"Ağ-qaralar” ölkə kubokunu da
qazanmaq niyyətindədirlər
Bu həftə Topaz Premyer Liqasında cari mövsümə yekun vurulub. Sonuncu - 32-ci turun ilk oyun günündə birinci, son gündə isə ikinci "altılığ”ın oyunları təşkil olunub. Bütün nəticələr əvvəlki turda məlum olduğundan bu tur heç bir əhəmiyyət kəsb etmirdi.
Topaz Premyer Liqası
XXXII tur
1-6-cı yerlər uğrunda
19 may
"İnter” - "Qəbələ” - 1:0
Qol: Ramil Mansurov, 87.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov.
Bakı. "Şəfa” stadionu.
Komandaların cari mövsümdəki oyunları - 0:1, 2:1, 2:1
İlk oyun günü 3 matç keçirilib. Tura "Şəfa” stadionunda start verilib. "İnter” doğma azarkeşlər önündə "Qəbələ” klubunu sınağa çəkib. Qeyd edək ki, bu, tərəflərin çempionatdakı yubiley - 20-ci qarşılaşması olub. Bakılılar tarixi ərzində öz meydanında "Qəbələ”yə uduzmamışdılar. Qəbələ təmsilçiləri təsnifat mərhələsində 1:0 hesablı qələbəyə sevinsə də, "İnter” son iki oyunda həm evdə, həm də səfərdə 2:1 hesabı ilə qalib gəlmişdi. Bu oyunun birinci hissəsi qolsuz başa çatsa da, fasilədən sonra "bankçılar” rəqib qapısına yol tapa biliblər. Ramil Mansurov matçın 87-ci dəqiqəsində hesabı açaraq komandasına qələbə qazandıran topu vurub. Nəticədə, "Qəbələ”nin ilk "altılığ”ın sonuncusu olmamaq arzuları da baş tutmayıb.
"Qarabağ” - "Simurq” - 0:0
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov.
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.
Komandaların cari mövsümdəki oyunları - 0:0, 2:1, 0:1
Növbəti qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. "Qarabağ” öz meydanında "Simurq”la münasibətlərinə aydınlıq gətirib. Matç komandalar arasında 16-cı oyun olub. Eyni sayda qələbə və heç-heçələri olan komandaların top fərqində üstünlük "Simurq”un tərəfində idi. Lakin mövsümün gümüş mükafatçısı olan "Qarabağ” ardıcıl 3 ev oyunundan 3 xalla ayrılmışdı. Bu mövsüm tərəflərin ilk oyunu qolsuz başa çatmışdı. "Qarabağ” ev oyununda 2:1 hesabı ilə üstün olmuşdusa, "Simurq” da Zaqatalada 1:0 hesablı qələbəyə sevinmişdi. Paytaxtda keçirilən oyunda 90 dəqiqənin sonunda komandalar hərəyə bir xalla kifayətlənməli olublar. Baxmayaraq ki, görüşün nəticəsi onsuz da heç nəyi dəyişmirdi.
"Neftçi” - "Bakı” - 0:1
Qol: Lukas Mario Horvat, 76.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev.
Bakı. "Bakcell Arena” stadionu.
