Yığmamız 1 pillə irəlilədi

Yığmamız 1 pillə irəlilədi

FİFA milli komandaların iyul ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2013-cü ildə açıqlanan yeddinci cədvələ əsasən, turnir cədvəlinin ilk 2 pilləsində dəyişiklik olmayıb.
Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1532 xal var. 2-ci pillədə 4 dəfə dünya çempionu, ən titullu yığma olan Almaniya yığması qərarlaşıb. Almanlar liderdən nə az, nə də çox, düz 259 xal geri qalırlar (1273 xal). İlk "üçlüy”ü 4 pillə irəliləyən Kolumbiya millisi qapayır. Kolumbiyalıların aktivində 1206 xal var.
İlk "onluq”da 1 pillə geriləyən Argentina (1204 xal), Hollandiya (1180 xal), 2 pillə irəliləyən İtaliya (1142 xal), Portuqaliya (1099 xal), 4 pillə geriləyən Xorvatiya (1098 xal), 13 pillə irəliləyən Braziliya (1095 xal) və 2 pillə geriləyən Belçika (1079 xal) komandaları yer alıblar. 5 qat dünya çempionu Braziliya milli komandasının ötən ay Konfederasiyalar kubokunun qalibi olması onların reytinqinə müsbət təsir edib.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə, 1 pillə irəliləyərək, 117-ci pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 298 xal var. Qeyd edək ki, milli komandamız bu müddət ərzində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 1 oyun keçirib. Lüksemburq yığması ilə evdə qarşılaşan komandamız qollu heç-heçə ilə (1:1) kifayətlənib. Ancaq göründüyü kimi, bu uğursuz nəticə bizi geriyə yox, əksinə, irəli salıb. Yığmamız UEFA-nın reytinq cədvəlində 43-cü yerdədir.
DÇ-2014-ün seçmə mərhələsində yığma komandamızın da yer aldığı F qrupunun favoriti Portuqaliya millisi, bayaq dediyimiz kimi, 1 pillə geriləyib. Priney təmsilçisi 1099 xalla 7-ci yerdədir. Rusiya yığması da mövqeyini qoruya bilməyənlər siyahısındadır. Qonşu ölkə təmsilçisi 6 pillə geriləyərək, 979 xalla 17-ci yerdə qərarlaşıb.
Digər rəqibimiz İsrail yığması 2 pillə geriləməyi ilə diqqəti çəkib. İsraillilər 540 xalla 64-cü yerdədirlər. Şimali İrlandiya yığması rəqiblərimizdən fərqli olaraq, irəliləyənlər sırasındadır. Böyük Britaniya təmsilçisi 5 pillə irəliləyərək, 307 xalla 111-ci yerdədir. Lüksemburq millisi səfərdə qazandığı 1 xaldan daha çox fayda görüb - 4 pillə irəliləyib. Buna baxmayaraq, "cırtdanlar” qrupun reytinqdəki autsayderidir. Ötən ayla müqayisədə, 4 pillə irəliləyən Lüksemburq 210 xalla siyahıda 141-ci olub. Türkiyə millisi də reytinq siyahısında geriləyənlər siyahısındadır. Qardaş ölkənin təmsilçisi 3 pillə geriləyərək, 573 xalla 57-ci yerdə qərarlaşıb.
Millimizin avqustda Bakıda yoldaşlıq görüşü keçirəcəyi Malta ən çox irəliləyən yığmalardan olub. Belə ki, rəqibimiz Ermənistan millisini səfərdə rəsmi oyunda 1:0 hesabı ilə məğlub etməsi nəticəsində 23 pillə irəliləyib. 236 xalı olan maltalılar 133-cü pillədədir.
Qeyd edək ki, növbəti reytinq cədvəli avqustun 8-də açıqlanacaq.

1 (1). İspaniya 1532
2 (2). Almaniya 1273
3 (7). Kolumbiya 1206
4 (3). Argentina 1204
5 (5). Hollandiya 1180
6 (8). İtaliya 1142
7 (6). Portuqaliya 1099
8 (4). Xorvatiya 1098
9 (22). Braziliya 1095
10 (12). Belçika 1079
11 (16). Yunanıstan 1038
12 (19). Uruqvay 1016
13 (13). Kot-D İvuar 1009
14 (15). Bosniya və Hers. 995
15 (9). İngiltərə 994
16 (14). İsveçrə 987
17 (11). Rusiya 979
18 (10). Ekvador 932
19 (30). Peru 898
20 (17). Meksika 880
...64 (62). İsrail 540
...111 (116). Şimali İrlandiya 307
...117 (118). AZƏRBAYCAN 298
...141 (145). Lüksemburq 210