“Neftçi” bir mövsümdə iki mükafat qazanmaq şansını əldən vermədi

“Neftçi” bir mövsümdə iki mükafat qazanmaq şansını əldən vermədi


Bakılılar kuboku 5-ci dəfə muzeylərinə apardılar

Mayın 28-də Azərbaycanda daha bir futbol mövsümünə yekun vuruldu. Mövsüm Azərbaycan kubokunun final matçı ilə başa çatdı. Həlledici mərhələdə son ölkə çempionu "Neftçi” "Xəzər Lənkəran” klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Azarkeşlər 120 dəqiqə dramatik oyunun şahidi olsalar da, hesab açılmadı. Baş hakim qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrinə ehtiyac duydu. Zərbələri daha dəqiq yerinə yetirən "ağ-qaralar” qələbə qazandılar.

Azərbaycan kuboku
Final
"Neftçi” (Bakı) - "Xəzər Lənkəran” (Lənkəran) - 0:0 (pen.: 5-3)
Penaltilər seriyası: Kanales (1:0); Sialmas (1:0); Bertuççi (2:0); Ramazanov (2:1); Flavinyo (3:1); Əmirquliyev (3:2); Şükürov (4:2); Tounkara (4:3); Sadiqov, (5:3).
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev (28. Emin Mehdiyev, 98), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Xəzər Lənkəran: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, (9. Uğur Pamuk, 71), 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim (7. Sadio Tounkara, 46), 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç (11. Dmitrios Sialmas, 51).
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov, Fariz Yusifov, Orxan Məmmədov, Vüsal Əliyev.
Sarı vərəqələr: Bruno Bertuççi, 56; Denis Silva, 81; Araz Abdullayev, 96; Mahir Şükürov, 118 - Elnur Abdullayev, 56; Sadio Tounkara, 73; Alvaro Silva, 89; Vanderson Skarduelli, 98.
28 may. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 20 000 tamaşaçı.



"Qızıl dubl”a gedən yol
Oyundan əvvəl təşkilatçılar konsert proqramı təşkil etdilər. Stadiona toplaşmış 20 mindən çox azarkeş müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqramı izlədi.
Qeyd edək ki, finalda ardıcıl üç ildir ölkə çempionu olan "Neftçi” ilə bu komandanın ən prinsipial rəqibi "Xəzər Lənkəran” üz-üzə gəldi. Lənkəran təmsilçisi Topaz Premyer Liqasının son mövsümünü uğursuz keçirdi və turnir cədvəlini 9-cu pillədə başa vurdu. Lakin Con Toşakın yetirmələri son anda toparlanıb ölkə kubokunun finalına çıxmağı bacardılar.
Həm paytaxt, həm də Lənkəran klubu görüşə demək olar ki, tam arxayın çıxmışdılar. Məsələ burasındadır ki, "Neftçi” Premyer Liqanı ölkə çempionu kimi başa vurduğundan, sadəcə növbəti titul qazanmaq arzusunda idi. UEFA Çempionlar Liqasına vəsiqə qazanan Böyükağa Hacıyevin yetirmələri kuboku da qazanmaqla "qızıl dubl”a imza atmaq istəyirdilər. Baş məşqçi özü, həmçinin yetirmələri də mövsümü iki titulla başa vurub, növbəti avrokuboklar macərasına yaxşı əhval-ruhiyyədə yollanmaq istəklərini gizlətmirdilər.
"Neftçi” bu dəfə kuboku qazanmaqla həm də ötən il üzləşdiyi uğursuzluğu unutdurmaq istəyirdi. Xatırladaq ki, "ağ-qaralar” ötən mövsüm də çempion olduqdan sonra kubokun finalında qələbə qazanmaq, "qızıl dubl”a imza atmaq şansına malik idi. Amma o vaxt "Bakı” paytaxt derbisində qalib gəlməklə "Neftçi”nin "qızıl dubl” arzularının üstündən çarpaz xətt çəkmişdi. İndi ölkə çempionu "Xəzər Lənkəran”la qarşılaşmada həmin uğursuzluğun təkrarlanmamasına çalışacaqdı.
"Neftçi” həm də 2004-cü ildən bəri qazana bilmədiyi kubok həsrətinə son qoymaq arzusunda idi. Tarixi ərzində dörd dəfə kuboku qazanan paytaxt klubu bu göstəricisinə görə "Kəpəz”lə şərik idi. Növbəti dəfə bu uğura imza atacağı halda "Neftçi” qazandığı kubokların sayına görə də rekordçu olacaqdı. Komandanın baş məşqçisi Böyükağa Hacıyev isə, ümumiyyətlə karyerası ərzində bu titula sahib çıxmayıb və özü üçün bir ilk gerçəkləşdirə bilərdi.
"Xəzər Lənkəran”a gəlincə, bu komanda üçün də itiriləsi heç nə yox idi. Cənub təmsilçisi çempionatı doqquzuncu pillədə başa vursa da, kubokun finalına çıxmaqla artıq UEFA Avropa Liqasına vəsiqəni özü üçün təmin etmişdi. Düzdür, bu, "Neftçi”nin çempionluğu sayəsində rəsmiləşmişdi. Lakin cənublular indi kuboku qazanmaqla həm titullarının sayına daha birini əlavə etməyi, həm də avroliqaya əzəli rəqibi "Neftçi”nin çempionluğu sayəsində vəsiqə qazanması haqda söhbətlərə son qoymağı düşünürdu. Bundan başqa, "ağ-yaşıllar” azarkeşləri qarşısında bəraət qazanmaq, son iki mövsümdəki uğursuzluqları unutdurmaq arzusunda idi.
Qeyd edək ki, "Xəzər Lənkəran” tarixində üç dəfə ölkə kubokuna yiyələnmişdi. Bu finalda qalib gələcəyi halda, bölgə təmsilçisi kuboklarının sayını əzəli rəqibininki ilə eyniləşdirmək şansına malik idi. Xatırladaq ki, lənkəlanlılar sonuncu dəfə kuboku 2010/2011-ci illər mövsümündə qazanmışdı.