Komandaların cari mövsümdəki oyunları - 2:1, 1:1, 1:1
Mövsümün sonuncu paytaxt derbisi "Bakcell Arena”da təşkil olunub. "Neftçi” doğma azarkeşlər önündə "Bakı” klubunu qəbul edib. Xatırladaq ki, 42-ci paytaxt derbisi ərəfəsində "Neftçi” qələbə sayında 3 qat üstünlüyə malik idi. Artıq ardıcıl 3-cü çempionluğu təmin edən "ağ-qaralar” son 6 görüşdə qapısının toxunulmazlığını saxlaya bilməyib. Amma əvəzində "ağ-qaralar” son 4 ev oyununda məğlub olmamışdılar. Bu mövsüm keçirilən derbilərdən ikisi 1:1 hesabı ilə başa çatmışdı. Daha bir görüşdə isə "Neftçi”nin 2:1 hesablı qələbəsi qeydə alınmışdı. Bu dəfə də "zolaqlılar” rəqib qapısına yol tapıblar. Amma əvvəlki oyunlardan fərqli olaraq, "Neftçi” qolun cavabını verə bilməyib. Matçın 76-cı dəqiqəsində Horvat cərimə zərbəsindən "ağ-qaralar”ı məyus etməyi bacarıb. Qarşılaşma qonaqların minimum hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan "Neftçi” uğursuz ənənəsini yenə davam etdirib. Paytaxt təmsilçisi ötən 2 mövsümdə olduğu kimi, bu dəfə də qızıl medalları təmin etdikdən sonra qələbə qazana bilməyib. Bakılılar 2010/11-ci illər mövsümündə XXIX, 2011/12-ci illər mövsümündə XXX, 2012/13-cü illər mövsümündə XXXI turunda 1-ci yeri özləri üçün təmin ediblər. "Neftçi” hər dəfə buna nail olduqdan sonra rəqiblərini xalsız qoymayıb. 2 il əvvəlki mövsümdə "İnter”lə 0:0 heç-heçə etdikdən sonra "Qarabağ”a böyük hesabla məğlub olan çempion (0:3) son matçında, "Xəzər Lənkəran”la heç-heçə etmişdi - 1:1. Arif Əsədovun yetirmələri çempion kimi çıxdıqları son 3 matçda 2 xal əldə etmişdi.
Növbəti 2 çempionluğun "memarı” olan Böyükağa Hacıyev isə son matçları uduzmağa adət edib. 2011/12-ci illər mövsümündə çempionluq təmin ediləndən sonra "Neftçi” ilə görüşən hər komandanın 3 xalı "cibində” idi. Əvvəl "Bakı”ya 0:2 hesabıyla uduzan "ağ-qaralar” ardınca "Qəbələ” qarşısında aciz qalmışdı - 0:1. Bu dəfə də "Neftçi” çempionluğu məğlubiyyətlə bayram edib. Özü də yenə vaxtilə çalışdırdığı "Bakı”ya 0:1 hesabı ilə uduzmaqla.
Qeyd edək ki, "Neftçi” üçün hələ mövsüm başa çatmayıb. Mayın 28-də "ağ-qaralar” ölkə kubokunun finalında "Xəzər Lənkəran” klubu ilə qarşılaşacaq. "Neftçi” ölkə kubokunu qazanmaqla, "qızıl dubl” etmək niyyətindədir.
7-12-ci yerlər uğrunda
20 may
AZAL - "Kəpəz” - 4:0
Qollar: Viktor İqbekoi, 6; 30; Ruslan Tağızadə, 26; Oskars Klava, 70.
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Elşən Acalov, Feyzulla Feyzullayev.
Bakı. "AZAL Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 2:0, 3:0, 3:1
Son oyun günü tura 3 oyunla yekun vurulub. AZAL evdə Topaz Premyer Liqasını vaxtından əvvəl tərk edəcəyi bəlli olan "Kəpəz” klubunu sınağa çəkib. Son turlarda ardıcıl qələbələrlə hamını təəccübləndirən Gəncə klubu final mərhələsində məğlubiyyət tanımayan "təyyarəçilər”i də büdrətməyə çalışacaqdı. Amma bu, bir o qədər də real görünmürdü. AZAL 12-ci dəfə qarşılaşacağı "Kəpəz”lə matçlarda aşkar üstünlüyə malik idi. Mövsümdə ardıcıl 7 qələbəsi olan AZAL gəncəlilərlə son 6 matçın hamısında 3 xal qazanmışdı. Paytaxt klubu bu rəqibinə cari mövsümün səfər oyunlarında 2:0 və 3:1 hesabları ilə qalib gəlmişdi. Ev oyununda isə 3:0 hesablı böyükhesablı nəticəyə imza atmışdı. Bu dəfə də istisna olmayıb. "Təyyarəçilər” yenə böyük hesabla qələbə qazanıblar. Bakılılar rəqibin qapısından 4 cavabsız top keçiriblər. Beləliklə, "təyyarəçilər” mövsümün sonunadək qələbə seriyasını davam etdirməyi bacarıblar.
"Turan” - "Sumqayıt” - 2:1
Qollar: Ender Günlü (pen.), 15; David Janalidze, 17 - Ruslan Qurbanov, 55 (pen.).
