Ali futbol qurumu "kürəni” izləmək üçün daha nə etmir?!
Futbol oyununda topun qapı xətini keçib-keçməməsini dəqiqləşdirmək üçün müxtəlif üsullara əl atılır. Şübhəsiz, bu problem ən çox FİFA-nı narahat edir və məhz buna görə də, beynəlxalq qurum yeni texnologiyalardan istifadə etmək barədə düşünür. FİFA buyaxınlarda yeni bir fikir irəli sürüb: ağ-qara rəngli toplar hazırlamaq. Beynəlxalq futbol qurumu hesab edir ki, topun hazırlanmasında daha çox qara rəngə üstünlük verilməlidir. Bu, topun ağ rəngdə olan qapı xəttindən seçilməsinə kömək edə bilər. Lakin FİFA-nın bu təklifi bir sıra ölkələrdə razılıqla qarşılanmayıb. Belə ki, bəzi aparıcı futbol dövlətləri problemin həllini özlərinin düşündükləri formada həyata keçirmək istəyirlər.
İngilislərin "qartal gözü”
İngiltərə Premyer Liqasının komandaları artıq bu problemin həlli ilə bağlı qərarlarını veriblər. Klubların buyaxınlarda keçirilən ümumi toplantısında İngiltərədə hazırlanan və "qartal gözü” ("Hawk-Eye”) adlandırılan yeni sistemdən istifadə etmək barədə qərar verilib. Növbəti mövsümdən yüksək divizionda mübarizə aparan klubların stadionları, o cümlədən "Uembli”də yüksək sürətə malik videokameralar yerləşdiriləcək. "Qartal gözü” adlandırılan həmin videokameralar oyun zamanı topun qapıdan keçib-keçmədiyini dəqiqləşdirəcək. Maraqlıdır ki, İngiltərə Futbol Assosiasiyası avqust ayında keçiriləcək oyunlarda da "Qartal gözü”ndən istifadə etməyi planlaşdırır.
FİFA-nı "silkələyən” iki qol
Futbolda yeni texnologiyadan istifadə olunması ilə bağlı məsələ uzun zamandır ki, müzakirə obyektinə çevrilib. Futbolda yeni texnologiyadan istifadə olunmasının tərəfdarları zaman-zaman çoxluq təşkil ediblər. Nəhayət, ingilislər ən böyük problemi həll edə biləcək yeni texnologiya - "Qartal gözü” icad etdiklərini bildirməsi dünya futbolunun diqqətini özünə çəkib. Maraqlıdır ki, mütəxəssislər "qartal gözü”nün təkcə futbolda deyil, digər idman yarışlarında da tətbiqini istəyirlər.
"Hawk-Eye” sisteminin hazırlanmasına keçmiş kriket ustası Pol Xaukinsin rəhbərlik etdiyi elmi qrupp tərəfindən 1999-cu ildə başlanılıb. Yeni sistemin texniki imkanları 2001-ci ildə İngiltərə və Pakistanın kriket yığmalarının qarşılaşmasında sınaqdan çıxarılıb. 2006-cı ildə isə "Hawk-Eye” peşəkar tennisdə tətbiq olunub. İngiltərə Futbol Assosiasiyası "Qartal gözü”nü hələ 2009-cu ildə kütləvi şəkildə istifadəyə verilməsinə səy göstərib. Lakin FİFA buna icazə verməyib. Beynəlxalq qurumun fikrincə, kriket və tennis yarışlarında fasilələr çox olur. Məhz buna görə də, bu növlərdə "Qartal gözü”ndən istifadə etmək mümkündür. Futbol isə dinamik bir idman növüdür və "Hawk-Eye”nin tətbiqi burada faydasız olar. FİFA prezidenti Yozef Blatter 2008-ci ilin mart ayında bəyan edib ki, futbolda texniki vasitələrdən istifadə olunması ilə bağlı məsələ gündəlikdən birdəfəlik çıxarılır. Lakin 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında baş verənlər Blatterin səhv etdiyini göstərib. DÇ-nin 1/8 final mərhələsinin qarşılaşmasında ingilis futbolçu Lempardın almanların qapısına vurduğu təmiz qol qarşılaşmanın uruqvaylı baş hakimi Larrionda tərəfindən qeydə alınmayıb. Həmin vaxt almanlar 2:1 hesabı ilə irəlidə idilər. Lempardın qolundan sonra hesab bərabərləşməli idi. Bundan sonra nə baş verəcəyini isə, heç kimi deyə bilməzdi. 2012-ci ildə isə Avropa çempionatında ingilislərin qapısına vurulan qol sayılmayıb. Qeyd olunan bu iki qol futbol dünyasında yeni qalmaqal yaradıb. Yozef Blatter və Qaydalar üzrə Beynəlxalq Şura (İFAB) topun qapıdan keçib-keçmədiyini dəqiqləşdirmək üçün texniki vasitələrdən istifadə etməyə icazə verdilər.