Ölkə kubokunda
ilk "Böyük final”
Maraqlı məqamdır ki, Azərbaycan kuboku tarixində ilk dəfə finalda "Böyük oyun” təşkil olundu. Mayın 28-də "Neftçi” və "Xəzər Lənkəran” arasında keçirilən oyunla 2012/2013-cü illər mövsümünə yekun vuruldu.
Mövsümün son qarşılaşmasında bu matç əzəli rəqiblər arasında 28-ci oyun oldu. İndiyədək təşkil olunan 27 görüşdə daha çox heç-heçə qeydə alınmışdı. Belə ki, matçların 11-də qalib müəyyənləşməmişdi. Komandalar hərəyə 8 dəfə qalib gəlməyi bacarmışdı. Top fərqində bakılılar öndə idi - 28:25.
27 matçdan 25-i Azərbaycan çempionatı çərçivəsində keçirilmişdi. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/2011-ci illər mövsümündə 1/4 finalda 2 dəfə üz-üzə gəlib. Finalda isə azarkeşlər ilk dəfə "Böyük oyun” izlədilər.
Kubokdakı yeganə oyun "Xəzər Lənkəran”ın xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn cənublular evdəki 1:1 hesablı bərabərliklə mərhələ adlamışdı.




Qalibi müəyyənləşdirən "ağ nöqtə”
Final matçı möhtəşəm ifa ilə başladı. Belə ki, Azərbaycan himnini bu dəfə ölkəmizdə çıxış edən legionerlər oxudular. Matça gəldikdə isə, oyun qarşılıqlı hücumlar şəraitində başladı. Lakin tərəflərin son anlarda qeyri-dəqiqlikləri hücumların böyüməsinə manne olurdu. Oyunun 19-cu dəqiqəsində künc zərbəsindən ötürülən topa Denis Silva başla zərbə endirsə də, Toni Doblas çətinlik çəkmədən topu tutdu. Birinci hissənin ortalarına yaxınlaşdıqca oyun daha çox meydanın mərkəzində keçirdi. Buna baxmayaraq, fasiləyədək nominal meydan sahibləri rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirdilər. Nikolas Kanales və Rəşad Sadiqovun uzaqdan zərbələrində azacıq dəqiqlik çatmadı.
"Neftçi” fasilədən sonra da hücumlarını davam etdirirdi. Oyunun 64-cü dəqiqəsində Bruno Bertuççinin cərimə zərbəsindən vurduğu top qapının yanından keçdi. Az sonra Elvin Yunuszadə qol vurmaq imkanını əldən verdi. Rəqib komandanın bunun cavabını qola verə bilərdi. Oyunun 76-cı dəqiqəsində Sadio uzaqdan topu qapıya vursa da, rəqib qapıçı Stamenkoviç əla sıçrayışla topu qapı xəttindən çıxartdı. Az sonra Sadio-Stamenkoviç cütlüyü yenə diqqət mərkəzinə düşdü. Bu dəfə də ikinci inamlı çıxışı ilə yadda qaldı. Matçın sonları yaxınlaşdıqca "ağ-qaralar” hücumlarının kəsərini artırırdılar. Lakin onlar ələ düşən qol imkanlarından lazımınca istifadə edə bilmirdilər. Oyunun 90-cı dəqiqəsində Mahir Şükürovun cərimə zərbəsindən təhlükəli hava ötürməsini qapıçı Doblas çətinliklə də olsa, dəf etdi.
