Stolüstü tennisçilərimizin uğurlu çıxışı Azərbaycanda idmanın bu növünün inkişafının göstəricisidir

Stolüstü tennisçilərimizin uğurlu çıxışı Azərbaycanda idmanın bu növünün inkişafının göstəricisidir

Gənclər və İdman Nazirliyinin yaradılmasının 23 illiyi və Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında stolüstü tennisçilərimizin uğurlu çıxışına həsr olunan mətbuat konfransı keçirilib.

Olimpnews.az saytının məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov əlamətdar gün və böyük uğur münasibətilə təbriklərini çatdıraraq deyib: "1994-cü il iyulun 26-da ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərimizin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin idmançılara göstərdikləri diqqət və qayğı nəticəsində atletlərimiz mötəbər beynəlxalq yarışlarda mühüm uğurlar əldə edirlər. Ölkəmizdə ən müasir idman kompleksləri tikilir, müasir idman avadanlığı ilə təchiz olunur, maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bunun da nəticəsində ölkəmiz ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir”.

Azərbaycanın stolüstü tennisçilərinin Portuqaliyada keçirilən turnirdə qazandıqları uğurun ölkə idmanının inkişafının təzahürü olduğunu vurğulayan nazir müavini qeyd edib: "Portuqaliyada gənclər arasında Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışı üç medalla başa vurublar. Şəxsi yarışlarda fəxri kürsünün ən yüksək pilləsində təmsil olunduq. İdmançılarımız qoşa yarışlarda gümüş, komanda yarışlarında isə bürünc medala sahib oldular. Həmin nailiyyətlər bu idman növünün ölkəmizdə inkişafda olduğundan xəbər verir. İdmançılarımız isə onlara bəslənən etimadı doğruldublar. Onların hər birinə təşəkkür edir, uğurlar arzulayıram. Ümid edirəm ki, gələcəkdə həmin idman növü üzrə Olimpiadaya lisenziya qazanılacaq və beynəlxalq səviyyəli yarışdan medallar əldə olunacaq”.

Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək dövlətimizin başçısının idmana qayğısından, federasiyanın gördüyü işlərdən bəhs edib. F.Məmmədov Portuqaliyada keçirilən Avropa çempionatında stolüstü tennisçilərimizin uğurlu çıxışlarından danışıb, nailiyyətlərin ildən-ilə daha böyük olduğunu bildirib. O, qarşıda duran əsas vəzifənin idmanın bu növü üzrə kütləviliyin artırılması olduğunu vurğulayıb.

Sonra stolüstü tennis üzrə milli komandanın baş məşqçisi Mixail Timofeyev gənc qızların qazandıqları qələbədən bəhs edib, göstərilən dəstəyə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonda jurnalistlərin sualları cavablandırılıb.