İyulun 2-də Bakıda hərbçilər arasında futbol üzrə I Dünya Kuboku yarışına start verildi. Olimpnews.az-ın məlumatına görə, «Dalğa Arena» stadionunda keçirilən yarışın ilk oyun günündə Azərbaycan və Mali komandaları münasibətlərinə aydınlıq gətirdi. A qrupunda yer alan komandaların oyununda millimiz rəqibi üzərində böyük hesablı qələbə qazandı - 4:0.Oyunun birinci hissəsində Elvin Məmmədov və Cavid Hüseynov Mali komandasını oyuna mərkəzdən başlamağa məcbur etdilər. İkinci hissəyə də fəal başlayan hərbçilərimiz Ruslan Qurbanovun zərbəsi ilə hesabı bir qədər də möhkəmləndirdi. Oyunda son qolu isə Elnur Abdulov vurdu - 4:0.
Qeyd edək ki, turnirə qələbə ilə başlayan komandamızın növbəti oyunu iyulun 5-də Kanada kollektivinə qarşı olacaq.