Bununla belə, qazanılan 1 xal təmsilçimizi 4-cü pilləyə yüksəltdi
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
Azərbaycan - Lüksemburq - 1:1 (0:0)
Qollar: R. Abışov, 71 - S. Bensi, 79.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 6. Rəşad Sadiqov, 17. Araz Abdullayev (10. Elvin Məmmədov, 84), 19. Rahid Əmirquliyev (11.Branimir Subaşiç, 62), 7. Vaqif Cavadov, 20. Rüfət Dadaşov.
Lüksemburq: 1.Conatan Juber, 4. Erik Hofman (k),
5. Maksim Şano, 7. Massimo Martino, 16. Kris Filips (10. Ben Payal, 46), 17. Mario Muş, 18. Loren Yens, 22. Lars Gerson, 11. Stefano Bensi, 13. Ourelien Yoahim, 21. Mauris Devil, (14. Tom Laterza, 27-9. Daniel Da Mota, 78).
Hakimlər: Mihalu Fabian, İstvan Norbert Albert, Peter Berettian, Sandor Ando-Szabo (hamısı Macarıstandandır).
Sarı vərəqələr: V. Cavadov, 73, R. Sadiqov, 74 - M.Muş, 44, S. Bensi, 61, E. Hofman, 75, T. Laterza, 76.
Qırmızı vərəqə: B. Subaşiç, 85.
7 iyun. Bakı. "Bakcell Arena” stadionu. 9 258 tamaşaçı.
İyunun 7-də Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. Yığmamız yer aldığı F qrupunda Lüksemburq millisi ilə münasibətlərinə aydınlıq gətirdi. "Bakcell Arena” stadionunda təşkil olunan matçda yığmamız qrupda ilk qələbəsini qazana bilmədi. Düzdür, görüşə daha yaxşı başlayan komandamız oldu. Amma Ruslan Abışovun qol sevinci çox çəkmədi. Çünki Stefan Bensi bərabərlik qolunu vurdu. Azərbaycan - Lüksemburq qarşılaşması növbəti dəfə heç-heçə ilə başa çatdı.
Hücumçuların yoxluğunda təmsilçimiz nəyə ümid edirdi?
Komandamız qrupda 2 xalla sonuncu olan Lüksemburqu qəbul edirdi. Bu qarşılaşmanı "qələbəyə həsrət qalanların oyunu” kimi də qələmə vermək olardı. Belə ki, rəqibini turnir cədvəlində qabaqlayan millimizin hesabında 3 xalı olsa da, bunlar yalnız heç-heçə sayəsində qazanılmışdı. Maraqlıdır ki, həm Lüksemburq, həm də Azərbaycan Şimali İrlandiya ilə səfər matçından 1:1 hesablı heç-heçə ilə 1 xal əldə etmişdi.
Millimizin bu il rəsmi oyunda qarşılaşdığı Lüksemburqla səfər matçından qələbə ilə qayıdacağı gözlənilsə də, bu, baş vermədi. Qolsuz heç-heçə ilə kifayətlənən futbolçularımız bu dəfə, Berti Foqts demişkən, 3 xal "borclarını” qaytarmalı idilər. Çünki azarkeşləri qələbədən başqa heç bir nəticə razı sala bilməzdi. Hər halda, cari seçmə mərhələdə uzun müddət gözlədiyimiz qələbə ümidləri məhz Lüksemburqla ev oyununa yönəlmişdi. Düzdür, eyni xala malik olduğumuz Şimali İrlandiya bu tur istirahət etdiyindən, hətta heç-heçə də, turnir cədvəlində 4-cü olmağımıza imkan verəcəkdi. Ancaq təbii ki, 1 xallıq fərq azdır və qrupda 4-cü yerə iddiamız varsa, daha irəli getmək imkanından maksimum yararlanmaq lazım idi.
