Bu gün 3 sərbəst güləşçimiz finala yüksəlib

Bu gün 3 sərbəst güləşçimiz finala yüksəlib


Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.

Mayın 20-də 4 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulublar.

61 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hacı Əliyev 1/8 final mərhələsindən start verib. Dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı olan idmançımızın ilk rəqibi Türkmənistan təmsilçisi Saparmurat Muradov olub. Asan qələbə (10:0) qazanan idmançımız növbəti mərhələyə adlayıb. Əliyev 1/4 finalda da çətinlik çəkməyib. O, tacikistanlı Todjiddin Xodjayev üzərində vaxtından əvvəl qələbə (9:0) əldə edərək, yarımfinala yüksəlib. Bu mərhələdə idmançımız Məsud Esmailporjuybari (İran) ilə görüşüb. Əliyev 3 il əvvəlki dünya çempionatının finalında olduğu kimi, yenə rəqibinə heç bir şans verməyib (8:1). Dünya və Avropa çempionumuzun "qızıl" yolunda son rəqibi qırğızıstanlı Alibek Osmonov olacaq.

Murtazali Müslimov (70 kq) 1/4 finalda türkiyəli Zafer Dama ilə üz-üzə gəlib. Müslimov inamlı qələbə (6:0) sayəsində yarımfinalda güləşmək hüququ əldə edib. Murtazalinin final yolundakı son rəqibi Ruslan Sadibakasov olub.Təmsilçimiz rəqibinə 14:3 hesabı ilə qalib gələrək finalda iştirak hüququ əldə edib.

125 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Cəmaləddin Məhəmmədov da finala adını yazdırıb. Yarımfinalda o, İran təmsilçisi Caber Sadeqzadə üzərində 7:3 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə dörd çəki dərəcəsində mübzrizə aparan güləşçilərimizdən 3-ü qızıl medal uğrunda xalça üzərinə çıxacaqlar.

Şərif Şərifov (86 kq) yarımfinalda İran təmsilçisi Həsən Yazdaniçərati ilə qarşılaşıb. Hər iki Olimpiya çempionunun görüşü azarkeşlər tərəfindən böyük maraqla izlənilib. Qarşılaşmada daha inamlı təsir bağışlayan sonuncu Olimpiya Oyunlarının qalibi Həsən Yazdaniçərati görüşü vaxtından əvvəl üstün başa vuraraq adını finala yazdırıb. Şərif Şərifov isə yarışda bürünc medal uğrunda mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, dünən sərbəst güləşçilərimiz 3 – 2 qızıl, 1 gümüş medala sahib olublar.