İdmançılarımız Avropa Yeniyetmələrinin Olimpiya Festivalına yüksək səviyyədə hazırlaşıblar

İdmançılarımız Avropa Yeniyetmələrinin Olimpiya Festivalına yüksək səviyyədə hazırlaşıblar
İyulun 23-29-da Macarıstanın Gyor şəhərində Avropa Yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, 14-cü dəfə keçirilən Festivalda qitənin 3600-ə qədər idmançısı 10 idman növündə (basketbol, velosiped, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə) yarışacaqlar.

Azərbaycan budəfəki Festivalda 41 idmançı ilə mübarizə aparacaq. Yarışları idarə edəcək hakimlər arasında iki təmsilçimiz ədaləti qoruyacaq.

Ötən həftə Milli Olimpiya Komitəsində Avropa Yeniyetmələrinin Olimpiya Festivalına yollanacaq həyətlə görüş keçirilib. Görüşdə yarışlara hazırlıqla bağlı məlumat verilib. Bildirilib ki, budəfəki yarışda Azərbaycan yığma komandasının ayrı-ayrı növlər üzrə üzvləri daha böyük uğurlar qazanmaq əzmindədirlər.

Görüş başa çatdıqdan sonra Avropa Yeniyetmələrinin Olimpiya Festivalına yollanacaq heyətin üzvləri və məşqçilərlə görüşüb, onların fikirlərini öyrəndik.


Vaqif Əliyev: "Bu dəfə təkcə cüdoçularımızın uğurları ilə
kifayətlənməyəcəyik”

Bildiyiniz kimi, bu dəfəki festival Macarıstanın Gyor şəhərində təşkil olunur. Sayca 14-cü dəfə keçirilən yarış həm də yubiley yarışı hesab olunur. Bu Festivala hazırlıq yüksək səviyyədə aparılıb. Azərbaycan Avropa Yeniyetmələrinin Olimpiya Festivalına 65 nəfərlik heyətlə yollanacaq. Heyətdə 41 idmançı, 15 məşqçi, 2 hakim və digər rəsmilər yer alıblar.

Hesab edirik ki, yeniyetmələrin Avropa Olimpiya Festivalında bu dəfə də medallarla vətənə qayıdacağıq. Çünki Azərbaycan idmançıları hər dəfə anoloji yarışlarda öz sözlərini deyiblər. Nümayəndə heyətinin rəhbəri kimi deyə bilərəm ki, bu dəfə təkcə cüdoçularımızın uğurları ilə kifayətlənməyəcəyik. Digər növlərdə də təmsilçilərimizin medal əldə edəcəyi gözlənilir. Lakin bu barədə əvvəlcədən proqnoz vermək çox çətindir. Azərbaycan milli komandasının heyətində ən yaxış idmançılar yer alıblar. Onların hər birindən medal gözləmək olar. Amma bu idmandır. İdmanda isə gözlənilməz nəticələr yetərincədir.

"Çalışacağıq ki, ənənəni uğurla davam etdirək”

Ramiz Ramizzadə (Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi):
- Macarıstanda keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalı bizim idmançılarımız üçün böyük sınaq olacaq. Gyorda keçiriləcək yarışda ən yaxşı idmançılarımız öz qüvvələrini sınayacaqlar. Bildiyiniz kimi, bu yaxınlarda Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulmuşdu.
42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olundu. Yığmamız yarışda 1 qızıl, 3 gümüş və 1 bürüc medala yiyələndi. Belə ki, qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib oldu. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazandılar. Davud Abaslı (60 kq) isə birinciliyi bürünc medalla başa vurmuşdu.

Biz Kaunasda keçirilən Avropa birinciliyində ümidləri doğruldan idmançılara Macarıstanda da güvənəcəyik. İnanırıq ki, bu mötəbər idman tədbirində də öz bacarıqlarını layiqincə nümayiş etdirəcəklər. Avropa Yeniyetmələrinin Olimpiya Festivalarının tarixinə nəzər salanda görürük ki, həmin tədbirdə Azərbaycan cüdoçuları əsas medallara sahib çıxıblar. Bu bizim üzərimizə böyük məsuliyyət qoyur. Çalışacağıq ki, ənənəni uğurla davam etdirək.

