə Olimpiya çempionumuz Fərid Mansurovun fikrincə, bu istiqamətdə idmançının psixoloji vəziyyətində mətbuatın rolu da xüsusi əhəmiyyət daşıyır. «Olimpiya Oyunları kimi böyük idman yarışlarında idmançılarımıza təsir edən xarici amillərdən biri də KİV-lərdə yer alan yazılardır. Belə ki, bəzən idmançı məğlub olanda bəzi KİV-lər onu qınaq obyektinə çevirirlər. Bu da idmançını ruhdan salır, hətta psixoloji sarsıntıya səbəb olur. Belə hal idmançının növbəti yarışda da oxşar nəticəni təkrarlamasına gətirib çıxarır. Əslində KİV-lər idmançının uğurlarını işıqlandırdıqları kimi, həm də məğlubiyyətin səbəblərini araşdırmalıdırlar. Hesab edirəm ki, hansısa yarışda nəticə göstərə bilməyənləri, hətta üçüncü, ikinci olanları "baltalamaq” lazım deyil. Çünki belə olan halda idmançı "sınır”. Ona görə də düşünürəm ki, hər hansısa görüşün nəticəsinə təsir edən birinci amil əgər idmançının özünün fiziki, texniki-taktika, psixoloji hazırlığıdırsa, ikincisi ona xaricdən göstərilən təsirdir. Bu istiqamətdə KİV-lərin rolunun böyüklüyünü bir daha qeyd etmək istərdim. Rio-2016-dakı nəticələrə gəlincə, qeyd edim ki, finalda mübarizə aparan idmançılarımızdan əksəriyyətinin çempion ola bilməməsini sırf psixoloji hazırlığın yerində olmaması ilə də əlaqələndirmək düzgün deyil. Bununla belə, hesab edirəm ki, səbəblər çoxdur. Bu sırada idmançının psixoloji vəziyyətini, fiziki hazırlığını, o cümlədən ona kənardan olan təsirləri göstərmək olar. Şübhəsiz ki, məşqçilərimiz, psixoloqlarımız Rio-da güləşçilərimizin qarşılaşdıqları vəziyyəti təhlil edərək nəticə çıxaracaqlar. Hamımız birlikdə çalışacağıq ki, Tokio-2020 Olimpiadasına qədər çatışmazlıqları aradan qaldıraq», - deyə Fərid Mansurov əlavə etdi.

«Olimpiya Oyunları ərəfəsində komandanın hazırlıqlarına
 təcrübəli psixoloqlar dəvət olunmalıdırlar»

Psixoloji amillə bağlı məsələdə tək idman mütəxəssislərinin fikirləri ilə kifayətlənmək düzgün olmazdı. Məhz buna görə də BDU-nun sosial elmlər və psixologiya fakültəsinin müəllimi, psixologiya elmləri namizədi Rəşid Cabbarovla həmsöhbət olduq. Rəşid müəllimin dediyinə görə, psixoloji hazırlığı güclü olmayan idmançı heç vaxt istədiyi nəticəni əldə edə bilməz: "İlk növbədə onu deyim ki, istənilən sahədə özünə inanmayan insan heç vaxt istədiyi nəticəni əldə edə bilməz, eləcə də idmançılar. Məsələn, əgər yazıçı roman yazmağa başlayarkən neqativ düşünürsə, həmin romanı vaxtında bitirə bilməyəcək. Unutmayaq ki, hər hansısa bir işə başlayarkən bacardığımız qədər ən maksimum hədəfi görmək və o istiqamətdə irəliləmək lazımdır. Aydın məsələdir ki, idmanda ən yüksək nəticə çempion olmaqdır. Mübarizəyə başlayan idmançı ancaq bunu düşünməlidir. Ola bilsin ki, istədiyi nəticəni əldə etməsin. Amma mütləq ikinci və ya üçüncü olacaq. Çünki o, özünü daxilən çempionluğa hazırlayıb, mən "birinci olacağam” deyib. Deməyim odur ki, hər şeydən əvvəl idmançı özünə arxayın olmalı, məğlubiyyət barədə düşünməməlidir. Bir şeyi mütləq yadda saxlamaq lazımdır ki, bütün fikirlər beyində başlayır və beyində bitir. Əgər hər hansı bir idmançı Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğursuz nəticə göstəribsə, əminliklə deyə bilərəm ki, həmin idmançının psixoloji hazırlığının zəifliyi kifayət qədər rol oynayıb. Yəni demək istəyirəm ki, idmanda qələbənin «açarı» psixoloji hazırlıqla bağlıdır. İdmançı fiziki cəhətdən güclü, texniki cəhətdən hazırlıqlı ola bilər. Amma onun psixoloji vəziyyəti qənaətbəxş deyilsə, mütləq məğlub olacaq. Komandaların məşqçiləri bu cəhəti nəzərə almalıdırlar. Hesab edirəm ki, mötəbər turnirlər, xüsusilə Olimpiya Oyunları ərəfəsində komandanın hazırlıqlarına təcrübəli psixoloqlar da dəvət olunmalıdırlar».

Göründüyü kimi, idman mütəxəssisləri öz fikirlərində psixoloji hazırlığı xüsusi vurğulayırlar. Ümid edirik ki, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşan idmançılarımızın məşqçiləri və psixoloqları bu əhəmiyyətli məsələni diqqətdə saxlayacaqlar.

Rahib Səmədov,
Kənan Novruzov