"Bavariya”nın hücumçusu Tomas Müller bu il "Qızıl top” mükafatını onun komandasının oyunçularından birinin almalı olduğunu deyib. Xatırladaq ki, Münhen klubu hazırkı mövsümdə üç dəfə fərqlənə bilər. Artıq Almaniya çempionu və Çempionlar Liqasının qalibi olan Müller və komanda yoldaşları ölkə kubokunu da qazanmağa yaxındırlar."Bizim oyunçulardan bəziləri, şübhəsiz, bu mükafata layiqdirlər. Əminəm ki, "Qızıl top” "Bavariya”nın üzvlərindən birinə qismət olacaq”, - deyə 23 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, son dörd ildə "Qızıl top” "Barselona”nın argentinalı hücumçusu Lionel Messiyə qismət olur. Bu mükafata sahib çıxan son almaniyalı futbolçu Mattias Zammerdir (1996-cı il). Həmin dövrdə Dortmund "Borussiya”sında çıxış edən Zammer indi "Bavariya”nın idman direktorudur.
Xatırladaq ki, İsveçrə yığmasının almaniyalı baş məşqçisi Ottmar Hitzfeld də Çempionlar Liqasının finalı ərəfəsində məhz "Bavariya” və Dortmund "Borussiya”sının oyunçularının "Qızıl top”a layiq olduqlarını vurğulamışdı. Wa.de saytı 64 yaşlı mütəxəssisin sözlərini belə təqdim etmişdi: "Bu il "Bavariya” və "Borussiya”nın oyunçularının "Qızıl top”un sahibinin seçilməsində şansları yüksək olacaq. Tomas Müller bu mövsüm heyrətamiz oynayır. Müller və Robert Levandovski gözəl oyun göstərirlər. Getze də artıq dünya səviyyəli oyunçudur. "Bavariya”ya transferi ona əlavə stimul verəcək”.