Mayın 27-də "Təhsil” Respublika İdman Mərkəzinin ("Təhil” RİM) Uşaq - Gənclər Futbol Məktəbinin 28 May Respublika Gününə həsr olunmuş mini futbol yarışına start verildi. "Təhsil” RİM-in süni örtüklü stadionunda keçirilən yarışın açılış mərasimində çıxış edən mərkəzin direktoru Cəfər Hümbətov iştirakçıları salamladı və onlara uğurlar arzulayaraq dedi: "Bu gün "Təhsil” RİM-in Uşaq - Gənclər Futbol Məktəbi və "Azərsun” holdinqin brendi olan "Şokki mokki” şokoladlarının birgə təşkilatçılığı ilə mini futbol yarışları start götürür. Bu cür yarışlar ölkəmizdə futbolun inkişafına təkan verir. Ümumiyyətlə, Azərbaycanda bütün idman növlərinə qayğı göstərilir. Atletlərimiz mötəbər yarışlarda uğurla çıxış edərək respublikamızın idman şərəfini ləyaqətlə qoruyurlar. Azərbaycanda futbolun inkişafı və kütləviləşməsi üçün mühüm tədbirlər həyata keçirilir.

Bunun nəticəsidir ki, uşaq və yeniyetmələr arasında tez-tez yarışlar təşkil olunur. Arzu edirəm ki, bu gün burada çıxış edənlərin arasından Ələkbər Məmmədov, Anatoli Banişevski, İsgəndər Cavadov, Vəli Qasımov kimi futbolçular yetişsin. İnanıram ki, siz ölkəmizin futbol ənənələrini yaşadacaqsınız”. "Şokki-mokki” firmasının nümayəndəsi Ellada Şiriyeva öz çıxışında futbolun ölkəmizdə sevimli idman növlərindən biri olduğunu qeyd etdi. O, yarış iştirakçılarına uğurlar arzuladı. Uşaq - Gənclər Futbol Məktəbinin direktoru Fərid Heydərli ölkəmizdə idmana yüksək səviyyədə dövlət qayğısı göstərildiyini vurğuladı. "Bildiyiniz kimi, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyəti yarandı. Təəssüf ki,
dövlətimizin müstəqilliyi uzun sürmədi. Nəhayət, 70 ildən sonra Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz daha möhkəmləndi. Azərbaycanda bütün sahələr, o cümlədən idman geniş şəkildə inkişaf etməyə başladı. İdmançılarımız müxtəlif səviyyəli yarışlarda uğurlar qazandılar. Bu ənənə bu gün də davam etdirilir. Uşaq - Gənclər Futbol Məktəbinin keçirdiyi bu turnir futbolun inkişafına öz tohfəsini verəcək”, - deyə o əlavə etdi. 
Çıxışlar başa çatdıqdan sonra UGFM-nin gimnastları və 15 yaşlı futbolçu qızlarının nümunəvi çıxışları oldu. Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 2001-2002-ci illər təvəllüdlülərdən ibarət 14 komanda mübarizə aparacaq.