Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) 109 illik tarixində ilk dəfə olaraq federasiyanın icraiyyə komitəsinə qadın üzv seçilib. Bu qadın Burundi Futbol Federasiyasının başçısı və Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 46 yaşlı Lidiya Nsekeradır.FİFA-nın Hind okeanındakı Mavrikiya adasında başa çatan konqresdə o, 203 səsdən 95 səs qazanıb. Avstraliya qadın yığmasının keçmiş oyunçusu, hazırda Asiya Futbol Konfederasiyasının vitse-prezidenti Moye Dodd 70 səs, Atlantik okeanında yerləşən Baham arxipelaqının cənub-şərq hissəsindəki Terks və Kaykos adalarından olan Sonya Byen-Eym isə 38 səs toplayıb. Onların hər ikisi FİFA-nın icraiyyə komitəsinə bir il müddətinə üzv qəbul olunublar.