Şübhəli məqamları aradan qaldırmaq üçün təqdim edilən 4 sistem
Qeyd etdiyimiz kimi, İngiltərə yeni texnologiyadan 2013/2014-cü illər mövsümündə Premyer Liqada istifadə etmək niyyətindədir. Əgər bu plan baş tutarsa, Premyer Liqa, hakimə kömək etmək üçün texniki vasitələrdən yararlanan ilk milli çempionat olacaq. Lakin bu, ingilislərin istehsal etdikləri "Hawk-Eye” olmaya da bilər. Belə ki, FİFA qolun təyin edilməsi üçün hazırlanan 4 texniki sistemə lisenziya verib. Premyer Liqa məhz həmin sistemdən birini seçməlidir.
FİFA-nın lisenziyasını alan yeni texnoloji sistemlər aşağıdakılardır:
1. "Goalcontrol” ("Topa nəzarət”)
İstehsalçı: Almaniya
İş üslubu: yüksək keyfiyyətli 14 kamera stadionun örtüyünün altında (bütün perimetrlər üzrə) yerləşdirilir. Görüntülər 3D formatında kameralarda əks olunur. Oyun zamanı top qapı xəttini keçdiyi an hakim 1 saniyə ərzində "qol” sözü yazılmış siqnal alır. Həmin siqnal hakimin xüsusi qol saatına ötürülür.
"Goalcontrol”un üstün cəhətləri: topun trayektoriyasının 3D formatında stadionun tablosunda əks olunması, kameraların yüksək keyfiyyəti. "Goalcontrol” FİFA tərəfindən bu il Braziliyada keçirilən Konfederasiyalar kubokunun əsas texniki vasitəsi seçilib.
Çatışmayan cəhətləri: kameraların həddindən artıq bahalı olması və onun bəzi köhnə stadionlarda quraşdırıla bilməməsi. Mütəxəssislərin fikrincə, futbolçular qapıda topun görüntüsünə mane ola bilərlər. Bu zaman kameralar baş verənləri qeydə almayacaq.
2. "Hawk-Eye” ("Qartal gözü”)
İstehsalçı: Almaniya
İş üslubu: bu texnologiyanın iş üslubu "Goalcontrol”la eynidir. Lakin "Hawk-Eye” qapıların arxasında və cərimə xəttinin kənarında yerləşdirilir. Burada quraşdırılan 6 kamera stadionda baş verənləri (hər saniyədə 500 kadr) qeydə alır. Həmin kadrlar 0,5 saniyədən sonra mərkəzi kompyuterə (3D formatında) ötürülür. Topun toxunduğu yer yuxarıdan da çəkilir. Bütün bu proseslər topun qapı xəttindən keçib-keçmədiyini dəqiq göstərir. Kompyuterin qəbul etdiyi siqnal dərhal hakimin istifadə etdiyi qulaqcıqlara ötürülür.
"Hawk-Eye”nin üstün cəhətləri: məşhur brend olan "Qartal gözü” tennis yarışlarında tətbiq olunur. İngiltərə mətbuatının fikrincə, bu qurğu səsvermədə favorit sayılır.
Çatışmayan cəhətləri: "Hawk-Eye” çox bahalıdır. Köhnə stadionlar üçün yararlı deyil. Futbolçular topun qarşısını öz bədənləri ilə kəssələr, sistem işləməyə bilər.
3. "Goalref” ("Hakim-qol”)
İstehsalçı: Almaniya
İş üslubu: qapı dirəyində xüsusi ötürücülər yerləşdirilir və həmin ötürücülər qapı xəttində maqnit sahəsi yaradır. 3 ədəd kiçik ötürücünün yerləşdirildiyi top qapı xəttini keçdiyi an hakimin qol saatına siqnal daxil olur.
"Goalref”in üstün cəhətləri: bu qurğu, digərlərinə nisbətən çox ucuzdur və istənilən stadionda quraşdırıla bilər. Topun futbolçuların bədənləri ilə örtülməsi bu qurğunun işinə təsir etmir.