Təmsilçilərimizin ev oyunlarının çoxu bu ilə təsadüf etdiyindən, 67 yaşlı almaniyalı çalışdırıcımızın daha çox xal yığıb, öz rekordunu yeniləcəyinə inam böyük idi. Bunu isə məhz lüksemburqlularla matçdan başlamaq lazım idi. İsrail yığması ilə səfər görüşünə çıxacaq millimizin dünya çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparan rəqibdən xal alacağı inandırıcı görünmür. Son 2 oyunumuz isə oktyabrda - Şimali İrlandiya və Rusiya ilə ev matçlarımız olacaq ki, həmin görüşlərdə xal ümidimiz böyükdür. Səfərdə oyunun 90+6-cı dəqiqəsinə kimi irəlidə olduğumuz, yalnız son saniyələrdə buraxdığımız qolla 1 xal qazandığımız britaniyalılara qalib gəlmək şansımız var. Rusiyanın isə həmin vaxt qrup qalibi kimi dünya çempionatına vəsiqə əldə edəcəyi gözlənildiyindən, ruslarla oyunda, ən azı, 1 xala ümid etmək olar.
Yığmamız meydana itkilərlə çıxmışdı. Rauf Əliyevlə Vüqar Nadirov cəzalı olduqlarından kənarda qalmışdılar. Cihan Özkara çağırılsa da, milliləşdirilən türkiyəli hücumçu zədəli olduğundan heyətdən kənarlaşdırılıb. Digər milliləşdirilən hücumçu Pərdis Fərcad-Azadın isə zədəsi olduğundan, meydana çıxacağı sual altında idi. Təbii ki, birdən-birə 4 hücumçunun yoxluğu ciddi problem yaradırdı. Ancaq digər tərəfdən, bu, ehtiyatda qalan ön xətt oyunçuları üçün yaxşı şans idi. Bunu ilk növbədə 2007-ci ildən millimizdə çıxış edən, bu il qola həsrət qalan Branimir Subaşiçə aid etməliyik. Rüfət Dadaşov isə Qətərlə yoldaşlıq görüşündə millimizdə qol hesabını açmaqla diqqəti özünə cəlb etmişdi. Həm hücumda, həm də yarımmüdafiənin sol cinahında oynaya bilən Vaqif Cavadov da öz sözünü deməli idi. Hər halda, millimizə sonuncu qələbəni məhz o, fevralda Lixtenşteynlə yoldaşlıq görüşündə penaltidən vurduğu qolla gətirmişdi.B. Foqtsun müdafiədə də qayğıları olsa da, zədələri olan Rəşad Sadıqov, Mahir Şükürov, Maksim Medvedev son günlərdə qrup halında çalışmalarda iştirak etmişdi.
Azərbaycan - Lüksemburq matçı ilə bağlı daha bir məqam oyunun məkanı ilə bağlı idi. Belə ki, bir müddət əvvəl açılan "Bakcell Arena”da yığma səviyyəsində ilk oyun olacaqdı. Təbii ki, bu da qələbə qazanmağa əlavə stimul verirdi. Hər halda, hər bir stadionun açılışını qələbə ilə qeyd etmək gözlənildi.
Nəticələr, yubiley həvəsi və nəhsə düşmək arzusu
İyunun 7-də Lüksemburqla ev oyununda qazanılacaq qələbə Azərbaycan millisi üçün əlamətdar olacaqdı. Komandamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə yubiley - 10-cu qələbəsinin bir addımlığında idi. Belə ki, 32-ci seçmə mərhələ oyununa çıxan millimiz geridə qalan dövrdə 9 qələbə qazanmış, 10 heç-heçə etmiş və 12 oyunda uduzmuşdu. Topların fərqi 27-36 rəqiblərin xeyrinə idi. Qeyd edək ki, yığmamız seçmə mərhələdə ilk qələbəsini 1996-cı il avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığması üzərində qazanıb. Cari seçmə mərhələdə 3 xal toplasa da, hələlik qələbəsi olmayan Berti Foqtsun yetirmələri sonuncu dəfə 21 ay əvvəl buna sevinmişdi. Belə ki, millimiz 2011-ci ilin sentyabrın 6-da Qazaxıstan yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda 3:2 hesabı ilə yenəndən sonra rəsmi oyunda qələbə qazana bilməmişdi.
