İyunun 13-də "JW Marriot Absheron Baku” mehmanxanasında Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirildi. Tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, "Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Ahmet Sezer, veteran futbolçular və KİV nümayəndələri iştirak edirdi.
İlk olaraq söz Ramin Musayevə verildi. O, çıxışı zamanı "Topaz”dan razı qaldığını vurğuladı: "Azərbaycan kubokunun final oyunu ilə əlaqədar olaraq "Topaz”la birgə aprel və may aylarının ən yaxşılarının mükafatlandırma mərəsimini bu gün keçirməyi qərara aldıq. "Topaz”la əməkdaşlığımızın bir ili tamam olmaq üzrədir. Hamı bilir ki, "Topaz”ın Azərbaycan futboluna böyük faydası oldu. Ötən mövsümün oyunlarını televiziyada birbaşa yayımının sayı, əvvəlki mövsümlərlə müqayisədə, 2 dəfə artdı. Bu isə "Topaz”ın 2 ilin işini 6-7 ay ərzində görməsi deməkdir. Növbəti mövsüm daha çox oyun yayımlanacaq. "Topaz” hətta, I Divizion oyunlarının yayımında da köməyini əsirgəmədi. Bir sözlə, "Topaz”la əməkdaşlıqdan razıyıq”.

Ramin müəllim Azərbaycan kubokunun final matçından sonra baş verən hadisədə PFL-in məsuliyyətinin az olduğunu bildirdi: Bizim 300-400 mühafizəçi saxlamaq imkanımız yoxdur. Əgər oyunlar zamanı təhlükəsizliyə daxili qoşunlar da cəlb olunursa, deməli, mühafizəçilər toqquşmaların qarşısını ala bilməzlər. Cəmi 12 mühafizəçimiz var, onlar da hakimləri qoruyurlar. PFL-in o qədər büdcəsi var ki, 300-400 nəfərlik qoşun saxlayaq? Daxili İşlər Nazirliyinin əməyini final matçından sonrakı 10 saniyəlik mübahisəyə görə itirə bilmərik. Heç kəsin yox, bizim gördüyümüz işlərə kölgə düşdü. Bizi günahlandıran klub rəhbəri həmin vaxt qaçıb gizləndi. Ən azı, futbolçuların qarşısında dayanmalı idi. Növbəti mövsümdə bu cür hadisələr olmaması üçün əlimizdən gələni edəcəyik. Mövsüm ərəfəsində daxili işlər naziri Ramil Usubova bu barədə müraciət edəcəyəm. Amma heç kim belə hadisələrdən sığortalanmayıb. Final oyununda ən çox tənqid olunan da, ən çox əziyyət çəkən də biz olduq. Halbuki bizim günahımız uzağı 2 faiz idi. Kim günahını qəbul etmirsə, bunu onun öz vicdanına buraxıram”.
PFL prezidenti gələn mövsümdən "altılıq” sisteminin ləğv olunmasını və 10 komandadan ibarət 4 dövrəlik sistemə keçilməsini klub sponsorlarının qarşılaşdığı problemlərlə əlaqələndirdi. Onun sözlərinə görə, I Diviziondan Premyer Liqaya gəlmək imkanı olan komanda yoxdur. "Nə vaxt komanda gəldi, biz qəbul etmədik? I Diviziondan Premyer Liqaya gəlmək istəyən komanda olsa, qəbul etməyə hazırıq. Deyirlər ki, Naxçıvanda "Araz” komandası yaranır. Amma bu klubdan, PFL-in rəhbəri kimi, mənə hələ də müvafiq məktub gəlməyib. Əvəzində I Diviziondan 7-8 komanda mənə yazır ki, Naxçıvana getmək problemimiz olacaq, bunu nəzərə alın. Elə klublar var ki, I Divizionda qeyri-qanuni oynayır. Onları çempionata buraxmasaq, bizi günahlandıracaqsınız. Ötən mövsümün sonlarında dedilər ki, "Şahdağ” Premyer Liqada oynamaq istəyir. Çox sevindim. Amma sonda məlum oldu ki, sponsorlar imtina ediblər. Premyer Liqa klublarından 55-60 faizinin bizə borcu var. Yaranmış vəziyyətdən bir çıxış yolu görürəm ki, klublara sponsorluq edənlər vergidən azad olunsunlar. Hətta AFFA prezidenti Rövnəq Abdullayev də ölkə rəhbərliyinə bunu təklif etmişdi. Lakin həmin vaxt digər federasiyalar "Bizi də vergidən azad edin” demişdilər”, - deyə o bildirdi.
