Sadıq Sadıqov: “Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudur”

Sadıq Sadıqov: “Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudur”


"Neftçi” klubu bu mövsümdə ilk transferini həyata keçirib. "Ağ-qaralar” bu həftə braziliyalı müdafiəçi Karlos Alekşandre Kardoso ilə iki il müddətinə müqavilə imzalayıb. 29 yaşlı braziliyalı "Neftçi”də 2 nömrəli formanı geyinəcək.
Yeni transferi klubun bazasında olub və "Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovla görüşüb. Klub prezidenti yeni transferlə bağlı klubun rəsmi saytına açıqlama verib: "Bilirsiniz ki, "Neftçi”nin hədəfləri hər zaman böyük olub. Əminəm ki, Kardoso "Neftçi”nin hədəflərinə uyğun futbolçudur. Bu oyunçu həm daxili çempionatda, həm də UEFA Çempionlar Liqasında komandamızın gücünə güc qatacaq. Lakin Kardoso ilə kifayətlənmək niyyətində deyilik. Çempionlar Liqasında azarkeşlərimizi sevindirmək və uğurla çıxış etmək üçün heyətimizi daha da gücləndirəcəyik”.
"Neftçi”nin yeni transferi Kardoso isə klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Bakıya ilk görüşdən heyran qaldım. Bura gəlməzdən öncə "Neftçi” haqda məlumat toplamışdım. Ardıcıl üç mövsüm çempion olan və Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən klubun formasını geyinmək məsuliyyətimi artırır. Mənə başqa klublardan da təkliflər çox idi. Bu gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm. Onunla söhbətdən sonra bir daha əmin oldum ki, seçimim doğrudur. Ümid edirəm ki, "Neftçi” bu mövsüm də tarix yazacaq və mən də bu tarixin bir parçası olacağam”.