UEFA Türkiyə klublarını avrokuboklardan kənarlaşdırdı

UEFA Türkiyə klublarını avrokuboklardan kənarlaşdırdı

Bir müddət əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra "Fənərbağça” və "Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi.
UEFA Nizam-İntizam Komitəsi bu həftə "Beşiktaş”la bağlı son qərarını verib. Ali futbol qurumu İstanbul təmsilçisini 1 il müddətinə avrokubok oyunlarından uzaqlaşdırıb. Nizam-İntizam Komitəsi "Beşiktaş”ın danışılmış oyunlarda adı çəkilən keçmiş vitse-prezidenti, hazırda "Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalıya və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçuya cəza verməyib. Lakin hər iki şəxs üçün əlavə hesabat istənilib.
Bununla bağlı "qara qartallar” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəklər. CAS etirazları araşdırdıqdan sonra ən geci iyulun 15-nə qədər qərar verəcək.
UEFA Nizam-İntizam Komitəsi "Beşiktaş”ın ardından "Fənərbağça” haqqında sərt qərar çıxarıb. Qitə futbol qurumu İstanbulun digər klubunu da avrokuboklardan uzaqlaşdırıb. Belə ki, Nizam-İntizam Komitəsi "Fənərbağça”nı bu oyunlardan daha çox - "2+1” sxemi ilə kənarlaşdırıb. Bununla bağlı "sarı lacıvərdlilər” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəklər.
UEFA Türkiyə klublarından fərqli olaraq, Rumıniyanın "Styaua” klubuna heç bir cəza verməyib. Lakin UEFA bu klubu 5 il nəzarət altında saxlayacaq.