Almanlar ÇL-in finalında

Almanlar ÇL-in finalında
Futbol tarixində artıq belə hal olub: 1980-ci ildə UEFA kubokunun (Avropa Liqasının sələfi) finalında alman dueli baş tutub. O vaxt Frankfurt "Ayntraxt”ı rəqib meydanında qol vurduğuna və iki final oyununun nəticəsinə görə, Mönxenqladbax "Borussiya”sından üstün olub (2:3, 1:0).
Çempionlar Liqasının finallarında da 2000-ci ildə ispan ("Real” - "Valensiya” 3:0), 2003-cü ildə italyan (Milan - Yuventus 0:0, pen. 3:2) və 2008-ci ildə ingilis (Mançester Yunayted - Çelsi 1:1, pen. 6:5) duelləri olub.
Mövzu ilə bağlı bir maraqlı faktı da xatırladım. Avropa turnirləri çərçivəsində bir ölkənin iki klubunun finalda qarşılaşması ilk dəfə 1972-ci ildə UEFA kubokunda qeydə alınıb (Yarmarkalar kubokunu nəzərə almıram). O vaxt İngiltərənin "Vulverhempton” və "Tottenhem” komandalarının ilk final görüşünü azərbaycanlı hakim Tofiq Bəhramov idarə etmişdi.


Çempionlar Liqasının qarşıdakı finalına gəlincə, şübhəsiz Almaniyada çempionluğu çoxdan təmin etmiş və hazırda Bundesliqada 2-ci pillədəki Dortmund "Borussiya”sını 20 xal qabaqlayan, həmçinin ölkə kubokunda da finala çıxan "Bavariya” favorit sayılır. Münhen klubu həlledici oyunadək "Yuventus” (2:0, 2:0) və "Barselona” (4:0, 3:0) kimi komandaları inamla mübarizədən kənarlaşdırsa da, dortmundluların "Malaqa” (0:0, 3:2) və "Real”la (4:1, 0:2) duellərdə bəxti də gətirib.
Maraqlıdır ki, mayın 25-də Londonun "Uembli” stadionunda baş tutacaq finaldan əvvəl, necə deyərlər, finalın məşqi də olub. Mayın 4-də Dortmundda rəqiblər Bundesliqanın 32-ci turu çərçivəsində qüvvələrini sınayıblar. Diqqəti çəkəcək məqam: artıq üç ildir və 5 oyundur "Borussiya” Bundesliqada Münhen təmsilçisinə uduzmur. Bununla belə, "Bavariya” fevralda Almaniya kubokunun 1/4 finalında (1:0), həmçinin ötən ilin avqustunda ölkə superkubokunda (2:1) rəqibinə qalib gələ bilib.

