
Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 25 il ötür. Ötən müddət ərzində qazanılan uğurlarda, əldə olunan nailiyyətlərdə təbii ki, idmançılarımızın da böyük əməyi vardır. "Olimpiya dünyası” qəzeti Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibəti ilə Olimpiya çempionlarımızın fikirlərini oxuculara təqdim edir.
"Yığma komandamız Olimpiya Oyunlarında
ölkəmizi layiqincə təmsil edir”
Rəfiqə Şabanova,Monreal-1976 Yay Olimpiya Oyunlarının çempionu:
- Ötən 25 il ərzində Olimpiya Hərəkatı, Olimpiya idealları respublikamızda geniş şəkildə təbliğ olunub. Biz çox sevinirik ki, Azərbaycanın olimpiyaçılardan ibarət yığma komandası bu dünyanın mötəbər idman tədbiri olan Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. İdmançılarımız hər olimpiadadan sonra nailiyyətlərini bir qədər də yaxşılaşdırır və ölkəmizə daha çox medallar qazandırırlar. I Avropa Oyunlarında, Rio-2016 Olimpiadasında, IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə sanki bir töhfə idi. Qazanılan uğurlar, təbii ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində olimpiyaçılarımızın Azərbaycan idmanına verdiyi töhfələrdir. Çalışacağıq ki, idman qüdrətimizi bundan sonra da bütün dünyaya nümayiş etdirək. Bütün Azərbaycan xalqını bu yubiley münasibəti ilə təbrik edir və xalqımıza uğurlar arzulayıram.
"Ölkədə idman və Olimpiya Hərəkatı özünün
yüksək inkişaf yoluna qədəm qoyub”
Lyudmila Şubina,Monreal-1976 Yay Olimpiya Oyunlarının çempionu:
- Yarandığı gündən etibarən beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus iz qoymağı bacaran Milli Olimpiya Komitəsi mürəkkəb və şərəfli bir yol keçib. Ötən müddət ərzində ölkədə idman və Olimpiya Hərəkatı özünün yüksək inkişaf yoluna qədəm qoyub, idman səlnaməsinə qızıl hərflərlə yazılan nailiyyətlər əldə edilib. İdman və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır və yüksək səviyyəli beynəlxalq yarışlara uğurla ev sahibliyi edir.
İdmançılarımızın yüksək səviyyəli beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər hər birimizi sevindirir. İnanırıq ki, atletlərimiz bundan sonra da uğurlar qazanaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar.
"Ölkəmizdə idman böyük uğurla inkişaf edir”
Nazim Hüseynov,Barselona-1992 Yay Olimpiya Oyunlarının çempionu:
- Azərbaycan müstəqillik qazandığı ildə, yəni 1992-ci ildə ölkə idmanı üçün çox mühüm bir addım atıldı. Ölkənin idman və Olimpiya Hərəkatının ali və rəhbər orqanı olan Milli Olimpiya Komitəsinin yaradılması zamanın tələbi idi. Artıq həmin vaxtdan 25 il ötür. Bu illər ərzində Azərbaycanın idmanın inkişafı və təbliği istiqamətində əsaslı işlər görülüb. Ölkəmizdə idman böyük uğurla inkişaf edir. Əlbəttə, bu, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Qazanılan uğurlar bizi sevindirməyə bilməz. Mən müstəqil Azərbaycanın ilk Olimpiya çempionuyam və bununla fəxr edirəm. Milli Olimpiya Komitəsinin yubileyi münasibətilə hamını təbrik edir, idmançılarımıza yeni-yeni nailiyyətlər arzulayıram.
"Ölkə başçısı olimpiyaçılara və idmançılarımıza
hər zaman dəstək olub”
Namiq Abdullayev,Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu:
- Milli Olimpiya Komitəsinin 20 illik yubileyi əlamətdar hadisələrdən biridir. Bu mötəbər idman bayramı ölkəmizdə böyük təntənə ilə qeyd olundu. 25 il ərzində Milli Olimpiya Komitəsi dünya və ölkə Olimpiya Hərəkatına, olimpizmə və Olimpiya ideallarına layiqli töhfələr verib. Yola saldığımız bu müddət ərzində, bir çox sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətlərin memarı isə, sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir. Ölkə başçısı olimpiyaçılara və idmançılarımıza hər zaman dəstək olub. Bu diqqət və qayğı hər zaman hiss edilir. İdmançılarımız da bu etimadı doğruldaraq respublikamızı beynəlxalq arenalarda layiqincə təmsil edirlər. Ötən il idmançılarımız Rio-2016 Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək 18 medal qazandılar. Sevindirici haldır ki, bu medallardan 9-u güləşçilərimizin payına düşür. Bu nəticə ölkəmizdə güləşə xüsusi diqqət və qayğıdan xəbər verir. Bir daha Milli Olimpiya Komitəsinin 25 illik yubileyini təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayıram.