"Avropa Yeniyetmələrinin
Olimpiya Festivalı gərgin mübarizə ilə yadda qalır”

Emin İsgəndərov (Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi):
- Cüdo üzrə yığmamız yüksək hazırlıqlı idmançılardan formalaşıb. Hər bir idmançı medal qazanmaq əzmindədir. Avropa Yeniyetmələrinin Olimpiya Festivalı hər zaman gərgin mübarizə ilə yadda qalır. Burada çıxış edən hər bir yeniyetmə gələcəyin potensial Olimpiya çempionu olmağa namizəddir. Kim bilir, bəlkə də festival onlar üçün bir tramplin olacaq. Bu gün cüdo ölkəmizdə uğurları ilə seçilən idman növləri sırasındadır. Macarıstanda yığma komandamızın cüdoçularından yüksək əyarlı medallar gözləyirik.

"Heyifslənsəm də, bu hələ son deyil”

Vüsal İbrahimov (idmançı):
- Mən çox şadam ki, Avropa Olimpiya Festivalına yollanacaq heyətdə yer almışam. Bundan əvvəl Kaunasda yeniyetmələr arasında Avropa birinciliyində çıxış etdim. Finala qədər uğurla irəlilədim. Amma qızıl medala sahib ola bilmədim. Buna görə də heyfislənsəm də, bu hələ son deyil. Hesab edirəm ki, festivalda həmin uğurumu yaxşılaşdırıb, qızıl medal əldə edəcəyəm.

"Bu məğlubiyyətin əvəzini mütləq çıxacağam”

Qnyaz Mahmudlu (idmançı):
- Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl yeniyetmələr arasında Avropa birinciliyi keçirlirdi. Mən də həmin yarışda iştirak edirdim. Millimiz komandamız həmin yarışda yüksək çıxış etdi. Əldə olunan gümüş medallardan biri də mənim payıma düşdü. Finalda qızıl medal da əldə etmək də olardı. Amma bir qədər tələsib, təşəbbüsü əldən verdim. Amma festivalda buna ciddi fikir verəcəyəm. Ola bilsin ki, Avropa birinciliyinin finalındakı rəqibimlə yenidən üz-üzə gəlim. Bu məğlubiyyətin əvəzini mütləq çıxacağam. İstəyirəm ki, vətənə qızıl medalla qayıdım.

"Festival mənim də həyatımda böyük əhəmiyyət kəsb edir”

Ayxan Tanrıverdiyev (idmançı):
- Festival hər bir idmançı kimi mənimdə həyatımıda böyük əhəmiyyət kəsb edir. Burada Avropanın ən yaxşıları iştirak edirlər. Hesab edirəm ki, mən də həmin yarışlarda mükafatçılar sırasında yer alacağam. Karyeram ərzində bir sıra yarışlarda iştirak etmişəm. Nailiyyətlərim imkan verir ki, festivalda çempion adını qazanım. Bundan əvvəl, İspaniyada yaşıdlarım arasında birinci yeri tutmuşam. Çexiyada və Litvada isə yarışların gümüş medalına yiyələnmişəm. Macarıstanda isə çalışacağam ki, Avropa Yeniyetmələrinin Olimpiya Festivalının çempionu adını qazanım.

"Festivalda da çalışacağam ki, qızıl medal əldə edim”

Vüsalə Kərimova (idmançı):
- Bu yarışa yüksək səviyyədə hazırlaşmışam. Çalışacağam ki, əvvəlki nəticələrimi festivalda da davam etdirim. Mən bundan əvvəldə məşqçilərimin ümidlərini doğrultmuşam. İspaniyada və Çexiyada keçirilən kubok yarışlarında birinci yeri tutmuşam. Litvada da eyni nəticəyə layiq görüldüm. Festivalda da çalışağacam ki, qızıl medal əldə edim.

"Atletika üzrə yığma komandamız Festivalda mükafatsız qalmayacaq”

Nazim İsrafilov (atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi):
Biz bu festivala 10 idmançı ilə yollanacağıq. Onlardan 3-ü oğlan, 7-si qız idmançıdır. Bir məşqçi kimi, deyə bilərəm ki, bu festivalda daha çox qızlardan medal gözləyirik. Yelena Fextiyevanın həmin yarışda medal qazanacağına daha çox ümid edirik. Digər idmançılarımız da müxtəlif növlərdə medal qazanmaq əzmindədirlər. Amma idmanda çox vaxt proqnozlar özünü doğrultmur. Ola bilsin ki, medal gözləmədiyimiz idmançı yarışlada mükafatçılar sırasında yer alsın. Amma hesab edirəm ki, atletika üzrə yığma komandamız Avropa Yeniyetmələrinin Olimpiya Festivalında mükafatsız qalmayacaq.
Anar Əhmədov