Rizzoli, yoxsa
Karbalyo? Yəqin ki, Çakır!
Sloveniyalı Damir Skominanın Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Barselona” - "Bavariya” (0:3) cavab oyununun baş hakimi olması, həm də türk hakim Cüneyt Çakırın may ayının 25-də ÇL-in final görüşünü idarə edəcəyi ilə bağlı ehtimalların reallığa yaxın olduğunu, bir növ, təsdiqlədi.
Ənənəsinə sadiq qalacağı təqdirdə UEFA Çempionlar Liqası-2012/13-ün həlledici qarşılaşmasını bu yarışın 1/8 final oyunlarından birini idarə etmiş hakimə tapşıracaq. Hər halda bundan əvvəlki iki mövsümdə məhz belə olub.
2011/12 mövsümündə portuqaliyalı Pedro Proença ÇL-in 1/8 finalında "İnter” - "Marsel” oyununun (2:1) baş hakimi olduqdan sonra finala adlamışdı ("Bavariya” - "Çelsi” 1:1, pen. 3:4). Ondan qabaq isə macar Viktor Kassai 1/8 finalda "İnter” - "Bavariya” qarşılaşmasından (0:1) sonra, necə deyərlər, birbaşa finala çıxmışdı ("Barselona” - "Mançester Yunayted” 3:1).
Cüneyt Çakır da bu mövsüm ÇL-in qrup mərhələsindən sonra yalnız 1/8 finalda iş başında olub. Özü də prinsipiallığı ilə seçilən "Mançester Yunayted” - "Real” oyununda (1:2). 1/8 finalın oyunlarını idarə etmiş hakimlərdən Hovard Vebb (İngiltərə), Damir Skomina (Sloveniya) və Viktor Kassai (Macarıstan) yarımfinalda iş başında olublar.
Mark Klattenburq (İngiltərə), Svein Oddvar Moen (Norveç), Kreyq Thomson (Şotlandiya) və Yonas Eriksson (İsveç) isə 1/4 final oyunlarında da baş hakim olublar. Sonuncu həmçinin Avropa Liqasının "Çelsi” - "Bazel” yarımfinal oyununa da təyinat alıb. Ondan başqa, Milorad Majiç (Serbiya) və Pavel Kralovets (Çexiya) də qitənin səviyyəcə ikinci klub turnirinin 1/2 finalında hakimlik ediblər.
ÇL-də finala almanlar çıxdığından Feliks Brıxı (Almaniya) da hesabdan silmək lazımdır.
Alberto Undiano Malyenko (İspaniya), Paolo Talyavento (İtaliya), Villyam Kollum (Şotlandiya) və Fırat Aydınus (Türkiyə) isə hələ o qədər də təcrübəli deyillər. Deməli, qalır Cüneyt Çakır (Türkiyə) və Nikola Rizzoli (İtaliya). Düzdür, Rizzolinin UEFA yarışlarında artıq final təcrübəsi var. İtaliyalı 2010-cu ildə Avropa Liqasında "Atletiko” - "Fulhem” həlledici qarşılaşmasını (2:1) idarə edib. Həm də o, ÇL-də daha təcrübəlidir: Rizzoli 2008-ci ildən, türk həmkarı isə 2010-cu ildən bu turnirin əsas mərhələsində hakimlik edir.
Amma Cüneyt Çakırın göstəriciləri onun artıq finala çıxacağına bir işarədir: 2010-cu ildə Avropa Liqasının yarımfinalı, sonra 2012-ci ildə Çempionlar Liqası və Avropa çempionatının yarımfinalları. Artıq FİFA ona etimad göstərərək 2012-ci ildə klubların dünya çempionatının "Korintians” - "Çelsi” final oyununu (1:0) həvalə edib. Bundan başqa, Çakır DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İngiltərə - Ukrayna (1:1) və Xorvatiya - Serbiya (2:0) kimi prinsipial oyunların baş hakimi olub. Əgər UEFA son illərdəki ənənəsini pozsa, bəs 1/4 final hakimlərindən kimi seçə bilər? Byörn Kuypers (Hollandiya) yarımfinalda, Mark Klattenburq (İngiltərə), Svein Oddvar Moen (Norveç), Kreyq Thomson (Şotlandiya) və Yonas Eriksson (İsveç) isə 1/8 finalda da iş başında olublar. Sonuncu, qeyd etdiyim kimi, eyni zamanda Avropa Liqasının yarımfinal oyununa təyinat alıb. Stefan Lannoy (Fransa) da həmçinin. ÇL-in finalında almanlar oynayacağından Volfqanq Ştarkı (Almaniya) da hesabdan silək.
Qalır Karlos Velasko Karbalyo (İspaniya). 2011-ci ildə Avropa Liqasında Portuqaliya finalının hakimi ("Portu” - "Braqa” 1:0). ÇL-də ən yaxşı halda 2011-ci ildə "Şalke” - "Mançester Yunayted” yarımfinal oyununu (0:2), bu mövsüm 1/4 finalda isə "Yuventus” - "Bavariya” qarşılaşmasını (0:2) idarə edib. DÇ-2014-ün seçmə mərhələsində də Hollandiya - Türkiyə (2:0) görüşündə iş başında olub.
Xatırladaq ki, ÇL-2012/13-ün final oyunu mayın 25-də Londonun "Uembli” stadionunda keçiriləcək.

ÇL-2012/13-ün hakimləri
1/2 final
Viktor Kassai (Macarıstan)
Byörn Kuypers (Hollandiya)
Hovard Vebb (İngiltərə)
Damir Skomina (Sloveniya)

1/4 final
Volfqanq Ştark (Almaniya)
Mark Klattenburq (İngiltərə)
Yonas Eriksson (İsveç)
Svein Oddvar Moen (Norveç)
Kreyq Thomson (Şotlandiya)
Stefan Lannoy (Fransa)
Byörn Kuypers (Hollandiya)
Karlos Velasko Karbalyo (İspaniya)

1/8 final
Alberto Undiano Malyenko (İspaniya)
Paolo Talyavento (İtaliya)
Hovard Vebb (İngiltərə)
Feliks Brıx (Almaniya)
Mark Klattenburq (İngiltərə)
Svein Oddvar Moen (Norveç)
Villyam Kollum (Şotlandiya)
Kreyq Thomson (Şotlandiya)
Cüneyt Çakır (Türkiyə)
Damir Skomina (Sloveniya)
Milorad Majiç (Serbiya)
Fırat Aydınus (Türkiyə)
Yonas Eriksson (İsveç)
Viktor Kassai (Macarıstan)
Nikola Rizzoli (İtaliya)
Pavel Kralovets (Çexiya)

Rasim Mövsümzadə,
FIFA Ballon d’Or və UEFA Best
Player in Europe mükafatlarının jüri üzvü