“Neftçi” ardıcıl 3-cü dəfə ölkə çempionu oldu

“Neftçi” ardıcıl 3-cü dəfə ölkə çempionu oldu




Ağdamlılar gümüş, "bankçılar” isə bürüc medallarla kifayətləndilər

Mayın 19-da Topaz Premyer Liqasının XXXII turuna start verilib. Hələ bir əvvəl medalçıların adına aydınlıq gəldiyindən, oyunlar formal xarakter daşıyıb. Qeyd edək ki, "Neftçi” ötən tur 1 xal qazanmaqla, vaxtından əvvəl ardıcıl 3-cü dəfə qızıl medalları qazanmışdı. "Qarabağ” gümüş, "İnter” isə bürünc medallarla kifayətlənib. Son turda "Neftçi” - "Bakı” komandalarının qarşılaşmasından sonra klublar medallarına qovuşublar. Medalları komandalara AFFA-nın prezienti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev təqdim ediblər.



Əvvəlcə ötən turun oyunlarından başlayaq. Qəbələdə bu şəhərin eyniadlı təmsilçisi lider "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qeyd edək ki, ən yaxın izləyicisi olan "Qarabağ”dan 6 xal öndə olan "Neftçi” bir xal qazanacağı halda, çempionluğunu rəsmiləşdirəcəkdi. "Ağ-qaralar” istəyinə çatıblar. Oyunda hesabı məhz "Neftçi”nin kapitanı Rəşad Sadiqov açıb. "Qəbələ” matçın sonlarında Yannik Kamananla hesabı bərabərləşdirib. Bundan sonra oyunda başqa qol vurulmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb. Əgər Lorrival Assis 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirsə idi, çempionluğun taleyinə son turda aydınlıq gələcəkdi. Amma qazanılan bir xal "Neftçi”nin ardıcıl 3-cü, ümumilikdə isə 8-ci çempionluğunu bayram etməsi üçün yetərli olub. Son iki mövsümdə (2010/2011-ci, 2011/2012-ci illər mövsümləri) qızıl medallara sahib çıxan "neftçilər” daha əvvəl 5 dəfə bu uğuru qazanmışdı. İlk dəfə 1992-ci ildə qızıl medalları qazanan "ağ-qaralar” 1995/1996-cı, 1996/1997-ci, 2003/2004-cü və 2004/2005-ci illər mövsümlərində də hamıdan yaxşı olmuşdu. Bundan başqa "Neftçi” 4 dəfə Azərbaycan kubokunu (1994/1995-ci, 1995/1996-cı, 1998/1999-cu, 2003/2004-cü illər mövsümləri), 2 dəfə Azərbaycan Super kubokunu (1993-cü, 1995-ci illər mövsümləri) və 1 dəfə "Birlik Kuboku”nu (2006-cı il) qazanıb. "Ağ-qaralar”ın sovet dövründəki yeganə uğuru 1966-cı ildə əldə edilən bürünc medallardır.
İkinci yer uğrunda mübarizə aparan "Qarabağ” "Bakı” klubunu sınağa çəkib. Hesabı "Bakı” klubundan Risto Ristoviç açıb. Amma paytaxt klubu yalnız bir qola sevinib. Birinci hissənin sonlarında Muarem Muarem hesabı bərabərləşdirib. Oyunun 58-ci dəqiqəsində Vüqar Nadirov ağdamlıları hesabda önə keçirib. Matçın 73-cü dəqiqəsində isə Denis İvanov topu öz qapısına göndərərək, Ağdam klubuna 3:1 hesablı qələbə qazandırdı. Oyunun 84-cü dəqiqəsində Rauf Əliyevin meydandan qovulması isə heç nəyi dəyişməyib. Nəticədə, "Qarabağ”ın mövsümü ikinci pillədə başa vuracağı dəqiqləşib. "Neftçi”nin çempionluğu ilə eyni anda Qurban Qurbanovun yetirmələri də sona bir tur qalmış gümüş medalları özləri üçün təmin ediblər. Qeyd edək ki, "Qarabağ”16 illik fasilədən sonra gümüş medallara sahib çıxıb. Belə ki, ağdamlılar sonuncu dəfə 1996/1997-ci illər mövsümündə ikinci pilləni tutmuşdular. Ümumilikdə isə, "Qarabağ”ın aktivində 1 qızıl, 3 gümüş, 3 bürünc var.