Millimiz qrup autsayderinə qalib gələcəyi təqdirdə, bu, Foqts üçün nəhs - 13-cü qələbə olacaqdı. Belə ki, 2008-ci ilin aprelində baş məşqçi təyinatı gerçəkləşən çalışdırıcı indiyədək bu vəzifədə 57 oyunda 12 qələbəyə sevinmişdi. B. Foqtsun komandası 17 dəfə heç-heçə edərək, 40 dəfə uduzmuşdu. Millimiz vurduğu 44 qolun qarşılığında 83 dəfə öz qapısında top görmüşdü.
Ümumiyyətlə, 21 yaşı olan millimiz tarixində 197-ci oyuna çıxıb. Bunlardan 35-də qələbə qazanılıb, 51-də heç-heçə, 110-da isə məğlubiyyət qedə alınıb. Topların fərqi 136:341 hesabı ilə yığmamızın əleyhinədir.
Qeyd edək ki, millimiz sonuncu qələbəsini bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində qazanıb. Lixtenşteyn yığması ilə Dubaydakı təlim-məşq toplanışında 1:0 hesablı qələbə Vaqif Cavadovun 11 metrlik cərimə zərbəsindən vurduğu qolla qazanılıb.
Dəyişməyən taktiki sxem
Almaniyalı baş məşqçi Berti Foqts təmsilçilərimizi 4-5-1 taktiki sxemində oyuna çıxartmışdı. Belə ki, qapını Kamran Ağayevə tapşıran B. Foqts müdafiənin mərkəzində Rəşad Sadıqovla Rasim Ramaldanova, solda Elnur Allahverdiyevə, sağda isə Mahir Şükürova şans vermişdi. Dayaq yarımmüdafəçiləri kimi Ruslan Abışovla Rahid Əmirquliyev çıxış edirdi. Yarımmüdafiənin sol cinahı Vaqif Cavadova, sağ cinahı Araz Abdullayevə həvalə olunub. Rəşad Sadiqov oyun qurucusu kimi hücumda tək olan Rüfət Dadaşova yardım edirdi.
Bəxti gətirən Lüksemburq...
Oyun meydan sahiblərinin ərazi üstünlüyü ilə başladı. Komandamız ilk dəqiqələrdən topa nəzarət edirdi. Bunun nəticəsi olaraq, həmyerlilərimzin təşkil etdiyi ilk hücumda hesabı açmaq mümkün idi. Matçın 7-ci dəqiqəsində Vaqif Cavadovun künc zərbəsindən ötürdüyü topu Ruslan Abışov başla qapıya vursa da, top dirəyə tuş gəldi. Az sonra millimiz yenə diqqət mərkəzinə düşdü. V. Cavadovun əla ötürməsindən sonra topu ələ keçirən Mahirin həlledici zərbəsində azacıq dəqiqlik çatmadı. Komandamız rəqib müdafiəsini təzyiq altında saxlayır və onları qapısına doğru sıxışdırırdı. Hücumlarını davam etdirən meydan sahibləri daha bir 100 faizlik qol imkanını əldən verdilər. Oyunun 23-cü dəqiqəsində Elnur Allahverdiyevin cinah ötürməsindən sonra V. Cavadovun yaxın məsafədən zərbəsi qapı tirinə dəydi. Təmsilçilərimiz oyunun ilk yarım saatında yaxşı təsir bağışlasa da, çatışmayan yeganə şey qol idi. Fasilədək millimiz qol imkanlarını sağa-sola "xərclədi”. Təhlükəli hücumu zamanı R. Abışovun həlledici zərbəsi qapının yanından keçdi.
...1 xal qazandı
Millimiz ikinci hissəyə də hücumlarla başladı. İlk hissədə fəal olan V.Cavadovun yaxın məsafədən vurduğu zərbə qapının azacıq yanından keçdi. Qonaqlar da ara-sıra hücumlar qurmağa can atırdılar. Lakin onların hücumu zamanı gah müdafiəçilərimiz inamlı çıxış edir, gah da rəqib qeyri-dəqiq zərbələri ilə yadda qalırdı. Oyunun 57-ci dəqiqəsində Yoahimin zərbəsi qapının üstündən keçdi.