"Ölkəmizdə idman və Olimpiya Hərəkatı
kütləvi xarakter alıb”
Fərid Mansurov,Afina-2004 Yay Olimpiya Oyunlarının çempionu:
- Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı geniş vüsət almışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, müstəqilliyinin 27 ilini qeyd edən gənc bir dövlətin idman sahəsində də əldə etdiyi nailiyyətlər yüksək səviyyədədir. Artıq elə bir mötəbər yarış yoxdur ki, idmançılarımız orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar gətirməsinlər. Təbii ki, bütün bunlar Azərbaycanda idmana dövlətin göstərdiyi hərtərəfli qayğı sayəsində mümkün olmuşdur. Azərbaycanda Olimpiya Hərəkatı artıq ənənəvi bir şəkil alıb. Ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi də onun dünya dövlətləri arasında nüfuzunun artmasının bir göstərisidir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı kütləvi xarakter alıb. Sevindirici haldır ki, idmançlarımız onlara bəslənilən etimadı, qayğını layiqincə doğruldurlar. Bizə qələbə sevinci yaşadan bütün idmançılarımıza təşəkkürümü bildirirəm.
"Azərbaycan idmanı hər il
pillə-pillə yüksəlişlərə nail olur”
İlham Zəkiyev,İkiqat paralimpiya çempionu:
- Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlu işlər həyata keçirildi. Azərbaycan idmanı hər il pillə-pillə yüksəklərə qalxır. Bu 25 il ərzində idmançılarımız beynəlxalq və dünya miqyaslı yarışlarda uğurlu nəticələr əldə ediblər. İdmançılarımız Olimpiya və Paralimpiya Oyunlarında yüksək uğurlar qazanırlar. Bu da Azərbaycan Respublikasının Prezidenti və idmançıların yaxın dostu İlham Əliyevin ölkə idmanına və idmançılara göstərdiyi diqqət və qayğının bəhrəsidir. İdmançılara hər cür şərait yaratdığı üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını və idmançıları bu yubiley münasibəti ilə təbrik edirəm.
Bizim ən böyük nailiyyətlərimizdən biri də
uşaq və gənclərin idmana daha sıx bağlanmasıdır”
Elnur Məmmədli,Pekin-2008 Yay Olimpiya Oyunlarının çempionu:
- Bu gün Azərbaycan dünyanın idman mərkəzinə çevrilib. Son illər ölkəmizdə bir çox nüfuzlu idman tədbirləri, o cümlədən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları keçirilib. Yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz ölkəmizdə idmanın inkişafından xəbər verir. Şübhəsiz ki, bütün bunlar da ilk növbədə Milli Olimpiya Komitəsinin səmərəli və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. 25 il o qədər çox müddət deyil. Amma bu dövr ərzində Azərbaycan idmanında çox tarixlər yazılıb. Bizim çoxsaylı Olimpiya çempionlarımız, mükafatçılarımız olub və onlar hər dəfə Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandırıblar. İnanıram ki, bundan sonra da belə olacaq. Sözsüz ki, ötən illər ərzində bizim ən böyük nailiyyətlərimizdən biri idmanın kütləviliyinin təmin olunması, uşaq və gənclərin idmana daha sıx bağlanmasıdır. İnanıram ki, Azərbaycanın idman sahəsində uğurları bundan sonra da bol olacaq.
"Biz də üzərimizə düşən işin öhdəsindən
gəlməyə çalışırıq”
Radik İsayev,Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu:
- Milli Olimpiya Komitəsi 25 ildir fəaliyyət göstərsə də, böyük nəticələr əldə edib. İdman təşkilatı Azərbaycanda Olimpiya Hərəkatı və idmanın inkişafında böyük rol oynayır. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev daim idmançıları dəstəkləyir. Cənab Prezidentin daim idmançıların yanımızda olması, mötəbər turnirdən sonra bizi qəbul etməsi sevindirici haldır. Bu amil ölkədə idmana dövlət qayğısının yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bakıda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi bunu bir daha təsdiqləyir. Biz də üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq. İdmanın inkişafında əvəzsiz rola malik olan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibəti ilə Azərbaycanın idman ictimaiyyətini təbrik edirəm.