IV İslam Həmrəyliyi Oyunlarını ən yaxşı işıqlandıran KİV-lər mükafatlandırıldı

IV İslam Həmrəyliyi Oyunlarını ən yaxşı işıqlandıran KİV-lər mükafatlandırıldı
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən "Zəfər günləri” tədbirlərinin işıqlandırılmasında fəal iştirak edən media nümayəndələri, eləcə də könüllülər mükafatlandırılıblar. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri nailiyyətlərdən danşan Çingiz Hüseynzadə bu Oyunların Azərbaycanın idman tarixində böyük iz qoyduğunu deyib: "Atletlərimiz IV İslam Həmrəyliyi Oyunlarında 162 medal qazandılar. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında birinci yeri tutdu. İdmançılarımız 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazandılar. Oyunların uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlhəm Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Oyunlar zamanı biz "Zəfər günləri” layhəsini təşkil etdik. Bu layihə xüsüsilə KİV nümayəndələri üçün xüsusi əhəmiyyət daşıdı. Onlar burada idmançılarla birbaşa təmasda olur və müsahibələr götürürdülər. IV İslam Həmrəyliyi Oyunlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında və idmançılarımızın tanıdılmasında jurnalistlərin zəhməti çox böyük oldu. Mən bu Oyunlarda və "Zəfər günlərin”də zəhməti olan KİV nümayəndələrinə və könüllülərə təşəkkürümü bildirirəm”.

Sonra könüllülərə, media qurumlarına diplomlar, pul mükafatları və MOK-un xüsusi hədiyyələri təqdim edilib.