Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorlarından biri olduğunu elan edib. Bu məsələ ilə bağlı münasibət bildirən ARDNŞ-in marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov şirkətin dünya idmanı ilə əməkdaşlığının qürurverici hadisə olduğunu qeyd edib. E.Nəsirov bildirib ki, bu, bizim 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 qadınlararası dünya çempionatından sonra beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir. O deyib: «Şirkətimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əsas sponsoru kimi respublikada futbolun inkişafına daim fəal dəstək göstərir. İdmana sponsorluq olduqca vacib bir amildir və bu cür genişmiqyaslı və həyəcanverici bir yarışı dəstəkləmək bizim üçün çox əhəmiyyətllidir.
Bizim fikrimizcə, bu sponsorluq ARDNŞ-in beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda şirkətimizin premium brendinin əsasının qoyulması yolunda ümumi mövqeyimizi əks etdirir».
UEFA-nın marketinq direktoru Qay-Loran Epşteyn əməkdaşlıqla bağlı ARDNŞ-i "Avro-2016” çempionatının və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq hiss etdiyini dilə gətirib. UEFA rəsmisi bu sponsorluğun ARDNŞ-in qlobal enerji şirkətinə çevrilməsi və onlar tərəfdən bu əməkdaşlığın Avropa futbolununu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaradacağı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.