Hesabın dəyişmədiyini görən Berti Foqts millinin heyətində dəyişiklik etdi. Almaniyalı mütəxəssis Rahid Əmirquliyevin əvəzinə Branimir Subaşiçi "döyüş”ə atdı. Bundan sonra yığmamız hücumda daha da fəallaşdı. Oyunun 69-cu dəqiqəsində künc zərbəsindən yerinə yetirilən "ev tapşırığı” zamanı Rəşad Sadıqovun vurduğu topu rəqib qapıçı çətinliklə dəf etdi. Hücumlarını davam etdirən həmyerlilərmiz 2 dəqiqə sonra hesabı açmağa müvəffəq oldular. Sağ cinahdan təşkil olunmuş hücum zamanı Araz Abdullayevin ötürdüyü topu R. Abışov başla uzaq "doqquzluğ”a göndərərək, meydana toplaşmış azarkeşləri sevincə qərq etdi - 1:0. Qeyd edək ki, bu, Ruslan Abışovun millidə 4-cü qolu oldu. Ruslan millidə qollarının sayına görə kapitan Rəşad Sadıqova çatdı. Onun seçmə mərhələlərdə 3 qol vurduğunu nəzərə alsaq, siyahıda məşqçisi Nazim Süleymanov, komanda yoldaşları Rauf Əliyevlə Vüqar Nadirov, habelə artıq karyerasını başa vuran Fərrux İsmayılovla eyni pillədədir. Qoldan sonra arxayınlaşan meydan sahibləri əvəzində qapısında qol gördü. Oyunun 80-cı dəqiqəsində cərimə meydançası yaxınlığında müdafiəçilərimizin zərərsizləşdirə bilmədiyi Bensinin zərbəsi qolla nəticələndi. Bundan sonra oyunda yalnız bir diqqətçəkən məqam oldu. Subaşiç rəqib futbolçuya qarşı kobud oynadığına görə, baş hakim tərəfində qırmızı vərəqə ilə "mükafatlandırıldı”. Matçın sonuna kimi tərəflərin səyinə baxmayaraq, 1:1 hesabı sonadək dəyişmədi.
Yeri gəlmişkən, Azərbaycan milli komandasının yer aldığı qrupda bütün diqqətlər Lissabona yönəldi. Belə ki, yerli Portuqaliya yığması Rusiya komandası ilə münasibətlərinə aydınlıq gətirdi. Portuqaliyalılar qalib gələrək, liderliyi ələ keçirməyə çalışırdı. Onlar istəklərinə nail oldular. Görüşə meydan sahibləri daha yaxşı start verdilər. Artıq matçın 9-cu dəqiqəsində Elder Poştiqa hesabı açıb. Fasiləyə məğlub durumda yollanan şimal qonşularımız ikinci hissədə hesabı bərabərləşdirməyə çalışıblar. Lakin oyunda bundan başqa qol olmayıb - 1:0. Bu qələbədən sonra Portuqaliya xalını 14-ə çatdıraraq, qrup liderliyinə yüksəlib. Qeyd edək ki, bu komandaların Rusiyada keçirilən oyununda meydan sahibləri eyni hesabla qələbə qazanmışdılar.
Növbəti oyunda yenidən 2 hücumçusuz
Həmyerlilərimiz lüksemburqlularla oyunda qələbəni əldən verməklə yanaşı, 2 əsas futbolçusunu da itirib. Yığmamızın 2 hücumçusu - milliləşdirilən serbiyalı Branimir Subaşiçlə Vaqif Cavadov cəzalı duruma düşdüklərindən növbəti oyunda - sentyabrın 6-da İsraillə səfər matçında meydana çıxa bilməyəcəklər.
Oyunun 62-ci dəqiqəsində meydana çıxan Subaşiç bundan 23 dəqiqə sonra qırmızı vərəqə aldığından, növbəti görüşdə meydana çıxmayacaq. Vaqif isə matçın 73-cü dəqiqəsində sarı vərəqə aldı ki, bu da cari seçmə mərhələdə onun 2-ci cəzasıdır. Mövsümlərarası fasilədə "Qarabağ”dan "İnter”ə keçən V. Cavadov ötən ilin oktyabrında Rusiya yığmasına Moskvada 0:1 hesabı ilə uduzduğumuz oyunun 37-ci dəqiqəsində sarı vərəqə almışdı.
