Dünən UEFA Çempionlar Liqasında (ÇL) 2013/14-cü illər mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. UEFA-nın mənzil-qərargahında təşkil olunan tədbirdə Avropanın ən nüfuzlu turnirində ölkəmizi təmsil edən "Neftçi” klubunun rəqibi müəyyənləşib. I təsnifat mərhələsindən azad olan komandamız "səpələnmişlər” arasında olduğundan, münasib komanda ilə düşəcəyi gözlənilirdi.
Gələn həftə start götürəcək ilk mərhələdə ən zəif reytinqi olanlar - "Streymur” (Farer adaları, 2,316), "Tre Penne” (San-Marino, 1,383), "Lusitanos” (Andorra, 1,100) və "Şirak” (Ermənistan, 0,850) oynayacaq. Həmin 2 qalib komanda iyulun ortasında başlayacaq II mərhələdə mübarizəyə qoşulacaq.
Püşkatmadan əvvəl təmsilçimizin mümkün rəqibləri bəlli idi. Belə ki, "Styaua”, "Viktoriya”, "Şerif” və "Maribor” komandaları ilə birgə I qrupda yer alan "Neftçi” "Jelezniçar”, "Skenderbeu”, "Birkirkara”, "Vardar” və "Sutyeska” klublarından biri ilə düşəcəkdi.
Son çempionumuz turnirdə mübarizəyə Albaniyanın "Skenderbeu” klubu ilə oyunla başlayacaq. Mütəxəssislər bu oyunda çempionumuzun yüksək fərqlə qalib gələcəyini proqnozlaşdırırlar. Komandamız kimi son 3 ildə ölkəsinin çempionu olan Korça təmsilçisi ilk oyunu Bakıda keçirəcək. Bununla da, "Neftçi” ötən yaydakı kimi turnirdə öz meydanında start götürəcək. Ancaq fərq ondadır ki, bakılılar ötən il Gürcüstan "Zestafoni”sini "Dalğa Arena”da qəbul etmişdisə, bu dəfə "Bakcell Arena”da oynayacaq.
"Neftçi”nin rəqibi Albaniyanın "Skenderbeu” klubu 1909-cu ilin aprelin 15-də Korçe kəndində yaradılıb. Klub evindəki matçları 12 min nəfərlik tamaşaçı tutumuna malik olan "Skenderbeu” stadionunda keçirir. Komanda Albaniyanın milli qəhrəmanı olan George Kastrioti Skanderbeqin şərəfinə belə adlanır. Alban təmsilçisinin əldə etdiyi uğurlara nəzər salsaq, klubun tarixində dörd dəfə - 1933, 2011, 2012, 2013-cü illərdə ölkə çempionatının qalibi olduğunu görərik. Lakin "Skenderbeu” ölkə kubokunda eyni uğuru əldə edə bilməyib. Belə ki, tarixində bircə dəfə də olsun bu kuboku qazana bilməyən "Skenderbeu” yalnız 1958, 1965 və 1976-ci illərdə bu turnirdə finala vəsiqə qazanmaqla kifayənlənib. Beynəlxalq turnirlərdə isə "Neftçi”nin rəqibi ÇL-in 2011/2012-ci və 2012/2013-cü illər mövsümündə yalnız ikinci təsnifat mərhələsinə qədər yüksəlməyi bacarıb.
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
"Şirak” (Ermənistan) - Tre Penne” (San-Marino)
"Lusitanos” (Andorra) - "Streymur” (Farer adaları)
II təsnifat mərhələsi
"NEFTÇİ” (AZƏRBAYCAN) - "Skenderbeu” (Albaniya)
"Styaua” (Rumıniya) - "Vardar” (Makedoniya)
"Viktoriya” (Çexiya) - "Jelezniçar” (Bosniya və Herseqovina)
"Şerif” (Moldova) - "Sutyeska” (Monteneqro)
"Birkirkara” (Malta) - "Maribor” (Sloveniya)
"Sliqo Rovers” (İrlandiya) - "Molde” (Norveç)
"Elfsborq” (İsveç) - "Dauqava” (Latviya)
HİK (Finlandiya) - "Nomme Kalyu” (Estoniya)
"Ekranas” (Litva) - "Hafnarfyordur” (İslandiya)
TNS (Uels) - "Legiya” (Polşa)
"Seltik” (Şotlandiya) - "Kliftonvill” (Şimali İrlandiya)
"Dinamo” (Xorvatiya) - "Fola” (Lüksemburq)
"Qyor” (Macarıstan) - "Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) - "Şaxtyor” (Qazaxıstan)
"Şirak” (Ermənistan)/Tre Penne” (San-Marino) - "Partizan” (Serbiya)
"Slovan” (Slovakiya) - "Ludoqorets” (Bolqarıstan)
"Dinamo” (Tiflis, Gürcüstan) - "Lusitanos” (Andorra)/”Streymur” (Farer adaları)