Matçın əsas hissəsində qol vurulmadığına görə rəqiblər hərəsi 15 dəqiqə olmaqla daha 2 hissə mübarizə aparmalı oldular. Bu dəqiqələr də "Neftçi” klubunun üstünlüyü ilə keçdi. Qol vəziyyətlərinin birində Julius Vobayın hava ötürməsini Elvin Yunuszadə başla qapıya vursa da, top qapının yanından keçdi. Matça sonradan daxil olan Emin Mehdiyev fəallığı ilə seçilirdi. O, hətta oyunun qəhramanı ola bilərdi. Oyunun 105-ci dəqiqəsində Emin Mehdiyev topu boş qapıdan keçirə bilmədi. Flavinyonun cərimə meydançasında hava ötürməsinə "Xəzər Lənkəran”ın müdafiəçilərindən daha tez çatan Mehdiyev yaxın məsafədən vurduğu top qapının yanından keçdi. Nəticədə, 120 dəqiqədə qapılara top vurulmadı. Qalib penaltilər seriyasında bəlli oldu. 11 metrlik cərimə zərbələri "Neftçi” azarkeşlərinin oturduğu sektorun önündə olan qapıda keçirildi. Topa ilk olaraq, Nikolas Kanales yaxınlaşdı. Onun zərbəsi dəqiq oldu. "Xəzər Lənkəran”ın futbolçusu Dmitrios Sialmasın zərbəsini isə Stamenkoviç qaytardı. Hesab dəyişməz qaldı. Bundan sonda vurulan bütün zərbələr qola nəticələndi. Beləliklə, penaltilər seriyasında 5:3 hesabı ilə qələbə qazanan "Neftçi” 5-ci dəfə ölkə kubokunun qalibi oldu.
Oyundan sonra futbolçular arasında qalmaqal baş verdi. Klub rəsmiləri meydana çıxaraq hadisənin qarşısını almağa çalışdılar. Hətta polislə yanaşı, PFL rəhbərliyi də münaqişənin böyüməsinə imkan verməməyə çalışdı. Buna baxmayaraq, "Xəzər Lənkəran” klubunun məşqçi və futbolçusu xəsarət aldılar. Baş verənlərlə bağlı AFFA Nizam-İntizam Komitəsi yaxın vaxtlarda öz qərarını açıqlayacaq.
"Ağ-qaralar”dan yeni rekord
Azərbaycan kubokunun finalında "Xəzər Lənkəran”ı penaltilər seriyasında məğlub edən "Neftçi” yeni rekorda imza atıb. Paytaxt klubu tarixində 5-ci dəfə bu kuboku qazanmaqla, ölkəmizdə sözügedən mükafatı ən çox əldə edən yeganə komanda olub. Buna qədər isə "Neftçi” "Kəpəz” ilə birgə 4 dəfə bu titulun sahibi olmuşdu.
Qeyd edək ki, "ağ-qaralar” ilk dəfə Azərbaycan kubokuna 1994/1995-cü illər mövsümündə sahib çıxıblar.

