“Azərikimya”da stolüstü tennis yarışı keçirilib

“Azərikimya”da stolüstü tennis yarışı keçirilib

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya” İstehsalat Birliyində (İB) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə stolüstü tennis üzrə turnir keçirilib.
Turnirdə İB-in idarə və müəssisələri də daxil olmaqla 16 komanda, o cümlədən Sumqayıt Dövlət Universitetinin, Fövqəladə Hallar Nazirliyinin, şəhər polis idarəsinin, Səhiyyə Şöbəsinin, Sumqayıt Texniki Kollecinin, Azərbaycan Müəllimlər İnstitutunun, Sumqayıt Təlim-Tədris Mərkəzinin və digər müəssisələrin idmançıları birincilik uğrunda mübarizə aparıblar. Yarışın şərtlərinə görə, hər komandada üç kişi, iki qadın olmaqla 5 nəfər iştirak edib.
Turnirin açılış mərasimində "Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, idmançılara uğurlar arzulayıb.
Olimpiya sistemi üzrə keçirilən və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda maraqlı və yaddaqalan oyunu ilə diqqəti cəlb edən Sumqayıt Dövlət Universitetinin komandası birinci olub. "Azərikimya” İB-in idarə aparatının, "Kimyalayihə” İnstitutunun və Etilen-Polietilen Zavodunun komandaları, müvafiq olaraq sonrakı yerləri tutublar.
Turnirin sonunda qalib komandaya "Azərikimya” İB-nin kuboku, diplom və qiymətli hədiyyə, digər fəxri yerlərin sahiblərinə isə fəxri fərmanlar və pul mükafatları təqdim edilib.