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. "Bayıl Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 0:1, 1:0, 0:4
Çempionatı tərk etmiş digər komanda "Turan” "Sumqayıt” komandası ilə qarşılaşıb. Son turda qələbə ilə üstünlüyə yiyələnən Sumqayıt təmsilçisi növbəti oyunda da bunu davam etdirməyə çalışacaqdı. "Turan”ın ev oyunlarında 1-dən artıq qol vuran komanda olmamışdı. Maraqlı məqamdır ki, təsnifat mərhələsində "Turan” evdə 0:1 hesabı ilə məğlub olduğu kimi, "Sumqayıt” da məhz öz meydanında bu rəqibinə eyni hesabla məğlub olmuşdu. Amma Sumqayıt təmsilçisi final mərhələsindəki qarşılaşmada "Turan”ı 4 cavabsız qolla məğlub etməyi bacarmışdı. Budəfəki matçda tovuzlular qələbə hesabını sonadək qorumağı bacarıb. Hesabı oyunun 15-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən Ender Günlü açıb. 2 dəqiqə sonra isə David Janalidze fərqlənib - 2:0. Fasilədən sonra baş hakim "Turan”ın da qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Nəticədə, Ruslan Qurbanov fərqi azaldıb. Lakin bundan sonra oyunda qol olmayıb və "Turan” Premyer Liqadakı son oyununda qələbə qazanıb.
"Xəzər Lənkəran” - "Rəvan” - 1:2
Qollar: Gökhan Güləç, 75 - Miloş Adamoviç, 22; Mindauqas Kalonas, 84.
Qırmızı vərəqə: Ramil Həşimzadə, 73.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 4:0, 0:1


Tura və mövsümə Lənkəranda yekun vurulub. "Xəzər Lənkəran” evdə "Rəvan” klubunu qəbul edib. Hər 2 ev oyununda rəqib qapısına yol tapan "Xəzər Lənkəran” yalnız top fərqində üstünlüyə malik idi. 8-ci yer uğrunda mübarizə aparan rəqiblərin qarşılaşmasında meydan sahibləri qələbə sayında tarazlığı pozmasa da, mövqeyini qoruyacaqdı. Bakılılar isə qalib gələcəyi təqdirdə turnir cədvəlində 8-ci pilləyə yüksələ bilərdi. "Rəvan” bu mövsüm təsnifat mərhələsindəki ev oyununda 1:1 hesablı heç-heçəyə razılaşdığı halda, final mərhələsində 1:0 hesabı ilə üstün olmuşdu. "Xəzər Lənkəran” isə doğma meydanında 4:0 hesablı qələbə qazanmışdı və indi növbəti dəfə eyni uğura imza atmağa çalışacaqdı. Oyunda hesabı qonaqlar açıblar. Matçın 22-ci dəqiqəsində Miloş Adamoviç fərqlənib. Görüşün sonlarında "Rəvan”dan Ramil Həşimzadə qırmızı vərəqə alması ilə diqqət mərkəzinə düşüb. Az sonra "Xəzər Lənkəran” bərabərlik qolunu vurmağa müvəffəq olub. Lakin "Rəvan” qələbə qolunu vurmağı bacarıb. Oyunun 84-cü dəqiqəsində komandanın litvalı bombardiri Mindauqas Kalonas fərqlənib. Bu həm də Premyer Liqada mövsümün son qolu olub. "Rəvan” qələbə sayəsində mövsümü 8-ci, "Xəzər Lənkəran” 9-cu pillədə başa vurub.
Beləliklə, Topaz Premyer Liqasında 2012/13-cü illər mövsümünə yekun vurulub. Avqustun 4-də start götürən və 289 gün davam edən XXI milli çempionat "Neftçi” klubunun ardıcıl 3-cü dəfə qələbə qazanması ilə əlamətdar olub. Gümüş medalları "Qarabağ”, bürüncü isə "İnter” klubu qazanıb. İndi bütün diqqətlər mükafat qazanan komandalara yönələcək. Məsələ burasındadır ki, klublarımız bizi avrokuboklarda təmsil edəcək. Onlar ölkə çempionatında əldə etdikləri uğurları Avropada da göstərmək üçün səy göstərməlidirlər.