Branimir isə 2007-ci ildən çıxış etdiyi millimizdə ilk dəfə qırmızı vərəqə alıb. İndi məsələ ondadır ki, "Qarabağ”la müqaviləsi bitdiyindən klubsuz olan hücumçu 1 yox, ən azı, 2 oyun cəzalı olacaq. Çünki Subaşiç kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Belə olan halda isə, Nizam-İntizam Komitəsi futbolçuya, ən azı, 2 oyunluq cəza verir.
Sevindirici haldır ki, millimizin 2 hücumçusu sıraya qayıdır. Belə ki, 2 sarı vərəqə səbəbindən Lüksemburqla matçı buraxan "Qarabağ”ın oyunçusu Vüqar Nadirov artıq cəza müddətini başa vurub. "Bakı”nın hücumçusu Rauf Əliyev isə Portuqaliya ilə Tofiq Bəhramov adına Respublika stadionunda matçda qırmızı vərəqə aldığından, cəzalı idi. O, 2 "sarı”ya görə meydandan çıxarıldığından, 1 oyunluq kənarda qalmışdı və deməli, İsraildə meydana çıxa biləcək. Qeyd edək ki, Lüksemburqla oyunun 74-cü dəqiqəsində "Neftçi”nin kapitanı Rəşad Sadiqov da sarı vərəqə alıb.
Qələbə həsrəti daha 3 ay çəkəcək
Təmsilçimizin rəsmi oyunlarda qələbə həsrəti, ən azı, daha 3 ay davam edəcək. Millimiz sonuncu dəfə seçmə mərhələdə 2011-ci ilin sentyabrın 6-da qələbəyə sevinib. Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan yığmasını 3:2 hesabı ilə yenmişik. Mahir Şükürov (penaltidən), Rauf Əliyev və Vaqif Cavadovun vurduğu qollar bizə son qələbəni gətirib. Komandamız bundan sonra keçirdiyi yoldaşlıq görüşlərində qalib gəlsə də, rəsmi matçlarda buna nail olmayıb. Nəticədə, yığmamız seçmə mərhələ çərçivəsində artıq 8-ci oyundur qalib gələ bilmir.
Maraqlıdır ki, Berti Foqtsun komandasının növbəti rəsmi oyunu son dəfə qələbə qazandığı tarixə, yəni sentyabrın 6-na təsadüf edir. Onda İsrail yığmasının qonağı olacaq futbolçularımız 3 xal qazana bilməsə, bu həsrət düz 2 il davam edəcək. Uğursuz seriya artıq 21 aydır, yəni 464 gündür davam edir.
..............................................................................
Oyundan sonra
Filip Paul (Lüksemburq Futbol Federasiyasının prezidenti): "Çox maraqlı oyun idi. Fikrimcə, nəticə də ədalətli oldu. Birinci hissədə zəif oynadıq. Ancaq fasilədən sonra daha fəal idik və qol vəziyyətləri yaratdıq. Təəssüf ki, son saniyədə şansımızı əldən verdik. Bununla belə, Bakıdan 1 xalla qayıdırıq və buna görə çox xoşbəxtik”.
Mahir Şükürov (Azərbaycan milli komandasının müdafiəçisi): "Qələbə qazana bilmədiyimizə görə məyusuq. Sözün açığı, ilk hissədə məsələni həll edə bilərdik. Çünki qol vurmaq şanslarımız çox oldu. İkinci hissəyə yaxşı başladıq. Qol vurduq, amma qapımızda da qol gördük. Futboldur, nə demək olar ki? Şanslardan sən yararlana bilməyəcəksənsə, qarşı tərəf bundan istifadə edib qol vuracaq. Məncə, hesabda önə keçdikdən sonra orta xəttə möhkəmləndirilməli idi. 2 hücumçunun meydana buraxılması düzgün addım deyildi. Mərkəzdə əlavə 1 oyunçu olsa idi, hesabı qoruyub saxlamaq olardı. Çünki oyunun başa çatmasına 10-12 dəqiqə qalmışdı”.
