
Macarıstan estafeti Azərbaycana ötürdü
Macarıstanın Gyor şəhərinin ev sahibliyi etdiyi Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalı başa çatıb. Olimpnews.az saytının məlumatına görə, bağlanış mərasimində Gyor şəhərinin meri, Olimpiya çempionu Zsolt Borkay çıxış edərək deyib: "Biz bu günlər ərzində çalışdıq ki, Avropanın ən güclü yeniyetmələri bizimlə birgə və mehriban olsunlar. Gyor sizi qəbul etməkdən çox məmnun oldu. İllər keçəcək, amma burada yaşadığınız xatirələr sizi tərk etməyəcək. Mən inanıram ki, öz vətəninizdə bizim şəhərdən, bizim qonaqpərvərliyimizdən ağızdolusu danışacaqsınız”.
Avropa Olimpiya Komitəsinin üzvü Aleksandr Kozlovski yarışların uğurla başa çatdığını deyib: "Avropa, Macarıstan və Gyor sizinlə fəxr edir. Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalı dostluq, səmimi münasibətlər çərçivəsində başa çatdı. Burada mübarizə aparan hər bir yeniyetmə idmançıya gələcək idman həyatında uğurları arzulayıram. Əminəm ki, burada yaşadığınız anlar sizin yaddaşınızdan heç vaxt silinməyəcək. Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalı Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. İnanırıq ki, beynəlxalq turnirləri yüksək səviyyədə təşkil edən Bakı Olimpiya Festivalını da özünəməxsus şəkildə keçirəcək. Bakıda görüşənədək!”


Mərasimdə Avropa Olimpiya Komitəsinin bayrağı Azərbaycana təqdim edilib.
Avropa Olimpiya Komitəsinin bayrağını Aleksandr Kozlovskidən təhvil alan Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu cür yarışların keçirilməsi yeniyetmə idmançıların mübarizlik əzmini artırır. "Siz bilirsiniz ki, son dövrlərdə Azərbaycan bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Məhz ilk dəfə olaraq Avropa Oyunları Bakıda keçirilib. Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalında mübarizə aparan idmançılar 2019-cu ildə Bakıda toplaşacaqlar. Bakı sizi səmimi şəkildə qarşılamağa hər zaman hazırdır”, - deyə Çingiz Hüseynzadə əlavə edib.





Qeyd edək ki, Festivalda qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Yeniyetmə idmançıları 10 idman növündə (basketbol, velosiped, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə ) yarışıblar. Rusiya yığması 30 qızıl, 19 gümüş və 12 bürünc medalla ümumi komanda hesabında birinci yeri tutub. 14 qızıl, 11 gümüş, 13 bürünc medal əldə edən İtaliya millisi ikinci olub. Ev sahibləri isə Festivalda 13 qızıl, 14 gümüş və 14 bürünc medala yiyələniblər. Azərbaycan komandası Festivalda mübarizə aparan 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə yarışlara qoşulan yığmamız iki medal əldə edib. Millimizin heyətində yer alan idmançılardan yalnız cüdoçular fərqləniblər. 40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.
Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo və atletika idman növlərində əldə olunub. Azərbaycanın yeniyetmə idmançıları buna qədər keçirilmiş Avropa Yenyetmələrinin 13 Olimpiya Festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-i isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.
Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalının bağlanış mərasimindən öncə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya kəndinə gedərək Azərbaycan idmançıları ilə görüşüb, onların problemləri ilə maraqlanıb, qazanılan uğurlardan söhbət açıb.
Məlumat üçün bildirək ki, 2019-cu ildə keçiriləcək Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalına Bakı ev sahibliyi edəcək. Festivalda Avropanın 50 ölkəsindən 4000-dək atletin iştirakı gözlənilir.