Böyükağa Hacıyevin "siftə”si
"Neftçi”nin baş məşqçisi Kazbek Tuayev Azərbaycan kubokunun ilk qalibi olub. 3 qat ölkə çempionu həsrətinə isə o, XXI Azərbaycan kubokunun "Xəzər Lənkəran”la final oyununda son qoyub.
Böyükağa Hacıyev bu mükafatı qazanan 13-cü baş məşqçidir. Bu göstəricidə rekord isə Mehman Allahverdiyevə məxsusdur. O, 4 dəfə buna nail olub. Ağasəlim Mircavadov 3, Kazbek Tuayevlə Əsgər Abdullayev hərəyə 2 dəfə kubokun qalibi olublar. Digər 9 mütəxəssisin hərəyə 1 titulu var.
9 ildən sonra
Azərbaycan kubokunun finalında qələbə qazanan "Neftçi” 9 illik həsrətə son qoyub. "Ağ-qaralar” sonucu dəfə bu titula 2003/2004-cü illər mövsümündə sahib olublar.Həmin görüşdə paytaxt klubu "Şəmkir”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan oyunda "neftçilər” minimum hesablı qələbə qazanıb. "Neftçi”nin yeganə qoluna isə matçın 104-cü dəqiqəsində Samir Abbasov imza atıb. Bu illər ərzində "Neftçi” yalnız bir dəfə finalda oynayıb. 2011/2012-ci illər mövsümündə "ağ-qaralar” "Bakı” ilə üz-üzə gəlib. "Dalğa Arena”da keçirilən matçda "Neftçi” 2:0 hesabı ilə uduzub. Ardıcıl 2-ci dəfə finala çıxan paytaxt klubu "Xəzər Lənkəran” görüşdə bu uğursuzluğa son qoymağı bacarıb.




Oyunsonrası təəssüratlar
Rövnəq Abdullayev (AFFA-nın prezidenti): "Çox gözəl oyun oldu. Meydanda bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi. 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. "Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndim. Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.
Tahir Süleymanov ("Neftçi” klubunun vitse-prezidenti): "Bu gün stadionda çox möhtəşəm bir atmosfer var idi. Əsl finala layiq bir oyun oldu. Hər iki komanda qələbə qazanmaq üçün 120 dəqiqə mübarizə apardı. Oyunun əsas vaxtında çoxlu qol imkanlarımız oldu. Lakin bunlardan yararlana bilmədik. Beləliklə də, ölkə çempionunun yeni qalibinin adına 11 metrlik cərimə zərbələri seriyasında aydınlıq gəldi. Bu zərbələri də daha dəqiq yerinə yetirən komandamız çempion oldu. Layiqli qələbə qazandıq. Qələbə münasibəti ilə bütün azarkeşləri və komandanı təbrik edirəm”.
Con Toşak ("Xəzər Lənkəran” klubunun baş məşqçisi): "Finalda uduzmaq çox məyusedicidir. Həm də penaltilər seriyasında. Bu cür final karyeramda üç dəfə olub. Əvvəl "Real” (Sosyedad) və "Beşiktaş”la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm. "Neftçi” futbolçularını təbrik etmək və Saşa Stamenkoviçə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi. "Qarabağ” və "İnter”ə qarşı oynamamışıq, onların oyunları haqqında heç nə deyə bilmirəm. "Neftçi” oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. "Neftçi”yə UEFA Çempionlar Liqasında uğurlar arzulayıram. Azərbaycan çempionatı yeni inkişafda olan çempionatdır. Gələn mövsüm bizim üçün daha çətin olacaq, güclü rəqiblərə qarşı mübarizə aparacağıq”.
Böyükağa Hacıyev ("Neftçi” klubunun baş məşqçisi): "Hakim qapıçıya qapıda yerini tutmaq haqda göstəriş verəndən sonra Stamenkoviç buna əməl etməzsə, cəzalana bilər. Onun 11 metrlik cərimə zərbəsinə həssaslığı var. Bu, Stamenkoviçin serbsayağı uğur nişanıdır. Mən rəqib komandanın taktiki düzülüşünü görən kimi, Con Toşakın ikiqat müdafiə ilə oynadığını bildim. Meydana 8 müdafiəçi ilə çıxmışdılar. "Turan”, "Kəpəz” və "Sumqayıt”la oyunlarını izləmişdim. Açıq futbol oynasaydılar, onlar üçün ağır olardı. Toşak da təcrübəsinə güvənib müdafiə futbolu oynadı. 100 faizlik qol vəziyyəti yarada bilmədilər. Əvəzetmələr komandanın oyununu gücləndirə və ya sındıra bilər. Heyətdə olan futbolçuların nəyə qadir olduğunu bilirəm. Antalyada gündə 3 dəfə məşq edəndə bəzi insanlar buna qəribə yanaşdılar. Bunun nəticəsini indi gördük. Cavid İmamverdiyev "xəyallar dünyasında” yaşayır. Mitreski mənim istədiyim oyun fəlsəfəsinə uyğun futbolçudur”.