Luk Holts (Lüksemburq millisinin baş məşqçisi): "Birinci hissədə bir xal qazandıq, amma ikinci hissədə iki xal itirdik. Oyun çox sürətli gedirdi. Birinci hissədə çoxlu səhv etdik. Bu da düzgün oynamamaqdan irəli gəlirdi. Fasilədə futbolçulara dedim ki, kompakt oynasanız, topu özünüzdə saxlaya biləsiniz. Yaratdığımız epizodlar zamanı futbolçularımız ani qərar verməkdə çətinlik çəkirdilər. Fikrimcə, oyunçularımızda ustalıq səviyyəsi yüksək olsaydı, qol şanslarımızı dəyərləndirə bilərdik”.
Ruslan Abışov (Azərbaycan milli komandasının müdafiəçisi): "Təbii ki, qələbəni əldən verdiyimizə görə məyusuq. İkinci qolu vurmağa yaxın olsaq da, şansımızdan yararlana bilmədik. Hesab 1:1 olandan sonra ruhdan düşdük. Çünki azarkeşlər "istefa” qışqırırdı. Bu da bizi ruhdan salırdı. Üstəlik, baş hakim Branimir Subaşiçə qırmızı vərəqə verməklə bizim ümidlərimizi "öldürdü”. Mən demək istəyirəm ki, əgər qol buraxdıqdan sonra "istefa” qışqıracaqlarsa, heç belə azarkeşlər gəlib oyunumuza baxmasınlar. Belə şeylər biz futbolçulara, şəxsən mənə çox pis təsir edir”.
Stefano Bensi (Lüksemburq milli komandasının hücumçusu): "Bu oyunu heç vaxt unutmayacağam. Çünki millidə ilk qolumu Bakıda vurdum. Allaha şükür edirəm ki, bu mövsüm mənim üçün uğurlu keçdi. Əvvəlcə 20 qolla Lüksemburq çempionatında 2-ci bombardir oldum. Əsas bombardir olmağıma 1 qol az vurmağım mane oldu. Ancaq bununla belə, ölkəmdə ilin futbolçusu seçildim. Bu mənə millinin oyunu ərəfəsində çox böyük inam verdi. Sizin komandanıza həlledici qolu vurmağı bacardım. Sevinirəm ki, mənim qolum yığmamızın Bakıda hədəfinə çatmasına imkan verdi”.
Elnur Allahverdiyev (Azərbaycan milli komandasının müdafiəçisi): "Təəssüf ki, belə bir rəqibə qalib gələ bilmədik. Ələ düşən qol imkanlarından lazımınca istifadə etmədik. Halbuki, onların sayı kifayət qədər oldu. Bütövlükdə, yaxşı oynadığımızı düşünürəm. Qol vurmaq imkanım var idi. Həmin vəziyyətdə fərqlənə bilmədiyimə görə çox təəssüflənirəm. Bu, mənə çox pis təsir etdi. Yəqin ki, növbəti oyunda bunun əvəzini çıxmağa çalışacağam. Rəqibə uduzduq. Amma bunun faciəvi olduğunu düşünmürəm. Bu, futboldur və oyun istənilən hesabla nəticələnə bilər. Heç bir futbolçumuz Lüksemburqla heç-heçə etməyi arzulamazdı. Allah eləsin ki, növbəti oyunlarda bu uğursuzluğu unutdura bilək. Biz əvvəllər də güclü rəqiblərə qalib gəlirdik, indi də bunu bacararıq. Bunun üçün Lüksemburqa məğlubiyyəti unutmaq lazımdır. Növbəti oyunlarda qələbəyə köklənməliyik”.
Erik Hoffmann (Lüksemburq milli komandasının kapitanı): "Bakıya, ən azı, 1 xal qazanmaq üçün gəlmişdik. Bunu bacardığımız üçün çox şadıq. Qarşıdakı oyunlarda da xal qazanmaq istəyirik. Birinci hissədə pis oynadıq. Rəqib bizi qapımıza doğru sıxışdırmışdı. Lakin fasilədən sonra fərqli oynadıq. Qol buraxdıqdan sonra ruhdan düşmədik. Hətta qələbə də qazana bilərdik. Lakin təcrübəsizlik öz sözünü dedi”.
Rahib Sahiboğlu