"Forbes” jurnalının versiyasına görə, "Real”ın və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo dünyanın ən çox
qazanan idmançılarının yeni reytinqində ilk onluğa daxil olub. 28 yaşlı portuqaliyalının ümumi illik gəliri 33,5 milyon avro təşkil edib (9-cu yer). Futbolçulardan ən yüksək mövqedə - 8-ci yerdə isə artıq karyerasını başa vuran ingilis Devid Bekhem (35,9 milyon avro) qərarlaşıb. Onluğu "Qızıl top”un 4 qat qalibi "Barselona”lı Lionel Messi qapayır (31,4 milyon avro). Reytinqə 59,5 milyon avro ilə qolfçu Tayger Vuds başçılıq edir. İlk üçlükdə həmçinin tennisçi Roje Federer (54,4 milyon avro) və basketbolçu Kobi Brayant (47,1 milyon avro) qərarlaşıblar.
Yeri gəlmişkən, "Real”ın prezidenti Florentino Perez daha uzun illər Ronaldonu "Kral klubu”nda görmək istədiyini deyib. "Marca” nəşri Madrid təmsilçisinin rəhbərinin sözlərini belə təqdim edib: "İmkan daxilində açıq danışmaq istəyirəm. Mən də, "Real”ın azarkeşləri də, Ronaldonun bizdə daha uzun müddət çıxış etməsini istəyirik. Hamı bir şeyi istəyirsə, həmin işin alınmaması mümkün deyil. "Real”da bunu istəyir, azarkeşlər də, mən də. Layihəmizi Ronaldonun ətrafında qururuq. Əvvəllər Di Stefano və Zidanla belə olub, indi isə Ronaldo ilə. Fikrimcə, Kriştianu klubun tarixində, şəxsiyyət olaraq, Di Stefano ilə bir tutula bilər”.