Macarıstanın Gyor şəhərinin "ETO-Park” stadionunda Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib.
Olimpnews.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, mərasim Macarıstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkənin mahnı və rəqs qrupları, həmçinin estrada ulduzlarının iştirakı ilə bədii hissə təşkil olunub. Sonra XIV Yay Olimpiya Festivalının iştirakçıları stadiona dəvət edilib. Açılış mərasimi atəşfəşanlıqla başa çatıb. Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalında qitənin 3600-ə qədər idmançısı 10 idman növündə (basketbol, velosiped, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə) yarışacaq. İdmançılarımız cüdo, atletika, velosiped, tennis yarışlarında mübarizə aparacaqlar. Azərbaycan Avropa Yeniyetmələrinin Olimpiya Festivalına 65 nəfərlik heyətlə yollanıb. Heyətdə 41 idmançı, 15 məşqçi, 2 hakim və digər rəsmilər yer alıblar.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalları (AYOF) Olimpiya Hərəkatında xüsusi yer tutur. Festivalın təşkilində məqsəd Olimpiya Hərəkatının daha da genişləndirilməsi və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsidir. Yeniyetmələrin bu yarışlarda iştirakı onların böyük idmanda təcrübələrinin artmasına, gələcəkdə Olimpiya Oyunlarında çıxış etmələrinə əlverişli zəmin yaradır. Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında Avropa qitəsindən olan minlərlə yeniyetmə idmançı güc və bacarığını nümayiş etdirir. Avropa Yeniyetmələrinin Olimpiya Festivalı yalnız atletlərin fiziki sağlamlıqları üçün deyil, həm də mənəvi cəhətdən kamilləşməsində əvəzsiz rol oynayır. Başqa sözlə desək, Olimpiya festivalları qitədə yalnız idmanın inkişafı, istedadlı idmançıların aşkar edilməsi və onların Olimpiya Oyunlarına hazırlıq işini təmin etmir, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı anlaşma və dostluq əlaqələrinin inkişafına töhfə verir, insanların bədən tərbiyəsi və idmana kütləvi cəlb edilməsinə xidmət edir.



1990-cı ildə AOK tərəfindən təsis edilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalı müasir dövrdə əhəmiyyətli idman tədbirlərindən biridir. Bu tədbir qitədə yeniyetmələr arasında müxtəlif idman növləri üzrə yarışların keçirilməsində böyük əhəmiyyət daşıyır. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Jak Roqq hələ Avropa Olimpiya Komitəsinin prezidenti olarkən, dünyada Olimpiya Hərəkatını daha da genişləndirmək, yeniyetmələri idmana kütləvi surətdə cəlb etmək məqsədilə Avropa Yeniyetmələrinin Olimpiya Günlərini keçirmək təşəbbüsü ilə çıxış etmişdi. Yeniyetmələrin ilk Olimpiya Günləri 1991-ci il iyulun 18-dən 20-dək Brüsseldə keçirilib. 1993-cü ildən başlayaraq həm yay həm də qış idman növləri üzrə hər iki ildən bir keçirilən bu oyunların adı 2001-ci ildə dəyişdirilərək Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (AYOF) adlandırılıb. Festivalda Avropanın 50 ölkəsindən gələn yeniyetmə idmançılar iştirak edir.


Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Atletlərimiz indiyədək iştirak etdiyi festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo və atletika idman növlərində əldə olunub. Azərbaycanın yeniyetmə idmançıları bugünədək keçirilmiş Avropa Yenyetmələrinin 13 Olimpiya Festivalından 10-unda iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-i isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.
Məlumat üçün bildirək ki, Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalı 2019-ci ildə Bakıda keçiriləcək. Festivalda Avropanın 50 ölkəsindən 4 000-dək atletin iştirakı gözlənilir. Bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) müvəqqəti prezidenti Yanes Kosyançiç Bakıda səfərdə olarkən deyib.
Fotolar:
Murad Fərzəliyev