"İnter” Zaqatalada "Simurq” komandasının qonağı olub. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri Zdravko Popoviçin oyunun 39-cu dəqiqəsində penaltidən vurduğu qolla qələbəni bayram ediblər. Qeyd edək ki, oyunun 54-cü dəqiqəsində Nicat Qurbanov meydandan qovulduğundan "Simurq” azlıqda qalıb. "İnter”də isə matçın 74-cü dəqiqəsində kapitan Vladimir Levin qırmızı vərəqə alıb. Amma bunlar oyunun nəticəsinə heç bir təsir göstərməyib. Nəticədə, "İnter”in də mövsümü üçüncü pillədə bitirəcəyi rəsmiləşib. Bu, "bankçılar”ın tarixi ərzində qazandığı ikinci bürünc medal olub. Kaxaber Sxadadzenin yetirmələri ötən il də eyni nəticə ilə kifayətlənmişdi. Qeyd edək ki, "İnter” indiyə qədər iki dəfə çempion olub və bir dəfə gümüş mükafat qazanıb.
"Turan” elitanı tərk etməsi xeyli öncə dəqiqləşən "Kəpəz”i qəbul edib. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün bu oyun Bakıda - "Dalğa Arena”da keçirilib. Matçı izləyən azsaylı azarkeşlər qol şousuna şahidlik ediblər. 8 qolun vurulduğu görüşdə "Kəpəz” 5:3 hesablı qələbəyə sevinib. Bununla da, "Turan”la "Sumqayıt” arasındakı xal fərqi 8 qalxıb və Tovuz klubunun da Premyer Liqadan gedişi rəsmiləşib. Hərçənd, AFFA "Turan”a lisenziya verməməklə, tovuzlaları hələ bir müddət əvvəl güclülər dəstəsindən kənarlaşdırmışdı.
8-ci pillədə qərarlaşan "Xəzər Lənkəran” 10-cu yerdə gedən "Sumqayıt”ın qonağı olub. Tərəflər arasında cari mövsümdə təşkil olunan hər üç oyun heç-heçə başa çatmışdı - 1:1, 2:2, 0:0. Lakin bu dəfə nəhayət ki, "tilsim” qırılıb. "Sumqayıt”da icarə əsasında oynayan "Neftçi”nin futbolçusu Ruslan Qurbanov oyunun 14-cü dəqiqəsində meydan sahiblərinə qələbə qazandıran qola imza atıb. "Xəzər Lənkəran”dan Manuel Skartalatki qırmızı vərəqə aldığına görə qonaqlar matçın son yarım saatını azlıqda keçirsələr də, görüşdə başqa qol vurulmayıb. Minimum hesablı qələbə sayəsində "Sumqayıt”ın Topaz Premyer Liqasında qalacağını dəqiqləşdirib.
"Rəvan” "Bayıl Arena” stadionunda AZAL klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada azarkeşlər 8 qola şahidlik ediblər. Qələbəni isə final mərhələsində məğlubiyyət tanımayan AZAL bayram edib. Qeyd edək ki, XXXI tur məhsuldarlığı ilə də seçilib. Turun 6 oyununda 24 qol vurulub.
Son tur çərçivəsində əvvəlcə meydana ilk "altılıq”da mübarizə aparan komandalar çıxıblar. İlk oyun günü 3 oyun təşkil olunub. Bayaq da qeyd etdiyimiz kimi, matçlar formal xarakter daşıyıb.
Bu matçlarda yalnız 5-6-cı yerlərin taleyinə aydınlıq gəlib. Belə ki, "Qəbələ” səfərdə "İnter” klubunun qonağı olub. Əyalət təmsilçisi qələbə sayəsində 5-ci pilləyə yüksələ bilərdi. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri matçın başa çatmasına 3 dəqiqə qalmış istəklərinə çatıblar. "Bankçılar” Ramil Mansurovun qolu sayəsində meydanı 3 xalla tərk ediblər.
Günün 2-ci görüşündə "Qarabağ” doğma azarkeşlər önündə "Simurq” klubunu sınağa çəkib. Tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb - 0:0.
İlk "altılıq”da mübarizəyə "Bakcell Arena” stadionunda yekun vurulub. Paytaxt derbisində "Neftçi” evdə "Bakı” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Azarkeşlər bir qolun şahidi olublar. Matçın 76-cı dəqiqəsində Lukas Mario Horvatın vurduğu top "zolaqlılar”a 3 xal qazandırıb. Beləliklə, çempion "Neftçi” mövsümü məğlub başa vurub.
Qeyd edək ki, turun digər oyunlarında AZAL "Kəpəz”i, "Turan” "Sumqayıt”ı, "Xəzər Lənkəran” isə "Rəvan”ı qəbul edib. Oyunlar gec başa çatdığı üçün matçlar haqqında ətraflı məlumatla gələn sayımızda tanış ola bilərsiniz.
Beləliklə, Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısına aydınlıq gəlib. Ardıcıl 3-cü dəfə çempion olan bakılılar bu dəfə də qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasına vəsiqə əldə edib. Gümüş medalçı "Qarabağ” və bürünc medallar qazanan "İnter” ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcəklər. Avrokuboklara son vəsiqə "Xəzər Lənkəran”a nəsib olub. Cənublular Azərbaycan kubokunun finalına yüksəldiyindən və onların həlledici qarşılaşmadakı rəqibi çempion kimi UEFA Çempionlar Liqasına yollanacağından Con Toşakın yetirmələri Avropa Liqasına vəsiqəni təmin ediblər.

Topaz Premyer Liqası
1-6-cı yerlər uğrunda
XXXI tur
14 may
"Qəbələ” - "Neftçi” - 1:1
"Qarabağ” - "Bakı” - 3:1
"Simurq” - "İnter” - 1:0

XXXII tur
19 may
"Neftçi” - "Bakı” - 0:1
Qol: Lukas Mario Horvat, 76.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev.
Bakı. "Bakcell Arena” stadionu.
Komandaların cari mövsümdəki oyunları - 2:1, 1:1, 1:1

"Qarabağ” - "Simurq” - 0:0
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Komandaların cari mövsümdəki oyunları - 0:0, 2:1, 0:1

"İnter” - "Qəbələ” - 1:0
Qol: Ramil Mansurov, 87.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov.
Bakı. "Şəfa” stadionu.
Komandaların cari mövsümdəki oyunları - 0:1, 2:1, 2:1


7-12-ci yerlər uğrunda
13 may
"Turan” - "Kəpəz” - 3:5
"Sumqayıt” - "Xəzər Lənkəran” - 1:0

14 may
"Rəvan” - AZAL - 3:5

20 may
AZAL - "Kəpəz”
Bakı. "AZAL Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 2:0, 3:0, 3:1

"Turan” - "Sumqayıt”
Bakı. "Bayıl Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 0:1, 1:0, 0:4

"Xəzər Lənkəran” - "Rəvan”
Lənkəran. Şəhər mərkəzi stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 4:0, 0:1