İker Kasilyas: “Mən ağlayırdım, əzab çəkirdim, gecələr yatmırdım”

İker Kasilyas: “Mən ağlayırdım, əzab çəkirdim, gecələr yatmırdım”

İspaniya yığmasının və Madridin "Real” klubunun kapitanı İker Kasilyas "kral klubu”nda başına gələnlər barədə danışıb. Məlum olub ki, klubun baş məşqçisi Joze Mourinyo "Real”ın kapitanını ağlamaq həddinə belə çatdırıb.
Təcrübəli qapıçının sözlərinə görə, Mourinyonun onu bir müddət ehtiyat oyunçular skamyasında oturtması Kasilyasın psixoloji durumuna çox mənfi təsir göstərib.
"Mourinyo məni ehtiyat oyunçular skamyasında oturdanda mən yalnız komanda haqqında fikirləşirdim. Düşünürdüm ki, "Real”a necə kömək edim. Mən ağlayırdım, əzab çəkirdim, gecələr yatmırdım. Çünki mən iliyimə qədər madridliyəm. Mənim üçün klub həmişə birinci yerdədir. Mənim üçün əvvəlcə "Real” gəlir, sonra isə məşqçilər, prezidentlər, direktorlar və hətta özüm belə”, - deyə İker Kasilyas FİFA-nın rəsmi saytına müsahibəsində bildirib.
Kasilyas onu da bildirib ki, baş verənlər onu Madrid klubundan getməyə də vadar edib. Karyerasını öz klubunda başa vurmaq istədiyini deyən Kasilyas: "Mən karyeramı Madrid klubunda başa vurmaq istəyirdim. Amma nə edəsən ki, baş məşqçi səni heç saymır və görmək istəmir. Lakin həmişə öz-özümə təkrar edirdim: "”Real” mənim hər şeyimdir. Bu klub mənə istədiyim hər şeyi verib. Bu gün mən məhz bu klubun sayəsində yığmanın formasını geyinirəm”, - söyləyib.