Basketbol komandamız Riqada gümüş medala sahib çıxıb

Basketbol komandamız Riqada gümüş medala sahib çıxıb

"Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə basketbol 3x3 üzrə dünya turunda mübarizəni davam etdirir. Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayan komandanın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular çıxış edirlər. Komandamız İsveçrədəki qələbədən sonra avqustun 8-9-da Riqada keçirilən "Ghetto Basket. Rīga #13. Quest Stop” turnirində qüvvələrini sınayıblar.
Basketbolçularımız çıxış etdikləri B qrupunda bütün rəqiblərinə qalib gəliblər. Belə ki, "Zirvə-Astara” turnirdə "Bauerfeynd” (11:8), "Kravçik” (11:10), "Probesketball.eu” (12:7), "Qarkalnes Runçi” (11:10) və "Lidinqö Siti” (11:7) komandalarını məğlubiyyətə uğradaraq qrupu birinci pillədə başa vurub. Basketbolçularımız dörddəbir finalda "Bankieri” komandasını (11:5), yarımfinalda isə "MİLF” kollektivini (11:10) məğlub edərək finala vəsiqə qazanıblar. Lakin "Zirvə-Astara” həlledici qarşılaşmada "Lidinqö Siti” komandası ilə görüşdə 13:15 hesabı ilə uduzub və gümüş medalla kifayətlənməli olub.
Komandanın üzvü Anar Hacıyev üçlük yarışında qalib adını qazanıb.