"Barselona”nın müdafiəçisi Daniel Alves Braziliya yığmasında yer alan Neymarın Katoloniya klubunda da uğurlu çıxış edəcəyinə şübhə etmədiyini bildirib: "Dünyanın ən yaxşı futbolçusu olmaq üçün, ilk növbədə, təvazökar olmaq lazımdır. Neymar belə xarakterə malikdir. Əminəm ki, gələcəkdə dünyanın ən yaxşı futbolçusu adı uğrunda mübarizədə Lionel Messi və Neymar arasında seçim etmək çox çətin olacaq. O, Messinin aldığı qədər "Qızıl top” qazanmağın yolunu bilir”.

"Bavariya”nın keçmiş baş məşqçisi Yupp Heynkesin fikrincə isə "Qızıl top”un növbəti sahibi Münhen klubunun oyunçularından biri olmalıdır. 68 yaşlı mütəxəssis müdafiəçi Filip Lam, yarımmüdafiəçilər Bastian Şvaynştayger, Frank Riberi və Tomas Müllerin adlarını çəkib: "Mükafatı bu futbolçulardan biri almalıdır. Mənə görə, məhz onlar əsas namizəddirlər”. Xatırladaq ki, "Bavariya” Heynkesin rəhbərliyilə 2012/13 mövsümündə iştirak etdiyi bütün turnirlərin qalibi olub. "Pivəçilər”in yarımmüdafiəçisi Tomas Müller isə, ilk növbədə, komanda titulları üçün mübarizə apardığını bəyan edib. O, "”Barselona”nın hücumçusu Lionel Messi ilə növbəti "Qızıl top” uğrunda mübarizə apara biləcəksənmi?” sualını cavablandırarkən belə deyib:
"Çempionlar Liqasında Messi ilə eyni sayda qol vurmağım hələ onun səviyyəsində oyunçu olmağım demək deyil. Mən çox sevinirəm ki, Çempionlar Liqasında qələbəyə kifayət edəcək xüsusiyyətlərə malikəm”.