Oyunsonrası təəssüratlar
Rəşad Sadiqov ("Neftçi” klubunun kapitanı): "Nəhayət ki, "Neftçi” "qızıl dubl” edə bildi. Şadam ki, buna nail ola bildik. Çox çətin oyun idi. Komandamızın oyunu yaxşı alınmırdı. Təxminən iki saat ərzində komandalar qalibi müəyyənləşdirə bilmədilər. Düzdür, qələbəni penaltilər sayəsində əldə etdik. Amma istənilən halda belə bir zəfərə imza atmağımız çox xoşdur. Bu mövsüm istədiyimiz hər şeyə nail olduq: UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq, çempion olduq, kuboka sahib çıxdıq, "qızıl dubl” etdik. Buna görə də, özümü çox xoşbəxt hiss edirəm. Bütün bu uğurlarda "Neftçi”nin bütün kollektivi əlindən gələni etdi.
Sanki top "Xəzər Lənkəran”ın qapısına girmək istəmirdi. Biz bunun üçün çox çalışdıq. Kifayət qədər qol vəziyyətləri yaratdıq. Amma yenə də qol vurmağa nail ola bilmədik. "Xəzər Lənkəran” da zəif təsir bağışlamadı. Onlar ikinci "altılıq”da mübarizə aparsalar da, möhkəm və güclü komandadır. Bundan sonra əsas məqsədimiz ÇL-də qrup mərhələsinə yüksəlməkdir”.
Nikolas Kanales ("Neftçi” klubunun hücumçusu): "Biz qələbə ilə sübut etdik ki, "Neftçi” həqiqətən ölkənin ən yaxşı komandasıdır. Penalti seriyası zamanı mən də bəxtimi sınamağa qərar verdim. Çünki bunu bacaracağımı düşünürdüm. Düzdür, bir qədər həyacanlı idim. Amma sonda hər şey yaxşı alındı”.
Elnur Abdullayev ("Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi): "Danışmaq çox çətindi. Kuboku qazanmaq istəyirdik. Amma alınmadı. Penalti lotereyadı. Bu lotereyada bizim bəxtimiz gətirmədi”.
Mahir Şükürov ("Neftçi” klubunun müdafiəçisi): "Biz sübut etdik ki, daha güclüyük. Çempion olduğumuza görə, çox sevinirəm. Bu, ümumi komandanın qələbəsidir. Həm Topaz Premyer Liqasının, həm də ölkə kubokunun qalibi olduğumuza görə sevincim ikiqatdır. Bütün bu uğurlar onu göstərir ki, "Neftçi” elə əvvəlki əzəmətli "Neftçi”dir. "Xəzər” Lənkəran”ı da gözəl oyuna görə təbrik edirəm. Onlar həqiqətən də bu gün çox gözəl oyun sərgilədilər. Lakin sonda sevinən tərəf biz olduq. Futbolçular da bu uğuru gözləyirdi. Şükürlər olsun ki, istəyimizə nail olduq. Başda klubun prezidenti Sadıq Sadıqov olmaqla, komandamızı və azarkeşlərimizi təbrik edirəm”.
Saşa Stamenkoviç ("Neftçi” klubunun qapıçısı): "Belə ağır oyundan sonra qələbə qazandığımız üçün çox sevinirəm. Çünki final görüşü idi və bu kuboku qazanmaq üçün oynayırdıq. "Neftçi” kuboku əldə etdi. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizi dəstəkləmək üçün gəlmişdilər. Çünki futbolu azarkeşlərimiz üçün oynayırıq. Klub prezidentinə, vitse-prezidentə də çox sağ ol deyirəm. Ümid edirəm ki, onlara daha çox qələbə bəxş edəcəyik. Mən Toşakı çox yaxşı başa düşürəm. Çünki məğlub oldular. Buna görə də məyus idi. Önəmli heç nə olmadı. Toşak dahi məşqçidir”.
Emin Mehdiyev ("Neftçi” klubu
nun yarımmüdafiəçisi): "Bu gün 28 May - Respublika Günüdür. Bu əziz gündə çempion olmaq bizim üçün ikiqat şərəfdir. Həqiqətən də, çox çətin oyun keçdi. Oyunumuz alınmırdı. Lakin qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Matçın əsas vaxtında qələbə üçün lazım olan qolu vura bilmədik. Qalib oyunsonrası 11 metrlik cərimə zərbələrində müəyyənləşdi. Düşünürəm ki, elə güclü də qalib gəldi. Qələbə münasibəti ilə klub rəhbərliyini və azarkeşləri təbrik edirəm. Bütün kollektivə uğurlar arzulayıram”.