Çatışmayan cəhətləri: oyunun keçirilməsi üçün xüsusi ötürücüləri olan top tələb olunur. Dünyanın bir sıra ölkələrində belə toplardan istifadə edilib. Futbolçular bu cür topa alışa bilmədiklərini deyiblər.
4. "Cairos” ("Kairos”)
İstehsalçı: Almaniya
İş üslubu: "Goalref”də olduğu kimi, xüsusi ötürücüləri olan toplar tələb edir. Qapı xəttində və cərimə meydançasının xətlərində yerləşdirilən ötürücülər vasitəsilə siqnalları mərkəzi kompyuterə, oradan isə hakimə göndərilir.
"Cairos”un üstün cəhətləri: ucuz olan bu qurğudan hər bir stadionda istifadə etmək mümkündür. Topun qarşısının oyunçular tərəfindən kəsilməsi qurğunun səmərəsini azaltmır.
Çatışmayan cəhətləri: bu sistemi tətbiq etmək üçün xüsusi top olmalıdır.
"Yeni texnologiya 5 il ərzində UEFA-ya 54 milyon ziyan vura bilər”
Qeyd etdiyimiz kimi, yeni sistemin qiyməti çox bahadır. UEFA-nı narazı salan məhz məsələnin bu tərəfidir. Qurumun prezidenti Mişel Platininin fikrincə, yeni texnologiyaya xərclənən vəsaiti Avropada futbolun inkişafına sərf etmək olar. "Yeni texnologiya 5 il ərzində UEFA-ya 54 milyon ziyan vura bilər”, - deyə Platini bildirib. O, FİFA prezidenti Yozef Blatterin "bostanına daş atmaq”dan da çəkinməyib: "Düşünürəm ki, insan öz populyarlığı üçün axına qarşı hərəkət etməməlidir. Buna yol vermək olmaz. Topun qapıdan keçib-keçmədiyini təyin edəcək texnologiya məndə şübhələr yaradır. Qorxuram ki, yeni sistemin qurulması xeyli vaxt aparsın. Bu isə, futbola ziyan gətirə bilər. Digər təhlükə isə, bundan ibarətdir ki, futbolda bir qaydaya təminat verən qarantı kimi çıxış edən FİFA iki istiqamətdə iş apara bilməz. Eyni vaxtda futbolun təbliğatını aparmaq, onun vacibliyinin təbliği ilə məşğul olmaq, həmçinin yeni texnoloji sistemin tətbiqinə vaxt ayırmaq mümkün deyil. Qeyd olunan sistemi yalnız Avropanın aparıcı çempionatlarında tətbiq etmək mümkündür. Buna görə də mən 1998-ci ildə Yozef Blatterlə birlikdə irəli sürdüyümüz "futbol hamı üçün, hər şey futbol üçün” prinsipinə sadiqəm”.
"Qartal gözü” Braziliyada olmayacaq
Hamı elə düşünürdü ki, FİFA 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında "Hawk-Eye” sisteminə üstünlük verəcək. Lakin gözlənilənlər özünü doğrultmadı. Belə ki, beynəlxalq futbol qurumu Almaniya istehsalı olan "Goal control” ("Topa nəzarət”) sisteminə üstünlük veriləcəyini açıqlayıb. Bu, futbl üzrə dünya çempionatında tətbiq edilən ilk texnoloji sistem olacaq. Xatırladaq ki, "Hawk-Eye” və "Goal-ref” ötən il Yaponiyada keçirilən klublararası dünya çempionatında sınaqdan çıxarılıb. FİFA-nın son qərarı ("Goal control”a üstünlük verməsi) "Hawk-Eye”ni kəşf edən şirkəti məyus edib. "İdman bizə çox şey öyrədib, o cümlədən məğlubiyyəti qururla qəbul etməyə də hazırıq. Əminəm ki, nə zamansa FİFA bizim sistemə üstünlük verəcək”, - deyə istehsalçı şirkətin müraciətində bildirilir.
Düzdür, FİFA qolun qapıdan keçib-keçməməsi ilə bağlı yaranan mübahisəli məqamları texnoloji vasitələrlə həll etmək barədə qərar verib. Bununla belə, futbol dünyasını narahat edən məsələ yenə də gündəlikdə qalmaqdadır: "Görəsən, yeni texnologiya futbolun ən böyük probleminin üstündən xətt çəkə biləcəkmi?”
Hürrü Abdullayev,
Rahib Səmədov