Ramin Musayev növbəti mövsümün təqvimində Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun turlararası təlim-məşq toplantıları keçirmək istəyini nəzərə almayacaqlarını vurğuladı. "Ötən il təlim-məşq toplanışlarını nəzərə alırdıqsa, qarşıdakı mövsümdə belə bir imkanımız yoxdur. "Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyini nəzərə almamağımız bizim səhvimiz idi. Buna görə də, mövsüm ərzində təqvimlə bağlı bəzi problemlər oldu. Amma növbəti mövsümdə çalışacağıq ki, təxirəsalmaların sayını məhdudlaşdıraq”, - deyə o əlavə etdi.

PFL prezidenti Premyer Liqada hakim səhvlərinə qarşı mübarizəni də sərtləşdirəcəklərini bildirdi. O, hazırkı halda hakimlərə verilən qonorarın qənaətbəxş olduğunu söylədi: "Məncə, vicdanlı hakim üçün o qonorar bəs edir. Bir aya hakimlərimiz 2000-2500 manat pul alır. Bizim işimiz başqa yollarla pul qazanmaq istəyən hakimlərin futbolda olmasına yol verməməkdir. Hansı hakimin çempionata buraxılmamasını tələb ediriksə, AFFA onları oyuna buraxmır.
Ahmet Sezer PFL-lə əməkdaşlıqdan razı olduğunu bildirdi: "Bu il Peşəkar Futbol Liqası ilə əməkdaşlığımızın bir ili tamam olur. Biz Premyer Liqaya sponsorluq etməyə başlayanda Ramin Musayevə verdiyimiz sözlər var idi, bu sözləri necə həyata keçirəcəyimiz barədə düşünürdük. Lakin ötən 6 ay ərzində bu sözləri tuta bildik və buna görə çox sevincliyik. "Topaz” olaraq Azərbaycan Premyer Liqasının sponsoru olmaqdan böyük bir qürur hissi keçiririk. "Topaz” artıq 3 ildir ki, fəaliyyət göstərir. İndi Azərbaycanın, demək olar ki, bütün rayonlarında 500-ə yaxın nümayəndəliyimiz var, 1000-dən çox insanı işlə təmin etmişik. İdmana marağı artırmaq üçün futbola dəstək verdik. Gələcəkdə də bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Ramin Musayevə və mətbuat işçilərinə verdikləri dəstəyə görə minnətdaram”.
Çıxışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi oldu. KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda aprelin, "Neftçi”nin çilili hücumçusu Nikolas Kanales isə mayın ən yaxşı futbolçusu kimi pul mükafatına və hədiyyəyə layiq görüldülər. Hər iki legioner futbolçu hazırda ölkəmizdə olmadıqlarından onların mükafatları klubların nümayəndələrinə təqdim olundu.
Ötən iki ayda vurulan ən gözəl qolların müəllifləri PFL-in rəsmi saytında keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olundu. Müvafiq olaraq aprel və may aylarında ən gözəl qolların müəllifləri seçilən "Rəvan”ın yarımmüdafiəçiləri Tofiq Mikayılovla Ramazan Abbasova da pul mükafatı və qiymətli hədiyyə verildi.
Rahib Səmədov