Bugünlərdə Azərbaycan Xüsusi Olimpiya, Coca-Cola Şirkəti və «İnter» Peşəkar İdman Klubunun birgə əməkdaşlağı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Xüsusi Olimpiya Komitəsinin atletika və mini-futbol üzrə Respublika yarışları keçirilib. Yarışların təntənəli açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının atletika və futbol kafedralarının müdirləri iştirak ediblər.50, 100, 200 metr məsafələrə qaçış, uzunluğa və yerindən tullanma üzrə Atletika Olimpiya Mərkəzində təşkil olunan atletika yarışlarda Bakı şəhərinin Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonlarının, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan regional proqramlarının 20-ə yaxın yardımçı, xüsusi məktəb və internatlarından, uşaq internat məktəblərindən 120-dən çox əqli imkanları məhdud olan uşaqlar iştirak edib. Ümumi komanda hesabında Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi I yerdə qərarlaşıb. Xəzər rayonu Şağan 3 saylı ağıldan kəm uşaqlar üçün internat evi II, Şəki Xüsusi Olimpiya Regional Filialı isə III yeri tutub.



«İnter» Peşəkar İdman Klubunun «Şəfa» stadionunda keçirilən mini-futbol yarışlarını AFFA-nın milli dərəcəli hakimləri idarə ediblər. Yarışlarda adıçəkilən şəhər və rayonların yardımçı, xüsusi məktəb və internatlarından, uşaq evlərindən 20-dən çox komanda və 250-ə yaxın futbolçu iştirak edib. Komandalardan 8-i paytaxt, 6-sı isə bölgə komandası olub. Yarışlarda xüsusi olimpiyaçılardan 4 qız, 13 oğlan, 4 UNİFİED komanda (birləşmiş komandaların yarısı xüsusi qayğıya ehtiyacı olan əqli imkanları məhdud idmançılar, yarısı isə məktəbyaşlı sağlam futbolçulardan ibarətdir) iştirak edib. Birləşmiş idman komandalarının I divizion yarışlarında Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı xüsusi internat məktəbinin idmançıları I yeri tutub. Sabunçu rayonu 11 saylı yardımçı internat məktəbi II, Xəzər rayonu 4 saylı xüsusi internat məktəbinin komandası III, Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbinin komandası IV yeri tutub. Oğlanların II divizion yarışında Qaradağ rayonu E. Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbi I yerə layiq görülüb. Göyçay Xüsusi Olimpiya Regional Filialı II yeri tutub. Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi III yerdə qərarlaşıb. Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi IV, Gəncə xüsusi Olimpiya Regional Filialı V, Xəzər rayonu E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı xüsusi internat məktəbi VI yer, sabunçu rayonu 11 saylı yardımçı internat məktəbi VII yerdə qərarlaşıb. Oğlanların III divizion yarışlarında Salyan Xüsusi Olimpiya Regional Filialı I, Şəki Xüsusi Olimpiya Regional Filialı II, Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi III, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi IV, Xəzər rayonu Şağan 3 saylı ağıldan kəm uşaqlar üçün internat evi V, Lənkəran Xüsusi Olimpiya Regional filialı VI, Saray 7 saylı ağıldan kəm uşaqlar üçün internat evi VII yeri tutub. Qızların VI divizion yarışlarında Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi I yeri, Lənkəran Xüsusi Olimpiya Regional Filialı II, Xəzər rayonu E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı xüsusi internat məktəbi III, Qaradağ rayonu E. Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbi IV yeri tutub. Qalib və mükafatçılar Xüsusi Olimpiya Komitəsinin təsis etdiyi kuboklar, müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.